Dünya

Tramp İrana hücumların bir aya qədər davam edəcəyini deyir

2 Mart, 2026
128

Foto: Reuters

İran ali lideri Seyid Əli Xameneinin öldürülməsindən sonra da ABŞ və İsrailin bu ölkəyə hücumları davam edir. 

ABŞ prezidenti Donald Tramp martın 1-də "The Daily Mail" nəşrinə açıqlamasında deyib ki, İran böyük ölkədir və buna görə də hərbi əməliyyatlar bir aya qədər, bəlkə daha az zaman ala bilər". 

Tramp "Truth Social" platformasında etdiyi videomüraciətdə isə deyib ki, “bütün məqsədlərimiz həyata keçirilənədək” əməliyyatlar davam edəcək. 

"İranın uzaqmənzilli raketlərə və nüvə silahına malik olması hər bir amerikalı üçün ciddi təhlükə olardı… Mən bir daha İnqilab Keşikçilərinə [SEPAH - red.] və İranın hərbi polis qüvvələrinə silahlarını yerə qoymağa və tam toxunulmazlıq almağa çağırıram, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz", - o xəbərdarlıq edib. 

İran hakimiyyəti isə təslim olmaq fikrində deyil. Xameneinin ölümündən dərhal sonra İranda ölkəyə rəhbərlik etmək üçün müvəqqəti şura təsis olunub. Şura prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və ali liderin müşaviri Məhəmməd Möxbərdən ibarətdir. Yeni ali liderin seçiminin isə bir neçə gün ərzində baş tutacağı gözlənilir. 

SEPAH Xameneinin ölümünə cavab olaraq ölkə tarixinin “ən sarsıdıcı hücumu”nu edəcəyini, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına və İsrailə zərbə endirəcəyini bildirib. Gün ərzində ABŞ-yə məxsus obyektlərə, o cümlədən ABŞ-nin müttəfiqi olan ölkələrin ərazilərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar edilib. Bu ölkələr sırasında İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya var. 

ABŞ Mərkəzi Komandanlığı martın 1-də bildirib ki, hərbi əməliyyatlar çərçivəsində üç ABŞ hərbçisi həlak olub. Bu, ABŞ-nin fevralın 28-də İrana qarşı zərbələr endirməyə başlamasından bəri təsdiqlənən ilk ABŞ itkiləridir. Tramp isə "Truth Social"da yayımladığı müraciətdə daha çox itkilərin ola biləcəyi barədə xəbərdarlıq edib.

İran Qırmızı Aypara Cəmiyyəti və dövlətə bağlı rəsmi media qurumları xilasetmə əməliyyatlarının davam etdiyi vaxt, ilkin məlumatlara əsasən, 201 nəfərin öldüyünü və azı 747 nəfərin yaralandığını bildirib. İsraildə isə ən az 9 nəfərin öldüyü bildirilir. 

İsrail ordusu martın 1-i səhər saatlarında bildirib ki, Livan ərazisində yerləşən "Hizbullah" mövqelərinə zərbələr endirir. Bu, "Hizbullah"ın İsrailə zərbələr endirməsi ilə əsaslandırılıb. 

Uzun müddətdir Tehranın Yaxın Şərqdə əsas müttəfiqlərindən biri olan "Hizbullah" bildirib ki, hücum İsrailin Xameneini öldürməsinə və Livana qarşı davam edən atəşkəs pozuntularına cavab olaraq həyata keçirilib.

Fevralın 28-i səhər saatlarından ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb. Hücum nəticəsində İranın ali lideri, Baş Qərargah rəisi və müdafiə naziri də daxil olmaqla bir sıra rəsmi şəxslər öldürülüb. 

Tramp hücumların başladığını xəbər verdiyi çıxışında iranlıları "iş bitdikdən sonra" hakimiyyəti ələ keçirməyə çağırmışdı. 

İran və ABŞ uzun müddətdir İranın nüvə proqramı üzrə danışıqlar aparırdı. ABŞ İrandan nüvə sənayesini tamamilə sıradan çıxarmağı tələb edirdi. İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını və nüvə proqramının mülki məqsədlər üçün nəzərdə tutulduğunu deyirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”

5 Oktyabr 2026

açıq mənbə

Rusiya ordusu Qara dənizin neytral sularında qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Bunu oktyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski "X” hesabında yazıb. Onun sözlərinə görə, Türkiyəyə məxsus olan hücum nəticəsində gəminin kapitanı ölüb. Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib. “Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrin də bununla bağlı təklifləri olub. Amma Rusiya normal dəniz gəmiçiliyi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır. Buna həqiqətən maraq göstərən hər kəs də yardım etməlidir”, - Zelenski...
Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...

Seçilmiş Videolar

Toplum TV loqo