Maaş və pensiyaların güclə artdığı ölkədə kapital sahiblərinin mənfəəti 70 faiz çoxalıb
Foto: açıq mənbə
Prezident İlham Əliyevin ailəsinə məxsus “Kapital Bank” 2025-ci ili Azərbaycanın bank sektoru üçün faktiki olaraq əlçatmaz hesab edilən göstərici ilə başa vurub. Cəmi bir il ərzində bank xalis mənfəətini təxminən 70 faiz artırıb.
Açıqlanan maliyyə hesabatına əsasən, 2025-ci ildə “Kapital Bank”ın xalis mənfəəti 315 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 118,5 milyon manat, yaxud təxminən 70 faiz çoxdur.
Bankın maliyyə hesabatını şərh edən müstəqil iqtisadçıların fikrincə, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bankın aktivləri, xüsusən də kredit portfeli və borc kağızlarına yatırımları demək olar ki, artmadığı halda, faiz gəlirləri kəskin yüksəlib. Belə ki, ötən il bankın faizlərdən əldə etdiyi gəlir 1,2 milyard manata yaxınlaşıb. Bu, əvvəlki illə müqayisədə 39 faiz, yaxud 330 milyon manat artım deməkdir.
“Kapital Bank” aktivlərinin təxminən 25 faizi - təqribən 2,7 milyard manat gəlir gətirməyən, yəni nağd formada saxlanan vəsaitlərdən ibarətdir. Bu baxımdan məhz faiz gəliri gətirən aktivlərin kreditlərin və borc kağızlarına yatırımların gəlirliliyi 14,5 faiz təşkil edib. Başqa sözlə, bank borc verdiyi hər 100 manatdan 14,5 manat faiz gəliri əldə edib. Halbuki 2024-cü ildə bu göstərici 10 faiz ətrafında idi.
Ekspertlər hesab edirlər ki, bank qısa müddətdə aktivlərinin həcmini artırmadan faiz gəlirlərini bu qədər kəskin yüksəldirsə, bunun səbəbləri kifayət qədər aydındır: ya faiz dərəcələri artırılıb, ya da kredit portfeli daha yüksək faizli məhsullara yönəldilib. “Kapital Bank”ın hesabatı da bunu təsdiqləyir. Nisbətən aşağı faizli biznes kreditləri artmadığı halda, daha yüksək faizlə verilən istehlak kreditləri portfeli təxminən 7 faiz (200 milyon manat) artaraq 3,2 milyard manata çatıb. Bundan əlavə, bankın qeyri-faiz gəlirləri xidmət və komisyon haqları da təxminən 13 faiz artıb.
Müqayisə üçün qeyd etmək yerinə düşər ki, dövlətə məxsus “Beynəlxalq Bank”ın potensial olaraq faiz gəliri formalaşdıran aktivlərinin həcmi “Kapital Bank”la müqayisədə təxminən 30 faiz, yaxud 2,3 milyard manat çox olsa da, “Beynəlxalq Bank”ın faiz gəlirləri "Kapital Bank"dam 8 faiz (85 milyon manat) az olub.
2024-cü ildə “Beynəlxalq Bank”ın xalis mənfəəti “Kapital Bank”dan 58 faiz (108 milyon manat) çox idisə, 2025-ci ildə bu fərq demək olar ki, aradan qalxıb: “Beynəlxalq Bank” 336 milyon manat, “Kapital Bank” isə 315 milyon manat xalis mənfəət əldə edib.
Bu fakt ekspertlərə əsas verir ki, dövlətə məxsus maliyyə institutunun bazardakı potensial gəlirləri məqsədli strategiya çərçivəsində hakim ailəyə məxsus banka transfer edilə bilər.
İnhisarçı mövqeyə malik bankların maliyyə hesabatlarının təhlili daha bir mühüm nəticəni üzə çıxarır: iqtisadiyyatın böyüməməsi milli gəlirin artmaması deməkdir. Milli gəlirin artmadığı, maaş və pensiyaların cəmi 3-5 faiz yüksəldiyi bir iqtisadiyyatda bank kapitalının sahibləri xalis mənfəətlərini 70 faiz artırırlarsa, buradan ciddi sosial-iqtisadi nəticələr çıxır.
Ən əsas nəticə ondan ibarətdir ki, iqtisadi sistem kapital sahiblərinin maraqları üzərində qurulub. Əhalinin ən azı üçdə ikisini təşkil edən, maaş və dövlətin sosial ödənişləri ilə dolanan geniş əməkçi təbəqənin gəlirləri artmasa belə, həmin kapital sahibləri faizlərin, qiymətlərin və insanların borc yükünün artması hesabına qazanc əldə etməyə davam edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: açıq mənbə
2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib
Foto: açıq mənbə
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb