İqtisadiyyat

Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”

18 Noyabr, 2025
579

Foto/kollaj: Toplum TV

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanda fermerin bir təsərrüfat sahəsi ilə ailəsinin dolanışığını təmin etməsi mümkün deyil. 

O, bunu noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bildirib:

"Hazırda ölkədə bir təsərrüfata düşən ortalama sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bunun üçün 33 hektar tələb olunur. 1,7 hektarla 33 hektarın fərqini təsəvvür edin?" 

Nazirin açıqlamasına münasibət bildirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli “Toplum TV”-yə deyib ki, bu rəqəmlər həqiqəti əks etdirmir. 

“Azərbaycanda torpaq islahatları nəticəsində 900 min ailəyə ümumilikdə 1,6 milyon hektar ölçüsündə pay torpaqları verilib. İş orasındadır ki, pay torpağı verilmiş əhalinin 60 %-dən çoxu bu gün faktiki olaraq o torpaqlardan istifadə etmir. Kəndlərdə “zirək” adamlar var ki, onlar kəndlilərin pay torpaqlarından toplu şəkildə istifadə edirlər. İndi nazirə sual olunur: Əgər həqiqətən də bir təsərrüfata 1,7 hektar torpaq düşürsə, necə olur ki, Azərbaycanda hər il 3 milyon 200 min ton taxıl istehsal olunur? Necə olur 1 milyon ton kartof istehsal olunur? Necə olur 1 milyon 800 min tona yaxın tərəvəz istehsal olunur? 1,7 hektar boyda təsərrüfatlarda bu qədər məhsulu istehsal etmək mümkün olmazdı.”

V.Məhərrəmlinin sözlərinə görə, de yure bir təsərrüfata 1,7 hektar torpaq sahəsi düşsə də, bəzi ailələrin hətta pay torpağının harada olduğundan belə xəbəri yoxdur. 

“Torpaqların bir hissəsi imkanlı şəxslər tərəfindən alınıb. Bir hissəsini sahibləri istifadə etmədiyi üçün başqaları istifadə edir. Rusiyaya köçmüş adamlar var ki, pay torpağından, ümumiyyətlə, xəbərləri yoxdur. Amma bu sahələrin hamısından istifadə olunur.”

M.Məmmədov eyni çıxışında bildirib ki, “az torpaq problemini həll etmək üçün” hazırda kənd təsərrüfatında əsas məqsəd məhsuldarlığın artırılması ilə az torpaqdan çox məhsul əldə etməkdir. O, buna nümunə olaraq meyvəçiliyi misal çəkib: “Son 5 ildə meyvəçilik sahəsində artım var. 40 min hektara qədər yeni meyvə bağları salınıb. Meyvə bağları həm gəlirlilik, həm də iş yerləri baxımından daha faydalıdır".

V.Məhərrəmli isə deyir ki, nazir ərzaq təhlükəsizliyi baxımından vacib sahələrdə məhsuldarlığın necə artırılacağına aydınlıq gətirməyib. 

“Nazir deyir ki, məhsuldarlığın artırılması məsələsini düşünməliyik. 2 il 6 aydır nazirdir, hələ indi deyir ki, bu barədə düşünməliyik. Məcnun Məmmədov meyvəçilikdən danışır. Azərbaycan ən çox xurma ixrac edir. Bu il xurma istehsalçılarının məhsulu əllərində qalıb, xarab olub. Amma söhbət həm də ərzaq təhlükəsizliyindən gedir. Biz meyvə istehsal etməklə çörəyə, ətə, südə, yumurtaya olan tələbatımızı ödəyə biləcəyikmi?”, - o sual edib. 

Mütəxəssisin fikrincə, nazir meyvə ixrac etmək haqda deyil, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək haqda düşünməlidir. 

“Məsələn, bizə illik 1 milyon 600-700 min ton ərzaqlıq buğda lazımdır. Mal-qara kökəltmək üçün 3 milyon ton taxıl lazımdır. Bizə yaşıl yem, şirəli yem, silos, senaj istehsalını artırmaq lazımdır. Nazir isə deyir ki, meyvə istehsal etməliyik. Biz onsuz da istehlak etdiyimiz qədər meyvə istehsal edə bilirik, çünki gəlirli sahə olduğuna görə bu, kəndlilərin özlərinin də marağındadır və onların bu sahədə nazirliyin köməyinə ehtiyacları yoxdur.”

Meyvəçiliyi gəlirli sahə kimi təqdim edən M.Məmmədov müqayisə olaraq dənli bitki istehsalının ən az dəyərli sahə olduğunu deyib. V.Məhərrəmli nazirin bu fikrinin də yanlış olduğunu bildirir. 

“Əgər kəndlilərimiz suvarma suyu, keyfiyyətli gübrə, keyfiyyətli toxum ilə təmin olunarsa, hər hektardan 7 tondan çox arpa, buğda və vələmir, 12 tondan çox qarğıdalı dəni əldə etmək olar. Belə olan halda kəndlilərimizin gəlirləri 2,5 dəfə artar. Əgər onlar əldə etdikləri məhsulu özləri emal edərsə, gəlirləri 3-4 dəfə artar. Nazirin dediyi 1,7 hektardan isə 12 tona yaxın məhsul götürmək olar. Payızlıq arpa istehsal edib, iyunda biçib, sonra dənli qarğıdalı əkmək, beləliklə bir mövsümdə 12 ton arpa və 12 ton qarğıdalı əldə etmək olar. Belə bir sahənin sahibi həm də heyvandarlıqla məşğul olarsa, mal-qaranı kökəltməklə 3 ton 800 kiloqram ət əldə edə bilər. Bu isə sahibkar üçün ildə 25 min manata qədər gəlir deməkdir. Eləcə də, 1,7 hektardan 400 ton pomidor, 300 ton xiyar, 100 ton badımcan əldə etmək olar. Mən hələ orta göstəricini nəzərdə tuturam. Azərbaycanda hər hektardan 10 ton buğda və arpa götürmək mümkündür. Bu qədər əlavə dəyər yaratmaq mümkündürsə, bu işlə niyə məşğul olunmur?”

V.Məhərrəmlinin dediyinə görə, torpaq sahələrini suvarma suyu, keyfiyyətli toxum və gübrə ilə təmin etmək birbaşa Kənd Təsərrüfatı Nazirliyinin öhdəliyində olan məsələdir. 

“Suvarma suyunu nazir təmin etməlidir ki, su birbaşa boru ilə kəndlinin əkin sahəsinə gəlsin, kəndli su axtarışında olmasın. Bundan başqa, keyfiyyətli toxum istehsalı haqda düşünmək və ölkəyə gətirilən gübrənin keyfiyyətinin yüksək olmasını təmin etmək lazımdır.” 

Ekspert düşünür ki, M.Məmmədov Milli Məclisdəki çıxışındakı fikirləri ilə kənd təsərrüfatındakı “uğursuzluğun məsuliyyətini öz üzərindən atmağa” çalışır. 

“Nazir öz üzərinə düşən vəzifələrdən danışmır. Kənd təsərrüfatı M.Məmmədov vəzifəyə gələndən bəri geriləyir. O isə uğursuzluğu ört-basdır etmək üçün ortaya belə bir bəhanə qoyur: torpaq sahələrimiz azdır. M.Məmmədov gələndən bəri hər il buğda istehsalımız 100 min ton azalıb. Biz ölkəni buğdaya, ətə görə digər ölkələrdən asılı qoysaq, hansı ərzaq təhlükəsizliyindən danışa bilərik?”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

DGK: Azərbaycan bu il 9 milyard dollarlıq neft ixrac edib

15 Sentyabr 2026

azərtac

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 9,28 milyard dollar dəyərində 14,68 milyon ton neft ixrac edib. Ən çox neft satılan ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə İtaliyaya 5,23 milyard dollarlıq 8,47 milyon ton neft ixrac olunub. İxracın həm dəyərinə, həm də həcminə görə ikinci yerdə Çexiya, üçüncü yerdə Rumıniya qərarlaşıb. Çexiyaya 712,8 milyon dollarlıq 1,06 milyon ton, Rumıniyaya isə 581,7 milyon dollarlıq 924,9 min ton neft satılıb. İlk üçlükdən sonra Hindistan gəlir. Yanvar-avqust aylarında bu ölkəyə 399,2 milyon dollarlıq neft ixrac olunub. Sonrakı yerlərdə Tunis (266,3 milyon dollar), Almaniya (262,3 milyon dollar), Bolqarıstan...
İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...

Seçilmiş Videolar

Toplum TV loqo