Dünya

Trampın kürəkəninin Azərbaycan vasitəsilə yüz milyonlarla dollar aldığı iddia olunur

23 Oktyabr, 2026
15

açıq mənbə

ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentlik dövründə baş müşaviri olmuş Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank hesabına çıxışı olduğu, həmin hesaba isə Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar köçürüldüyü iddia olunur.
Bu iddia araşdırmaçı jurnalist Metyu Koulun hələ satışa çıxmamış “Şahzadələr və oğrular” adlı kitabında yer alıb. Kitabdan Kuşnerlə bağlı hissəni “Vanity Fair” jurnalı oktyabrın 22-də dərc edib.

Koulun yazdığına görə, Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti Kuşnerin telefonunu izləyərkən onun Dubayda yerləşən bank hesabına daxil olduğunu müəyyən edib. Müəllifin diqqətini çəkən əsas məqam isə hesabdakı yüz milyonlarla dolların Azərbaycandakı bankdan köçürülməsi olub.
Müəllif iddia edir ki, 2020-ci ilin yazında etibarlı hesab etdiyi mənbə ona Niderland hökumətinin Kuşnerin telefonundan əldə edilən məlumatlar barədə danışıb. Mənbənin sözlərinə görə, kəşfiyyat əməkdaşları Kuşnerin BƏƏ-dəki hesaba girişini izləyib və həmin hesabdan müxtəlif şəxslərə iri məbləğdə köçürmələr edildiyini müşahidə ediblər.

Koul yazır ki, köçürmə alanlar arasında muzdlu döyüşçü, hərbi qruplaşma rəhbəri və keçmiş muzdlu qatil kimi xarakterizə olunan şəxslər də olub. Bununla belə, dərc olunan materialda həmin şəxslərin kimliyi, köçürülən məbləğlər və vəsaitlərin konkret təyinatı tam açıqlanmır.

Müəllif altı ay sonra BƏƏ hakimiyyətinin Yaxın Şərq və Afrikadakı münaqişələrdə muzdlu döyüşçülərdən istifadə etməsi barədə başqa mənbə ilə danışarkən Kuşnerin BƏƏ-dəki hesabından həyata keçirilən köçürmələr barədə soruşduğunu da yazır. Həmin şəxsin bu barədə məlumatlı olduğunu bildirdiyi qeyd olunur.
Koulun araşdırmasına əsasən, Niderland kəşfiyyatı 2017-ci ilin sonlarında Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) istifadə etdiyi serverdən Kuşnerin telefonundakı məlumatlara çıxış əldə edib. Daha sonra Niderland kəşfiyyatının onun telefon ekranında görünən məlumatları izlədiyi bildirilir.

Məqalədə sözügedən hesabın BƏƏ-nin ən böyük bankı olan “First Abu Dhabi Bank”da yerləşdiyi və BƏƏ hökuməti ilə əlaqəli xeyriyyə fondu tərəfindən idarə olunduğu yazılır. Koulun iddiasına görə, Kuşner hesabın sahibi olmayıb, lakin onun üzrə imza səlahiyyətinə malik olub və nəzəri olaraq əməliyyatlar apara bilib.
Müəllif hesab edir ki, bu vəsait Tramp administrasiyasının Yaxın Şərq siyasəti ilə bağlı qeyri-rəsmi təşəbbüsləri üçün nəzərdə tutulub. Koulun yazdığına görə, BƏƏ və Səudiyyə Ərəbistanı rəsmilərinin Kuşnerin çıxışı olan hesablara ümumilikdə milyardlarla dollar yönəltdiyi iddia edilir.

Məqalədə Azərbaycandakı bankın adı çəkilmir. Koul həmin bankın BƏƏ və ya Səudiyyə Ərəbistanından gələn vəsaitin dollara çevrilərək son ünvanına köçürülməsində vasitəçi rol oynadığını yazır. Müəllifin iddiasına görə, bu üsul vəsaitin əsl mənbəyinin aşkar olunmasını çətinləşdirə bilər.

Araşdırmada İsraildə yerləşdiyi bildirilən ikinci hesabdan da bəhs olunur. Koulun yazdığına görə, BƏƏ rəsmiləri bu hesaba da təxminən 1 milyard dollar köçürüb. Müəllif həmin vəsaitin Kuşnerin şəxsi faydası üçün nəzərdə tutulduğunu iddia edir. Lakin bu hesabla bağlı Niderland kəşfiyyatının məlumatlı olub-olmadığı aydın deyil.

Cared Kuşner iddiaları qəti şəkildə təkzib edib. O, yayılan məlumatları “tamamilə ağlasığmaz” və “kateqorik olaraq yalan” adlandırıb.
Kuşnerin vəkili də onun BƏƏ-dəki hesab, xeyriyyə fondu və ya iddia olunan maliyyə sxemi ilə hər hansı əlaqəsinin olmadığını bildirib. Vəkil deyib ki, Kuşner xarici hökumətlərlə münasibətlərində bütün hüquqi tələblərə əməl edib.
Hazırda dərc olunan materialda yer alan iddiaları təsdiqləyən bank çıxarışları, hesab nömrələri və digər yoxlanıla bilən sənədlər ictimaiyyətə təqdim edilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Saxarov Mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

23 Oktyabr 2026

sosial media

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və onun rəsmiləri Avropa Parlamentinin 2026-cı il üzrə Saxarov Fikir Azadlığı Mükafatına layiq görülüb. Avropa Parlamentinin prezidenti Roberta Metsola qərarı oktyabrın 22-də Strasburqda keçirilən plenar iclasda açıqlayıb. “Avropa İttifaqı çoxtərəfliliyə və beynəlxalq institutlara hörmət üzərində qurulub. Bu mükafat məhkəmənin beynəlxalq hüququn və ədalətin qorunmasında gördüyü mühüm işi tanıyır”, - Metsola deyib. Haaqada yerləşən BCM soyqırım, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və təcavüz cinayətləri ilə ittiham olunan şəxslər barədə araşdırma aparır, zərurət olduqda onları mühakimə edir. Avropa Parlamenti mükafatın Məhkəmənin araşdırmalar, ittihamlar, məhkəmə prosesləri, eləcə də həbs orderlərinin verilməsi və ya təsdiqlənməsi daxil olmaqla fəaliyyətinə diqqət çəkdiyini...
Dünya

Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib

22 Oktyabr 2026

RIA Novosti

Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda üç saatlıq görüş keçirib. Uitkoff Osloda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa tərəfdaşları ilə apardığı danışıqlarda müzakirə olunan təklifləri Putinə çatdırıb. O, ABŞ, Rusiya və Ukrayna arasında sülh nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsini təklif edib. Ağ Evin xüsusi nümayəndəsi həmçinin dizel yanacağı ilə bağlı razılaşmaya və ABŞ vətəndaşı Stiv Habbardın azad edilməsinə görə Moskvaya təşəkkür edib. Stiv Habbard 2022-ci ildən Rusiyanın nəzarətində olan ərazidə saxlanılan 74 yaşlı, təqaüddə olan amerikalı müəllimdir. Rusiya onu Ukrayna tərəfində muzdlu döyüşməkdə ittiham edərək 2024-cü ildə 6 il 10 aya yaxın...

Seçilmiş Videolar

Toplum TV loqo