Manşet

Maliyyə naziri iqtisadiyyatın vergi yükü haqda yanlış məlumat verib?

3 Dekabr, 2025
308

Foto: Trend News Agency

Dekabrın 2-də parlamentdə büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Sahil Babayev qeyri-neft sektorunda çalışan muzdlu işçilər üçün gəlir vergisi güzəştlərinin ləğvini əsaslandırarkən ziddiyyətli açıqlamalar verib. 

Məlumat üçün bildirmək lazımdır ki, 2019-cu ilin yanvarından etibarən özəl sektorda çalışan şəxslərin 8000 manatadək olan aylıq gəlirləri tam gəlir vergisindən azad edilib və 7 illik güzəşt dövrü 2025-ci ilin yanvarında başa çatır.

Nazir bildirib ki, Azərbaycanın vergi gəlirlərinin ümum daxili məhsulda (ÜDM) payı 15,9 faizdir və “hatta 16 faizə belə çatmır”. Onun sözlərinə görə, region, post-sovet və inkişaf etməkdə olan ölkələrdə bu göstərici əsasən 19-23 faiz aralığında dəyişir.

Lakin müstəqil ekspertlər bu məlumatların manipulyativ xarakter daşıdığını bildirirlər. Onların fikrincə, nazir verdiyi rəqəmi hesablarkən yalnız dövlət büdcəsinin 2024-cü il üzrə 20,2 mlrd. manatlıq vergi gəlirləri və 126,3 mlrd. manatlıq ÜDM göstəricisini əsas götürüb. Bu yanaşma isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) metodologiyasına ziddir. OECD-yə görə, iqtisadiyyatın vergi yükü hesablanarkən yalnız vergilər deyil, həm də gəlirdən tutulan bütün məcburi sosial ödənişlər - sosial, tibbi və işsizlik sığortası haqları vergi yükünün tərkibinə daxil edilməlidir. Qurumun “Vergi siyasəti islahatları - 2024” hesabatında bu prinsip ayrıca vurğulanır. Yanaşmanın mahiyyəti odur ki, sosial sığorta haqları hüquqi baxımdan “vergi” adlandırılmasa da, iqtisadi məzmun etibarilə icbari ödənişdir və həm işçilərin, həm də biznesin sərəncamında qalan gəliri azaldır.

OECD metodologiyası ilə hesablama aparıldıqda 2024-cü ildə Azərbaycanın vergi yükü nazirin dediyi kimi 15,9 faiz deyil, 21,2 faiz təşkil edir. Belə ki, büdcənin 20,2 mlrd. manatlıq vergi gəlirlərinə əlavə olaraq 6,7 mlrd. manat sosial, tibbi və işsizlik sığortası ödənişləri də mövcuddur. Bu halda icmal büdcənin ümumi fiskal gəlirləri 26,9 mlrd. manat olur və Azərbaycanın faktiki vergi yükü nazirin istinad etdiyi post-sovet ölkələri ilə müqayisədə geri qalmır.

Ekspertlər həmçinin nazirin çıxışında səsləndirdiyi daha bir iddianın yanlış olduğunu bildirirlər. Nazirə görə, neft sektorunda daha yüksək, qeyri-neft sektorunda isə daha aşağı vergi rejimi tətbiq edilir. Lakin rəsmi rəqəmlər tam əksini göstərir. 2024-cü ildə dövlət büdcəsinin 20,2 mlrd. manatlıq vergi gəlirlərinin yalnız 3,6 mlrd. manatı neft-qaz sektorundan daxil olub. 

Bu göstəriciyə həmin sektor üzrə sosial fondlara ödənilən təxminən 1,2 mlrd. manat sığorta haqları və SOCAR-ın gəlir vergisi də əlavə edildikdə, neft-qaz sektorunun ümumi fiskal ödənişləri cəmi 4,8 mlrd. manat təşkil edir. Beləliklə, icmal büdcənin qalan 22,1 mlrd. manatlıq vergi və sosial ödənişləri qeyri-neft sektorunun payına düşür.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə neft-qaz sektorunda yaradılan əlavə dəyər 39 mlrd. manat, qeyri-neft sektorunda isə 76 mlrd. manat olub. Bu göstəricilərlə hesablama aparıldıqda neft sektorunun vergi yükü 12,3 faiz, qeyri-neft sektorunun vergi yükü isə təxminən 28 faiz təşkil edir. Yəni qeyri-neft sektorunda vergi yükü neft sektorundan təxminən 2,5 dəfə yüksəkdir. Buna baxmayaraq, maliyyə naziri çıxışında ictimaiyyətə bunun tam əksini iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo