İqtisadiyyat

İqtisadçı: “Azərbaycanda statistika çoxdan ultrasiyasiləşmiş bir instituta çevrilib”

26 Dekabr, 2025
253

Foto: açıq mənbə

Dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev 2026–2030-cu illər üçün ölkədə rəsmi statistikanın inkişafına dair dövlət proqramını sərəncamla təsdiq edib. 

26 səhifədən ibarət sənəddə qeyd olunub ki, proqramın məqsədləri Azərbaycanda rəsmi statistika sahəsini, bu sahədə beynəlxalq əməkdaşlığı, maddi-texniki bazanı və kadr potensialını gücləndirmək və inkişaf prioritetlərini müəyyənləşdirməkdir. 

Müstəqil iqtisadçılar uzun illərdir Azərbaycanda rəsmi statistik məlumatların məhdud olduğunu, Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatların isə etibarlılığına şübhə olduğunu deyirlər. 

İqtisadçı Rövşən Ağayev sosial media hesabında yazıb ki, statistika müstəqil araşdırma ilə məşğul olanların “yaralı yeridir”, çünki çoxlu sayda zəruri məlumatlar açıq mənbələrdə mövcud deyil.

“Məsələn, ölkədə gəlir bərabərsizliyini ölçən əmsallar hesablanmır, bölgələr üzrə yaradılan əlavə dəyərin həcmi ilə bağlı informasiya mövcud deyil, qeyri-formal məşğulluğun miqyası açıqlanmır, median pensiya və median əmək haqqı barədə məlumat yoxdur, müəssisələrin maliyyə fəaliyyətinin nəticələrinə dair əsas göstəricilərin (mənfəət-zərər) mülkiyyət növləri üzrə bölgüsü yoxdur və s. "Yoxdurlar"ın siyahısını sonsuza qədər uzatmaq olar. Ya da açıq olan bir çox göstəricilərin etibarlılığı kifayət qədər şübhəli, inandırıcılıqları çox aşağıdır. Məsələn, yoxsulluq və işsizlik göstəricisi, əhalinin gəlirlərinin desil və kvintil qrupları üzrə bölgüsünə dair rəqəmlər kimi”, - o qeyd edib. 

R.Ağayev bildirib ki, yeni dövlət proqramının məlumatların keyfiyyəti və əlçatanlığı baxımından köklü dəyişikliklər edəcəyinə ümidi “çox azdır, çünki Azərbaycanda statistika çoxdan ultrasiyasiləşmiş bir instituta çevrilib”.

O, nümunə olaraq göstərir ki, proqramda məzunların məşğulluğu ilə bağlı birdəfəlik müayinələrin keçirilməsi nəzərdə tutulur, lakin yalnız orta ixtisas və peşə təhsili məzunları ilə məhdudlaşır.

“Halbuki bu gün həmin müayinənin universitet məzunlarını da əhatə etməsi çox vacibdir. Universitet məzunlarının iş tapma müddəti, ixtisasa uyğun iş tapma imkanları, bu təhsil səviyyəsi üzrə peşə istiqamətlərinin planlaşdırılması və əmək bazarına uyğunluğunun qiymətləndirilməsi baxımından ən azından 3 ildən bir belə müayinənin keçirilməsi çox vacibdir. Yeri gəlmişkən, beynəlxalq təcrübədə müxtəlif təhsil pillələri üzrə məşğulluğa, əllillərin məşğulluğuna dair müayinələr vahid işçi qüvvəsi sorğusunun tərkibində modullar kimi hazırlanır, birdəfəlik sorğular deyil, müəyyən müddətdən bir (məsələn, 3 ildə 1 dəfə) keçirilən müayinələr kimi tətbiq olunurlar”, - o izah edib. 

Daxili miqrasiyanı Azərbaycanda ən ciddi problemlərdən biri sayan iqtisadçı proqramda onun ölçülməsi və statistik hesabatlılığının təmin edilməsinin nəzərdə tutulmadığını deyir. 

“Halbuki bölgələr üzrə sosial xidmətlərin və infrastrukturun, regional əmək bazarının qiymətləndirilməsi, bölgələr üzrə sosial proqramların hazırlanması, depopulyasiya kimi milli təhlükəsizlik səviyyəsinə yüksəlmiş problemə qarşı mexanizmlərin tətbiqi üçün bu statistika həyati əhəmiyyat kəsb edir.  Bu statistikanı toplamaq üçün yerli icra, bələdiyyə və polis orqanlarının üzərinə statistikaya zəruri məlumatları təqdim etmək öhdəliyi qoymaq mümkündür. Paralel olaraq ev təsərrüfatlarının büdcə müayinəsi anketinə daxili köçlə bağlı bölmə əlavə etmək mümkündür. Anketdə həm daxili köçün səbəbləri, həm də köçənlərin cinsi, yaşı, peşəsi və məşğulluq statusu kimi məlumatları öyrənmək olar”, - o əlavə edib. 

R.Ağayev proqramın son 25 ildə tətbiq olunan yoxsulluğun ölçülməsi metodologiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması niyyətindən də uzaq olduğunu qeyd edib.

“Azərbaycanda 2 onillikdən çoxdur əhalinin istehlak xərclərinin (minimum istehlak səbətlərinin dəyəri əsasında) məbləğinə uyğun yalnız mütləq yoxsulluq göstəricisi hesablanır. Bu üsul rifah bərabərsizliyini, orta gəlir artdıqca yoxsulluğun dərinliyini görməyə imkan vermir. Bu baxımdan Avropa Birliyində istifadə olunan və median gəlirə bağlı olan nisbi yoxsulluq göstəricisi də paralel olaraq ölçülməlidir. Bu üsul, həmçinin, ölkələrarası müqayisə baxımından da vacibdir”, - o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo