İqtisadiyyat

Elman Rüstəmov Mərkəzi Bankdan getdi – Azərbaycanın bank sektorunu nə gözləyir?

14 Aprel, 2022
1721

açıq mənbədn götürülüb

“Bank sektorunda müşahidə olunan monopoliya Elman Rüstəmovun fəaliyyətinin birbaşa və dolayı nəticələridir”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov “Toplum TV”-yə Elman Rüstəmovun vəzifəsindən azad olunması xəbərini şərh edərkən deyib.

Elman Rüstəmov aprelin 12 –də Mərkəzi Bankın sədri vəzifəsindən azad olunub, onun yerinə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru Taleh Kazımov təyin edilib.

Elman Rüstəmov bankdakı vəzifəsindən azad ediləndən sonra Baş nazirin müşaviri vəzifəsinə gətirilib.

Mərkəzi Bank rəhbərinin dəyişməsinin səbəbi nədir?

İqtisadçı ekspert Rəşad Həsənov indiki şəraitdə bu qərarın qəbulunun gözlənilməz olduğunu deyir. Çünki Elman Rüstəmovun son təyinatı yaxın zamanlarda, 2020-ci ilin mart ayında olub. O qeyd edir ki, növbəti 5 ildə Elman Rüstəmovla bu prosesin davam etdiriləcəyi gözlənilirdi.

Milli Məclisin deputatı Rüfət Quliyev isə hesab edir ki, 30 ilə yaxın vəzifədə olan Elman Rüstəmovun Azərbaycan maliyyə sisteminin formalaşdırılmasında, inkişafında xüsusi rolu, səyləri olub. Amma yeni, gənc kadrların gəlişi labüddür. Onun sözlərinə görə, ölkədə yeni təfəkkürlü, xaricdə təhsil alan, aparıcı xarici universitetlərin məzunlarına ehtiyac var.

Rüfət Quliyev - açıq mənbədən götürülüb 

“Müasir dünyada gedən proseslər nəzərə alınmalıdır. Bu səbəbdən dəyişikliyi qeyri-adi hal kimi qiymətləndirmək doğru deyil”, - deputat vurğulayıb.

Elman Rüstəmovun bu günə qədər gördüyü işlər necə qiymətləndirilir?

Rəşad Həsənov hesab edir ki, Elman Rüstəmovun fəaliyyətini 10 ballıq reytinq üzərindən 7 balla qiymətləndirmək olar. Onun sözlərinə görə, kifayət qədər fundamental səhvləri olsa da, Elman Rüstəmov bu sahədə ixtisaslaşmış kadrlardan biri olub.

“Neft gəlirlərinin artdığı bir dövrdə manatın məzənnəsinin möhkəmləndirilməsi siyasəti, 2014-cü ildə neft ucuzlaşmağa başlayandan sonrakı dövrdə manatın məzənnəsinin qorunması məqsədilə Mərkəzi Bankın rezervlərinin bir müddət sürətli xərclənməsinə yol verməsi kimi faktorlar, eyni zamanda bank sektorunda müşahidə edilən monopoliya, xarici maliyyə kooperasiyalarının bazara buraxılmaması, maliyyə əlçatanlığının ölkədə ən ciddi problemlərdən biri olaraq qalması kimi məqamlar Elman Rüstəmovun fəaliyyətinin birbaşa və dolayı nəticələridir”.

Rəşad Həsənov - açıq mənbədən götürülüb 

Elman Rüstəmovun yerinə yeni kadrın təyin olunması nələri dəyişəcək?

İqtisadçı Natiq Cəfərli “Facebook” hesabında yazır ki, yeni təyinat heç nəyi dəyişdirməyəcək. Bunun isə səbəbləri çoxdur.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank nəzəriyyədə çox vacib dövlət (hökumət yox, dövlət) institutudur, müstəqil, hətta hökumətə pozitiv anlamda “müxalif” olmalıdır. Mərkəzi Bankın fəlsəfəsi ölkədə makroiqtisadi sabitliyə nail olmaq, inflyasiyaya qarşı əlində olan alətlərlə mübarizə aparmaqdır. Onun sözlərinə görə, Mərkəzi Bank iqtisadi sistemin tənzimlənməsi üçündür, birjalara, maliyyə və səhm bazarına yön verən institutdur.

“Bizdə isə Mərkəzi Bank müstəqil deyil. İqtisadi institutlar, səhm bazarı, valyuta bazarı yoxdur. MB hökuməti, Maliyyə Nazirliyini tənqid edə bilməz. MB-ın uçot dərəcəsi inflyasiya təsir etmir (məsələn, 2013-2014 cü illərdə uçot dərəcəsi 3,5%-4,25% arası idi, həmin illər kreditlər 20% idi, 2016-cı ildə 15% oldu, kredit faizləri yenə 20%-25% arası idi, indi 9,25%-dir, kreditlər yenə 20% civarındadır).

Yəni, MB-da rəhbərin ismi deyil, “oyun qaydaları”, oturuşmuş iqtisadi model, iqtisadi institutlar önəmlidir – məmləkətdə isə model yoxdur, bir tək “institut” deyəndə elm ocağı anlayan hökumət var…”

Natiq Cəfərli - sosial media

Ekspert Rəşad Həsənov isə hesab edir ki, pul-kredit siyasətindən, xüsusilə də qeyri-neft iqtisadiyyatının dəstəklənməsi sahəsindən geniş, effektiv istifadə edildiyini demək olmaz. Onun sözlərinə görə, növbəti dəyişiklik bu istiqamətdə sadalanan problemlərin aradan qaldırılması, orta və uzunmüddətli dövrdə üzən məzənnə rejiminə keçidlə bağlı konyukturun formalaşdırılmasına şərait yaradacaq:

“Yeni sədr vəzifəsi üçün adı hallandırılan şəxsin keçmiş fəaliyyəti, öz sahəsində məlumatlılıq səviyyəsi, peşə bacarıqları hal-hazırda yüksək qiymətləndirilir. Eyni zamanda, təhsil keçmişi kifayət qədər güclüdür və bu günə qədərki fəaliyyətlərinin nəticələri də müsbət qiymətləndirilə bilər. Daha çox biznes sahəsində fəaliyyət göstərib, amma ümid edirəm ki, dövlət siyasəti sahəsində bu şəxsin öz bacarıqlarını ortaya qoyması üçün imkan yaradılacaq. Çünki özəl sektorla müqayisədə dövlət sektoru nisbətən daha mürəkkəbdir. Burda hökumətin, bütövlükdə, siyasətini bir harmoniya daxilində formalaşdırılmasına ehtiyac yaranır. Fiskal siyasəti ilə humanitar siyasətin uyğunlaşdırılması zərurəti ortaya çıxır. İqtisadi və sosial siyasətlə humanitar siyasətin uyğunlaşdırılması kimi kombinasiyaların daha mükəmməl şəkildə qurulmasına ehtiyac yaranır. Dəyişikliyin Azərbaycanda bank sektoruna, humanitar siyasətə öz töhfəsini verə biləcəyinə ümid etmək olar”.

Mərkəzi Bankın hal-hazırdakı problemləri nələrdir? Gündəlikdə hansı məsələlərin həlli dayanır?

Rəşad Həsənov hazırkı problemlərdən danışarkən qeyd edir ki, bank sektorunda liberallaşma dərinləşdirilməli, oyunçu artmalı, kapital təminatı gücləndirilməli, xarici maliyyə kooperasiyalarının Azərbaycanın bank sektorunda iştirakçılığına üstünlük verilməlidir. Onun sözlərinə görə, bu, əlavə vəsaitin Azərbaycana daxil olmasına şərtləndirəcək.

“Buna, xüsusilə də, Qarabağın bərpası dönəmində çox böyük ehtiyac var. Rəqabətin dərinləşdirilməsi yolu ilə kredit faizlərinin aşağı düşməsi, xüsusilə də, kiçik sakibkarlıq üçün faizlərin azalması, ucuz kreditə çıxış imkanının təmin edilməsi yeni sədrin qarşısında duran əsas məsələlərdən biri olacaq. Cəmiyyətin bütün sosial qruplarına təsiri olan, artıq 12.2%-ə çatan inflyasiyanın nəzərdə tutulan hədd çərçivəsinə salınması digər mühüm məsələdir. Bu rəsmi inflyasiyadır, qeyri-rəsmi inflyasiya daha yüksəkdir”.

Rüfət Quliyev hesab edir ki, bu gün ən böyük problem sahibkarlar üçün kreditin əlçatan olmamasıdır. Bu səbəbdən, sahibkarların kredit faizlərini azaltmaq lazımdır. Deputat bildirir ki, dünyada sahibkarlar ortalama 10-12% qazanc əldə edəndə bu onlar üçün çox uğurlu bir il sayılır. 10-12% qazanc əldə edən sahibkar 20% krediti götürüb necə qaytara bilər?! Hansı formada işini qura bilər? Belə olan halda, faizlərlə kredit götürən sahibkarların aqibəti çox da yaxşı deyil, olmayacaq.

Onun sözlərinə görə, ikinci mühüm məsələ inflyasiyadır və inflyasiya ilə maliyyə metodları və yaxud da maliyyə siyasəti ilə mübarizə aparmaq çətindir.

“İnflyasiyanın kökündə duran tələb-təklif rəqabət qanunudur. Azərbaycanda inflyasiyanın artmasının 80 faizi xaricdən idxal olunan mallara görədir. Buna görə də, yerli malların istehsalını və yerli xidmətlərin istehsal və çeşidini artırmaq lazımdır. Bu gün sahibkarkarın ən böyük problemi maliyyə ilə bağlıdır. Onlar işləmək, bizneslərini artırmaq, yeni bizneslər qurmaq istəyirlər. Bu məsələ ilə əlaqədar ilk öncə yeni rəhbərlik məşğul olacaq, buna xüsusi diqqət ayrılacaq”

Rüfət Quliyev deyir ki, üçüncü məsələ sahibkarlarla bankların arasında olan münasibətlərdir. Hansı ki, bu münasibətlər tamamilə dəyişdirilməlidir.

“Təkcə Azərbaycanda yox, dünyada bank sisteminə qarşı müəyyən qədər aqressiya var. Amma bankın da əsas funksiyası faiz sistemindən istifadə etməkdir. Azərbaycan banklarında insanlarla dil tapmaq, müəyyən qədər yumşaq formada davranış, şəffaf münasibətləri yaratmaq, inkişaf etdirmək lazımdır”, - deyə deputat qeyd edib.

 

 

 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo