İqtisadiyyat

Azərbaycan büdcəsində hansı xərclər Avropa standartlarına uyğundur?

10 Noyabr, 2025
407

Foto: açıq mənbə

2026-cı ildə Azərbaycan hökuməti dövlət büdcəsi və büdcədənkənar fondlar vasitəsilə ümumilikdə 48,8 milyard manat xərcləyəcək.

Adətən cəmiyyətin diqqətini cəlb edən əsas məsələlərdən biri həmin vəsaitlərin hansı istiqamətlərə yönəldilməsidir.

Lakin bundan da maraqlı məqam ondan ibarətdir ki, artıq uzun illərdir təbii resurs gəlirləri hesabına bu qədər vəsaitə sərəncam verən hökumətin büdcə xərclərinin strukturu, vətəndaşlarının yüksək rifahına nail olmuş ölkələrlə müqayisədə kənardan necə görünür?

Məsələn, büdcənin bəzi xərcləri üzrə Avropa standartlarına çatmaq mümkün olubmu?

2026-cı il üçün xərclərin funksional istiqamətlər üzrə təhlili göstərir ki, Azərbaycanda bir neçə xərc maddəsində hökumət büdcə strukturunu Avropa standartlarına müəyyən qədər uyğunlaşdırmağı bacarıb.

Bunlardan birincisi qanunverici və icra hakimiyyəti orqanlarının saxlanması xərcləridir. Gələn il Azərbaycanın icmal büdcəsindən bu məqsədlərə 2 milyard manatdan bir qədər artıq vəsait ayrılması planlaşdırılır ki, bu da proqnozlaşdırılan nominal ÜDM-nin təxminən 1,6 faizinə bərabərdir.

Avropa Statistika Qurumunun (Avrostat) ən son məlumatına əsasən, Avropa İttifaqı üzrə bu göstərici 1,9 faiz təşkil edir.

İkinci istiqamət - dövlət borclarının ödənilməsi ilə bağlı xərclərdir. Gələn il bu məqsədlə dövlət büdcəsindən təxminən 2,5 milyard manat ayrılacaq. Bu, ÜDM-nin 1,9 faizinə uyğun gəlir. Avrostatın məlumatına görə, Avropa İttifaqında həmin göstərici 1,8 faizdir.

Üçüncü istiqamət məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanmasıdır. Avrostatın istifadə etdiyi “Hökumət funksiyalarının təsnifatı”na əsasən, məhkəmə və prokurorluq xərcləri “aşağı məhkəmə instansiyaları” kateqoriyası altında birgə göstərilir. 2026-cı ildə Azərbaycanda bu istiqamətə 282 milyon manat ayrılması nəzərdə tutulur. Büdcədənkənar mənbələr də daxil olmaqla, bu məbləğ ÜDM-nin təxminən 0,25 faizinə bərabərdir.

Avropa İttifaqında isə müvafiq göstərici 0,3 faizdir.

Son olaraq, Avropa standartlarına yaxınlaşan digər istiqamət polis orqanlarının saxlanmasıdır. 2026-cı ildə büdcədənkənar gəlirlər də nəzərə alındıqda, bu məqsədlə ayrılacaq vəsaitlərin həcmi 1,4 milyard manata yaxın olacaq ki, bu da ÜDM-nin 1 faizindən bir qədər çoxdur. Avrostatın məlumatına görə, Avropa İttifaqında həmin göstərici 0,9 faiz səviyyəsindədir.

Yeri gəlmişkən, Avropa İttifaqı ölkələrində həbsxanaların saxlanmasına ÜDM-nin təxminən 0,2 faizi qədər vəsait xərclənir. Azərbaycanın 2026-cı il büdcəsində bu göstərici 0,15 faiz səviyyəsində müəyyən edilib.

Bununla belə, təhsil, səhiyyə və sosial müdafiə xərcləri Avropa standartlarından hələ də xeyli geridə qalır.

Məsələn, 2026-cı ildə əhalinin sosial müdafiəsi üçün icmal büdcədən 11,8 milyard manata yaxın vəsait ayrılması planlaşdırılır ki, bu da ÜDM-nin 8,8 faizinə bərabərdir. Avropa İttifaqında isə həmin göstərici 19 faizdən bir qədər çoxdur.

Səhiyyə xərcləri üzrə gələn il Azərbaycanın icmal büdcəsindən təxminən 4 milyard manat ayrılacaq.

Bu, ÜDM-nin 3 faizindən də azdır. Avropa İttifaqında bu göstərici 7,5 faizə yaxındır.

Nəhayət, 2026-cı ildə təhsilə 5 milyard manat və ya ÜDM-nin 3,7 faizi qədər vəsaitin ayrılması proqnozlaşdırılır. Avropa İttifaqında bu göstərici 5 faizə yaxındır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo