İqtisadiyyat

Qeyri-neft ixracının artımı: real genişlənmə, yoxsa qızıl və qiymət artımı effekti?

22 Yanvar, 2026
237

Foto/kollaj: Toplum TV

Dövlət Gömrük Komitəsi 2025-ci ilin xarici ticarət göstəricilərini açıqlayıb. Hesabata görə, əvvəlki illə müqayisədə xarici ticarət saldosunun profisiti 8,5 dəfəyə yaxın azalaraq 660 milyon dollara enib. Halbuki 2024-cü ildə bu göstərici 5,5 milyard dollar olmuşdu.

İxracın ümumi həcmi 25 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyard dollar azdır. Azalmanın əsas səbəbi neft-qaz ixracındakı geriləmədir. 2024-cü illə müqayisədə Azərbaycanın neft-qaz ixracı 1,8 milyard dollar azalaraq 21,4 milyard dollara düşüb.

Bunun 12,1 milyard dolları xam neftin, 8,8 milyard dolları təbii qazın, qalan hissəsi isə neft məhsullarının ixracının payına düşür. Ötən il xam neftin hər tonunun ixrac qiyməti 517 dollar (2024-cü ildə 627 dollar), təbii qazın hər 1000 kubmetrinin ixrac qiyməti isə 350 dollar (2024-cü ildə 326 dollar) olub. İl ərzində ölkədən 23,3 milyon ton xam neft (2024-cü ildə 23,6 milyon ton) və 25,2 milyard kubmetr qaz (2024-cü ildə 25,7 milyard kubmetr) ixrac edilib.

Qeyri-neft ixracatı 271 milyon dollar və ya 8 faiz artaraq 3,6 milyard dollara çatıb. Bu artım əsasən dörd məhsul qrupu hesabına formalaşıb: meyvə və tərəvəzlərin ixracı 193,5 milyon dollar artaraq 902 milyon dollara, qızıl ixracı 114 milyon dollar artaraq 330 milyon dollara, alüminium ixracı 48 milyon dollar artaraq 245 milyon dollara, azot gübrəsinin ixracı isə 45 milyon dollar artaraq 171 milyon dollara yüksəlib.

Bununla yanaşı, bir sıra məhsullar üzrə ixrac azalması qeydə alınıb. Belə ki, pambıq ixracı 22 milyon dollar, elektrik enerjisinin ixracı 24 milyon dollar, metanol ixracı isə 18 milyon dollar azalıb.

Rəqəmlər göstərir ki, qeyri-neft ixracatındakı artım böyük deyil - təxminən 270 milyon dollar. Hesabatın təhlili göstərir ki, bu artımın təxminən yarısı qızıl ixracındakı 115 milyon dollara yaxın artım hesabına təmin olunub.Bundan əlavə, bəzi məhsullar üzrə qiymətlərin bahalaşması ixrac dəyərini artırıb. Məsələn, hər ton üzrə ixrac qiymətinə görə təzə meyvə və tərəvəzin dəyəri 3,2 faiz, meyvə-tərəvəzin emal məhsullarının dəyəri 10 faiz, elektrik enerjisinin dəyəri isə 7,5 faiz artıb. Məhz bu üç məhsulun qiymət artımı hesabına qeyri-neft ixracı əlavə 50 milyon dollar yüksəlib. Beləliklə, qızıl ixracının genişlənməsi və bəzi məhsullar üzrə qiymət artımı nəzərə alınmadıqda, qeyri-neft ixracının faktiki olaraq yerində saydığı görünür.

2025-ci ildə Azərbaycanın idxalı 3,3 milyard dollar və ya 16 faiz artaraq 24,4 milyard dollara çatıb. İdxal əsasən dövlət sektorunun tələbatı hesabına genişlənib: dövlət müəssisə və təşkilatlarının idxalı 2 milyard dollar artaraq 8,3 milyard dollara yüksəlib. Əgər 2024-cü ildə ümumi idxalın 30 faizi dövlət sektorunun payına düşürdüsə, 2025-ci ildə bu göstərici 34 faizə çatıb. Dövlət idxalındakı artımın əsas səbəbi Neft Fondunun qızıl ehtiyatlarını artırmaq məqsədilə xaricdən qızıl alışının genişləndirilməsi olub. Ümumilikdə, 2025-ci ildə ölkəyə qızıl və zinət əşyalarının idxalı təxminən iki dəfə, yəni 3 milyard dollar artaraq 6,3 milyard dollara çatıb.

Qeyri-dövlət idxalının artımında əsas pay iki məhsul qrupuna aiddir: qida məhsulları və avtomobillər. 2025-ci ildə kənd təsərrüfatı və qida sənayesi məhsullarının idxalı təxminən 2,9 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz və ya 200 milyon dollar çoxdur. Ümumilikdə isə son beş ildə qida idxalının həcmi 70 faizdən çox artıb.

Avtomobil idxalında isə kəskin artım qeydə alınıb. Güman edilir ki, bunun əsas səbəbi hökumətin elektrikli və hibrid avtomobillər üçün tətbiq edilən vergi-gömrük güzəştlərini 2026-cı il yanvarın 1-dən ləğv etmək niyyəti ilə bağlıdır. 2025-ci ilin oktyabrında vergi-büdcə qanunvericiliyinə dəyişikliklər parlamentə təqdim edildikdən sonra güzəştlərin ləğvi artıq bəlli idi və idxalçılar buna uyğun hazırlıq görüblər.

Nəticədə, 2025-ci ildə minik avtomobillərinin idxalı 2024-cü illə müqayisədə 40 faiz və ya 32 min ədəd artaraq 114 min ədədə çatıb. Güzəştlərin qüvvədə olduğu son ayda- 2025-ci ilin dekabrında ən yüksək idxal göstəricisi qeydə alınıb. Belə ki, ilin yanvar-noyabr aylarında orta hesabla ayda 8,5 min avtomobil idxal edildiyi halda, təkcə dekabr ayında 18 min minik avtomobili idxal olunub. Həmin ay avtomobil idxalına 360 milyon dollar xərclənib, halbuki əvvəlki 11 ayın orta aylıq göstəricisi təxminən 190 milyon dollar idi.

2025-ci ildə ölkəyə gətirilən hibrid və elektrikli avtomobillərin sayı rekord həddə - 75,8 min ədədə çatıb. Bu, əvvəlki illə müqayisədə təxminən üç dəfə çoxdur və ümumi minik avtomobili idxalının 67 faizini təşkil edir.

2025-ci ildə bir minik avtomobilinin orta idxal dəyəri 19 min dollar olub ki, bu da 2019-cu illə müqayisədə 50 faiz yüksəkdir. Avtomobillərin idxal dəyərinin bu qədər bahalaşması son illər hökumətin yanacaqla işləyən avtomobillərə tətbiq etdiyi və idxal dəyərini artıran vergilərin sürətlə yüksəldilməsi ilə əlaqələndirilir. Nəzərə alsaq ki, bu artım hələ elektrikli və hibrid avtomobillər üçün güzəştli şərtlər fonunda baş verib, güzəştlərin ləğvindən sonra 2026-cı ildə bahalaşmanın daha da sürətlənəcəyi gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Turizm üçün yeni dövlət proqramı: 5 ildə 1,1 faizlik artım hədəflənir 

25 Avqust 2026

Report

Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 47 səhifəlik proqramın məqsədləri arasında turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi kimi məqsədlər yer alıb.  Eyni zamanda, turizmlə əlaqəli olan, turoperatorluqdan tutmuş hotel tikintisinə qədər bir çox sahələrə subsidiya ayrılması nəzərdə tutulur.  Bir sıra müstəqil ekspertlər isə proqramın icrasının uğurlu olacağına şübhə ilə yanaşıb.  Hüquqşünas Əkrəm Həsənov sosial media hesabında proqramla bağlı qoyulan vaxt məhdudiyyətinə diqqət çəkib.  Belə ki, prezident sərəncamında Nazirlər Kabinetinə altı ay ərzində “Turizm haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək tapşırılıb. Proqramda isə qeyd olunub ki,...
İqtisadiyyat

Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?

14 Avqust 2026

president.az

Azərbaycanda heyvan bazarlarının tədricən bağlanaraq onlayn satışla əvəz olunması planlaşdırılır.  Bu barədə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib. O, əsas kimi qurum tərəfindən aparılan yoxlamalar zamanı 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.  “Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci dövlət proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”, - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo