Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr, 2026
83

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir. 

Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. 

Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb. 

"Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib. 

Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə məhdudlaşdırılacağı, yaxınları tərəfindən ərzaq bağlamalarının qəbuluna isə yalnız üç aydan bir icazə veriləcəyi bildirilir. 

"Ardıcıl olaraq "kars"lardə saxlanılması nəticəsində İqbal Əbilovun xroniki bronxiti kəskinləşib, tənəffüs problemləri və tutmalar daha da artıb. Buna baxmayaraq, ona lazımi tibbi yardım göstərilmir. İqbal Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi onun həyatı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur", - komitə əlavə edib.

Müdafiəçilərinin sözlərinə görə, İ.Əbilova qarşı təzyiqlər onun məhkəməsində şair Əli Nasirin talış dilində yazdığı şeirin yer aldığı köynəyi geyinməsi, eləcə də Bakı İstintaq Təcridxanasında ona qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı insidentin mediada işıqlandırılması ilə əlaqəlidir.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust 2026

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb. “Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib. Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib. “Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə...
Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...

Seçilmiş Videolar

Toplum TV loqo