İqtisadiyyat

Varlı Azərbaycan, yoxsul Ermənistan: hansının zənginləri əslində daha zəngindir?

22 Dekabr, 2025
252

Foto: açıq mənbə

Azərbaycan əhali sayına görə Cənubi Qafqazın digər iki ölkəsinin hər birindən 3-4 dəfə, nominal Ümumi Daxili Məhsul (ÜDM) həcminə görə isə təxminən 2,5 dəfə irəlidə olsa da, rifah göstəriciləri baxımından ildən-ilə bu ölkələrdən geri qalır.

2024-cü ilin yekunlarına əsasən, adambaşına düşən ÜDM-in ABŞ dolları ilə ifadəsində Azərbaycan Gürcüstandan (9,4 min dollar) 30%, Ermənistandan (8,9 min dollar) isə 23% geri qalır.

Zaman keçdikcə bu ölkələr arasında maaş fərqləri də sürətlə artır. Hər üç ölkənin statistika qurumlarının 2025-ci ilin oktyabr ayının sonunadək açıqladığı məlumatlara görə, iqtisadiyyat üzrə orta aylıq əməkhaqqı Gürcüstanda 845 dollar, Ermənistanda 770 dollar, Azərbaycanda isə 640 dollar olub. Göründüyü kimi, orta maaş səviyyəsinə görə Gürcüstan Azərbaycanı 32% üstələyir.

Hazırda hər üç ölkədə dövlət sektorunda aylıq maaşlar təxminən eyni səviyyədədir - 600 dollar ətrafında. Əsas fərqlər isə özəl (biznes) sektorunda formalaşır. Belə ki, özəl sektor üzrə orta aylıq əməkhaqqı Ermənistanda 815 dollar, Gürcüstanda 790 dollar, Azərbaycanda isə 654 dollar təşkil edir. Bu göstəriciyə görə Azərbaycan Ermənistandan 24% geri qalır.

Müstəqil ekspertlərin fikrincə, rəsmi statistika Azərbaycan hökumətinin “Cənubi Qafqazın iqtisadi baxımdan ən güclü ölkəsi” tezisini faktiki olaraq təkzib edir. Belə ki, burada iki mümkün izah var və hər iki halda bu, hökumətin mövqeyi üçün əlverişsizdir: ya Azərbaycanda gizli iqtisadiyyatın payı daha yüksəkdir və rəsmi göstəricilər real vəziyyəti əks etdirmir, ya da doğrudan da qonşu ölkələrdə rifah səviyyəsi Azərbaycandan yüksəkdir. Əgər hökumət birinci versiyada israr edərsə, o zaman gizli iqtisadiyyatın real miqyasını da açıqlamaq məcburiyyətində qalacaq.

Ekspertlərin fikrincə, sosial şəbəkələrdə və onlayn mediada aparılan müqayisələr adətən üzdə olan sosial-iqtisadi göstəricilər - adambaşına ÜDM və ya maaş səviyyələri  üzərindən aparılır. Halbuki diqqətdən kənarda qalan, lakin rəsmi təbliğatı tamamilə puça çıxaran daha bir vacib göstərici mövcuddur. Söhbət əhalinin ən zəngin təbəqələri üzrə adambaşına düşən aylıq gəlirlərin müqayisəsindən gedir.

Ermənistanın yoxsulluq və sosial bərabərsizliklə bağlı açıqladığı rəsmi hesabata görə, 2024-cü ildə ölkədə ən zəngin 10%-lik əhali qrupunun adambaşına aylıq gəliri 645 dollar olub. Azərbaycan Dövlət Statistika Komitəsinin ev təsərrüfatları büdcə müayinəsinin nəticələrinə əsasən isə Azərbaycanda eyni qrup üzrə bu göstərici cəmi 450 dollar təşkil edib. Yəni Ermənistanın ən zəngin hesab olunan əhalisinin gəlirləri Azərbaycanla müqayisədə təxminən 45% daha yüksək göstərilir. Bu nə dərəcədə inandırıcıdır?

Müstəqil ekspertlər hesab edirlər ki, iri neft-qaz gəlirləri və daha geniş miqyaslı korrupsiya gəlirləri fonunda Azərbaycanda əhalinin ən zəngin 10%-lik hissəsinin Ermənistandakı analoji qrupdan daha böyük sərvətlərə sahib olması şübhə doğurmayan faktdır. Bu isə Azərbaycanda gəlir bərabərsizliyinin ölçülməsi ilə bağlı rəsmi statistikanın formal xarakter daşıdığını göstərir.

Eyni statistikaya görə, Azərbaycanda ən yoxsul 10%-lik əhali qrupu üzrə aylıq adambaşına gəlirlər Ermənistanla müqayisədə iki dəfə yüksəkdir. Beləliklə, rəsmi statistikanın yaratdığı mənzərə son dərəcə paradoksaldır: guya Azərbaycanın yoxsulları Ermənistandakılardan daha imkanlı, zənginləri isə onların zənginlərindən daha kasıbdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo