İqtisadiyyat

Turizm üçün yeni dövlət proqramı: 5 ildə 1,1 faizlik artım hədəflənir 

25 Avqust, 2026
7

Report

Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

47 səhifəlik proqramın məqsədləri arasında turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi kimi məqsədlər yer alıb. 

Eyni zamanda, turizmlə əlaqəli olan, turoperatorluqdan tutmuş hotel tikintisinə qədər bir çox sahələrə subsidiya ayrılması nəzərdə tutulur. 

Bir sıra müstəqil ekspertlər isə proqramın icrasının uğurlu olacağına şübhə ilə yanaşıb. 

Hüquqşünas Əkrəm Həsənov sosial media hesabında proqramla bağlı qoyulan vaxt məhdudiyyətinə diqqət çəkib. 

Belə ki, prezident sərəncamında Nazirlər Kabinetinə altı ay ərzində “Turizm haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək tapşırılıb. Proqramda isə qeyd olunub ki, həmin qanun 2026-2028-ci illər ərzində təkmilləşdirilməlidir. 

“Yeni ilin əvvəlinə təkliflər hazır olacaqsa, onların qəbuluna niyə 2 il lazımdır? 2028-ci il ərzində təkcə qanunun təkmilləşdirilməsi bitəcəksə, 2030-cu ilin sonunadək, yəni qalan 2 il ərzində qarşıya qoyulmuş hədəflərə necə nail olunacaq?”, - vəkil sual edib. 

Ə.Həsənov sonuncu dəfə turizmlə bağlı proqram xarakterli sənədin 10 il əvvəl qəbul olunduğunu xatırladıb. Belə ki, 2016-cı ilin dekabrında prezident tərəfindən ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi təsdiqlənib. Lakin həmin sənədin icrası ilə bağlı ictimaiyyətə məlumat açıqlanmayıb.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə sosial media hesabında proqramda “doğru təsbitlər, düzgün istiqamətlər” olduğunu bildirsə də, quru sərhədlərin bağlı olmasının turizmin inkişafında başlıca maneə olacağını da əlavə edib. 

“Məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır”, - o qeyd edib. 

Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini 2020-ci ilin martında koronavirus pandemiyasını əsas gətirərək bağlayıb. Lakin o vaxtdan bəri, bu ilin mayında Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpası istisna olmaqla, quru sərhədləri səyahətçilər üçün bağlı saxlanılır. 

“Toplum TV”-yə danışan iqtisadçı, Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi Zöhrab İsmayıl isə proqramda “anlaşılmaz məqamların” olduğunu deyib. 

“Xüsusilə, subsidiyaların verilməsi ilə bağlı kriteriyalar, benefisiarların necə seçiləcəyi

aydın deyil. Azərbaycanda hüququn aliliyi ilə bağlı ciddi problemlər var. Uzun illərdir tenderlər keçirilir, amma şəffaflıq prinsipi pozulur. Burada da oxşar tendensiyanın yaşanacağı, məmur bizneslərinin subsidiyalardan yararlanacağı haqda ciddi ehtimallar var”, - o bildirib. 

İqtisadçı düşünür ki, Azərbaycanda turizmin inkişafı proqramda irəli sürülən məsələlərlə bağlı deyil. Onun sözlərinə görə, hökumət turizmlə bağlı əsas hədəfləri “görmür və ya görmək istəmir”. 

Dövlət proqramında, həmçinin, turizmin qeyri-neft-qaz sektorunda payının 2030-cu ilə qədər 8,6 faizə çatdırılması hədəflənir. 2025-ci ildə isə bu sahənin qeyri-neft-qaz sektorunda payı 7,5 faiz olub. 

Z.İsmayıl isə düşünür ki, bu qədər cüzi artıma nail olmaq üçün xüsusi olaraq proqram qəbul etməyə ehtiyac yox idi. 

“İstənilən halda, neft-qaz sektoru kiçildikcə, digər sahələr avtomatik olaraq böyüyür. Bunun əvəzinə daha ambisiyalı hədəflər qoymaq olardı. Əsas sual isə odur ki, turizm indi dövlət büdcəsinə nə qədər gəlir gətirir və 5 il sonra nə qədər gəlir gətirəcək? Proqramda mən buna rast gəlmədim”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?

14 Avqust 2026

president.az

Azərbaycanda heyvan bazarlarının tədricən bağlanaraq onlayn satışla əvəz olunması planlaşdırılır.  Bu barədə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib. O, əsas kimi qurum tərəfindən aparılan yoxlamalar zamanı 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.  “Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci dövlət proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”, - o qeyd edib. ...
İqtisadiyyat

DSK: “Azərbaycanlılar xərclərinin təxminən 54 faizini ərzaq, içki və tütünə sərf edib”

13 Avqust 2026

açıq mənbə

Azərbaycan vətəndaşlarının istehlak xərclərinin təxminən 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,7 faizi isə qeyri-ərzaq mallarının payına düşüb. Dövlət Statistika Komitəsinin (DSK) avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 38 milyard 358,5 milyon manatlıq mal satılıb. Bunun 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib....

Seçilmiş Videolar

Toplum TV loqo