Dünya

Rusiyaya qarşı 20-ci sanksiya paketi: Siyahıda "Yelo Bank", Timati, Çudinov da var..

24 Aprel, 2026
458

Toplum TV

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya tətbiq etdiyi 20-ci sanksiya paketinin məzmununu açıqlayıb.

Aİ-nin yaydığı məlumatda qeyd olunur ki, yeni məhdudiyyətlər, əsasən, sanksiyalardan yayınma hallarına qarşı mübarizəyə yönəlib və xüsusilə enerji sektorunu hədəf alır. Paket əlavə olaraq kriptovalyutalar daxil olmaqla maliyyə xidmətləri, ticarət və media sahələrini əhatə edir.

Sanksiya siyahısına 33 fiziki və 83 hüquqi şəxs daxil edilib. Onların Aİ ölkələrindəki aktivləri dondurulur, maliyyə və iqtisadi resurslardan istifadələri qadağan olunur. Fiziki şəxslərə, həmçinin, səyahət məhdudiyyətləri tətbiq edilir. Sənəddə qeyd olunur ki, sanksiyalar oliqarxları, Ukraynadan uşaqların oğurlanmasında iştirak edən şəxsləri, Rusiya rejiminin təbliğatçılarını və mədəni irsin talan edilməsinə görə məsul olanları da əhatə edir.

Enerji sektoru üzrə məhdudiyyətlər çərçivəsində Rusiyada geoloji kəşfiyyat və emal fəaliyyəti ilə məşğul olan 36 şirkət siyahıya salınıb. Onların arasında “Başneft”, “Slavneft” və bu şirkətlərin tabeliyindəki müəssisələri var. Bundan əlavə, daha öncə sanksiyalar tətbiq olunan “Rosneft”, “LUKOYL”, “ForteInvest” kimi iri şirkətlərə məxsus 12 neft emalı zavodu da sanksiyalara məruz qalıb. “Qazpromneft Marin Bunker”, “Rosnefteflot” və “LUKOIL-Nijnevoljskneft” də məhdudiyyətlərə daxil edilib.

Aİ məhdudiyyətləri Belarusun əsas neft məhsulları ixracatçısı olan “Belarus Neft Şirkəti”nə də şamil edib. Eyni zamanda, Avropa şirkətlərinə Rusiyanın tanker və buzqıran gəmilərinə texniki xidmət göstərmək qadağan olunub. Rusiyaya mayeləşdirilmiş təbii qaz terminalları üzrə xidmətlərin göstərilməsi də dayandırılır ki, bu da mövcud uzunmüddətli müqavilələrin ləğvinə imkan yaradır.

Sanksiya siyahısına “Kalaşnikov” konserninin baş konstruktoru Vladimir Lepin və “Şahed” tipli pilotsuz aparatların istehsal olunduğu “Alabuqa” xüsusi iqtisadi zonasının rəhbəri Timur Şaqivaleyev də daxil edilib. Həmçinin, “Arxangel-Center” və “Vremya-Ç” şirkətləri, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan bir sıra müəssisələrə qarşı da məhdudiyyətlər tətbiq olunub.

Yeni paket 20 Rusiya bankı ilə əməliyyatların qadağan edilməsini nəzərdə tutur. Humanitar əməliyyatlar istisna olmaqla, bu banklar Aİ-nin maliyyə bazarına çıxışdan məhrum edilir. Beləliklə, Aİ tərəfindən sanksiyaya məruz qalan Rusiya banklarının sayı 70-ə çatır. Siyahıya “BKS-bank” və "WB Bank" da daxildir.

Aİ, həmçinin, Qırğızıstan, Laos və Azərbaycanda fəaliyyət göstərən dörd bankla əməliyyatları da qadağan edib. Bildirilir ki, bu banklar Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir və onun maliyyə mesajlaşma sisteminə qoşulublar. Siyahıya Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" daxil edilib. Bankın Aİ yurisdiksiyasındakı aktivləri dondurulur və Avropa şirkətləri ilə əməliyyat aparması qadağan edilir.

Məlumata görə, Yelo Bank vaxtilə Rusiyanın “LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən təsis edilib və “Nikoil Bank” adı ilə fəaliyyət göstərib. Ukraynaya qarşı müharibədən sonra Ələkbərovun sanksiya siyahısına düşməsi fonunda bankın adı və səhmdarları dəyişdirilib.

Yeni sanksiyalar Rusiyaya 365 milyon avrodan çox dəyərində ixrac qadağalarını da əhatə edir. Bu məhdudiyyətlər rezin məmulatları, traktorlar və hərbi məqsədlər üçün istifadə oluna biləcək məhsulları əhatə edir. Eyni zamanda, Rusiyadan 530 milyon avrodan artıq dəyərdə metal, kimyəvi maddə və mineral idxalı da qadağan olunub. Siyahıya platin, mis, nikel tullantıları, molibden və alüminium tozları daxildir.

Bundan əlavə, almazların mənşəyinə nəzarət gücləndirilib. Aİ şirkətlərindən almazların Rusiyada hasil olunmadığını və emal edilmədiyini təsdiqləyən sənəd tələb olunacaq.

Avropa Komissiyası Qırğızıstana münasibətdə xüsusi nəzarət mexanizmi tətbiq etdiyini də açıqlayıb.

Sanksiya paketinə Rusiyanın mədəniyyət və elm sahəsində fəaliyyət göstərən bir sıra şəxslər də daxil edilib. Onların arasında Dövlət Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Rusiyanın mədəniyyət nazirinin birinci müavini Sergey Obrıvalin, Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun direktoru Andrey Polyakov və Mariupol Dram Teatrının direktoru İqor Solonin yer alır.

Həmçinin, müğənni Timur Yunusov (Timati) və boksçu Fyodor Çudinov da sanksiyalara məruz qalan şəxslər sırasındadır


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo