Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib
RIA Novosti
Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda üç saatlıq görüş keçirib.
Uitkoff Osloda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa tərəfdaşları ilə apardığı danışıqlarda müzakirə olunan təklifləri Putinə çatdırıb. O, ABŞ, Rusiya və Ukrayna arasında sülh nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsini təklif edib.
Ağ Evin xüsusi nümayəndəsi həmçinin dizel yanacağı ilə bağlı razılaşmaya və ABŞ vətəndaşı Stiv Habbardın azad edilməsinə görə Moskvaya təşəkkür edib.
Stiv Habbard 2022-ci ildən Rusiyanın nəzarətində olan ərazidə saxlanılan 74 yaşlı, təqaüddə olan amerikalı müəllimdir. Rusiya onu Ukrayna tərəfində muzdlu döyüşməkdə ittiham edərək 2024-cü ildə 6 il 10 aya yaxın həbs cəzasına məhkum etmişdi, özü və yaxınları ittihamı rədd edirdi.
Uitkoff müharibədən sonra Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq üçün perspektivlərin olduğunu da bildirib.
Görüşdən sonra Putinin müşaviri Yuri Uşakov deyib ki, Rusiya noyabrın ilk ongünlüyündə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə “ümumilikdə hazırdır”.
Onun sözlərinə görə, Uitkoffun təqdim etdiyi, Kiyev və Avropa İttifaqının yanaşmalarını əks etdirən yeni təkliflərdə nizamlanma üçün “o qədər də çox faydalı məqam yoxdur”.
Uşakov əlavə edib ki, Putin Ağ Evə ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə Çində görüş keçirməyi təklif edib. Kreml rəsmisinin sözlərinə görə, Çin tərəfi ABŞ, Rusiya və Çin arasında mümkün üçtərəfli görüşə hazırlaşır; şərait əlverişli olarsa, danışıqlar proqramına daxil edilə bilər.
Stiv Uitkoff daha sonra “X” platformasında Oslo və Sankt-Peterburqdakı görüşlərin “konstruktiv” keçdiyini yazıb. O bildirib ki, müzakirələr ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar formatında davam etdiriləcək.
Uşakov daha əvvəl demişdi ki, Rusiya nümayəndə heyətinin tərkibini Putin müəyyənləşdirəcək. Nümayəndə heyətinə hərbçilərin və Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin də daxil edilə biləcəyi bildirilir.
Uitkoff Sankt-Peterburqa Oslodan gəlib. O, bir gün əvvəl Zelenski və Avropa tərəfdaşları ilə danışıqlar aparıb. Finlandiya prezidenti Aleksandr Stubb görüşdən sonra deyib ki, sülh nizamlanmasına dair “bəzi elementlər” razılaşdırılıb və onlar Sankt-Peterburqda təqdim ediləcək.
Zelenski isə ABŞ-yə kəşfiyyat məlumatlarının paylaşılmasını və Rusiyanın ballistik zərbələri barədə əvvəlcədən xəbərdarlıq etməsini bərpa etdiyinə görə təşəkkür edib. O bildirib ki, Ukrayna müharibədə məğlub olmur, lakin insan itkiləri verir və buna görə də sülhə aparan yollar axtarır.
ABŞ, Rusiya və Çin liderlərinin Ukrayna barədə ayrıca danışıqlar apara biləcəyi ilə bağlı xəbərləri şərh edən Zelenski vurğulayıb ki, Ukraynanın gələcəyi müzakirə edilirsə, Kiyev danışıqlar masasında olmalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
NYT: “ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır”
sosial media
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”