Nexta
Son günlər Mərakeşdən minlərlə miqrant Şimali Afrikadakı İspaniya anklavı Seutaya keçib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində dəniz və quru yolu ilə təxminən 49 min miqrant Mərakeşdən Seutaya daxil olub.
İspaniyanın dövlət televiziyası RTVE isə iyulun 30-da ilkin olaraq Seutaya 2-3 min nəfərin keçdiyini bildirmişdi. Sonrakı hesablamalarda keçidlərin sayının daha yüksək olduğu açıqlanıb.
Seuta və Şimali Afrikada yerləşən digər İspaniya şəhəri Melilya Avropa İttifaqının Afrika ilə yeganə quru sərhədini təşkil edir. Hər iki şəhərdə Avropaya keçməyə çalışan miqrantların sərhədi aşmaq cəhdləri vaxtaşırı kəskinləşir.
Sosial şəbəkələrdə yayılan videolarda yüzlərlə miqrantın üzgüçülük halqaları ilə dənizi keçdiyi, digərlərinin isə quru sərhədindəki keçid məntəqələrindən Seutaya daxil olduğu əks olunub.
Seutanın meri Xuan Xesus Vivas bildirib ki, miqrant axınının kəskin artması şəhərin qəbul mərkəzlərinin imkanlarını tükəndirib. Nəticədə yüzlərlə miqrant gecəni açıq havada keçirməli olub.
"Biz tammiqyaslı humanitar və sosial fövqəladə vəziyyətlə üz-üzəyik", - deyə mer bildirib.
X.Vivas vəziyyəti milli səviyyəli fövqəladə hal kimi qiymətləndirərək vahid koordinasiya altında "qətiyyətli, təcili və əlaqələndirilmiş" tədbirlərin görülməsinə çağırıb.
Onun sözlərinə görə, hazırda Seutaya hər gün orta hesabla 300 miqrant gəlir. Bu tendensiya davam edərsə, şəhər 2021-ci ilin mayında yaşanan miqrasiya böhranına bənzər vəziyyətlə üzləşə bilər. Həmin vaxt cəmi bir neçə gün ərzində təxminən 10 min nəfər anklava daxil olmuşdu.
Mer sərhədi keçməyə çalışan miqrantlar arasında ölüm hallarının artdığını da vurğulayıb. Onun sözlərinə görə, son aylarda dənizdə 60 nəfərin meyiti aşkarlanıb. X.Vivas hesab edir ki, miqrasiya nəzarətinin gücləndirilməsi gələcəkdə insan itkilərinin qarşısını almağa kömək edə bilər.
İspaniyanın baş naziri Pedro Sançes hökumətin Seutadakı vəziyyətə operativ reaksiya vermək üçün bütün zəruri resursları səfərbər etdiyini bildirib. Daxili İşlər Nazirliyi isə şəhərdə təhlükəsizliyin gücləndirilməsi məqsədilə Seutaya əlavə hərbçilərin göndərildiyini açıqlayıb.
Seuta hakimiyyəti miqrant axınının kəskin artmasını digər amillərlə yanaşı, İspaniya Ali Məhkəməsinin iyulun 8-də qəbul etdiyi qərarla da əlaqələndirir. Həmin qərara əsasən, dənizdə saxlanılan və Seutaya üzərək çatmağa çalışan miqrantlar sərhəddən dərhal geri qaytarıla bilməz. Belə şəxslər barəsində İspaniyanın miqrasiya qanunvericiliyində nəzərdə tutulan adi geri qaytarma proseduru tətbiq edilməlidir.
Seuta və Melilya üzərindən keçən marşrut Afrikadan Qərbi Avropaya aparan əsas miqrasiya yollarından biri hesab olunur. Mərakeş isə çoxsaylı miqrant üçün Avropaya gedən yolda əsas tranzit ölkələrdən biridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp: “ABŞ-nin Ukraynaya ‘Patriot’ raketlərinin istehsalına lisenziya verəcəyinə hələ əmin deyiləm”
White House
sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu