Məhkəmə

Akif Qurbanov hakimə: "Madam ki, tapşırıq yerinə yetirmirsiniz, İlham Əliyevi də çağırıb dindirin"

26 May, 2026
389

Toplum TV

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə sədrlik edən hakim Azər Tağıyev iş üzrə məhkəmə istintaqının başa çatdığını elan edib və dövlət ittihamçısına söz vermək istəyib. Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov isə buna etiraz edib.

"Ötən prosesdə siz məhkəmə istintaqını yekunlaşdırmaq istədiniz, biz isə dedik ki, vəsatətlərimiz var. Vəsatətlərin bir qisminə müşavirəyə gedib baxmısınız, digərləri üçün isə sizdən vaxt istəmişik. Məhkəmə istintaqının bu cür tez-bazar yekunlaşmış elan edilməsi məhkəmənin vəzifələrinə, qanunla üzərinə qoyulmuş səlahiyyətlərinə uyğun deyil. Mən başa düşürəm ki, ağa sizə deyir sür dərəyə, siz də sürürsüz dərəyə. Amma burada mühakimə olunan insanlar elə adamlar deyil ki, onlara istədiyinizi edəsiniz", - o əlavə edib.

A.Qurbanov hakimin onun vəkili Fuad Ağayevdən Vəkillər Kollegiyasına şikayət etməsinə də etiraz edib. O, hakimdən bunu əsaslandırmasını istəyib. A.Tağıyev isə "bunu protokoldan oxuyarsınız" deyə cavab verib.

Daha sonra F.Ağayev çıxış edərək məhkəmənin ötən prosesdə onun ekspertizanın yenidən aparılması ilə bağlı vəsatətini təmin etmədiyini, bu qərara etiraz etmək istədiyini bildirib. Onun sözlərinə görə, hakim məhkəmə istintaqını yekunlaşdırmaqla ona etiraz etməyə imkan vermir. A.Tağıyev isə cavabında deyib ki, vəkil bu barədə apellyasiya şikayəti verə bilər.

A.Qurbanov növbəti dəfə çıxış edərək məhkəmə istintaqının davam etməsinin vacibliyini vurğulayıb. Hakim bu dəfə ona vəsatətlərini səsləndirməyə icazə verib.

A.Qurbanov vəsatət verərək məhkəmə protokollarında onun çıxışlarının təhrif olunduğunu və ya verilmədiyini bildirib. Onun sözlərinə görə, proseslərdə qərarlara etiraz etsə də, protokollarda onun etiraz etmədiyi yazılır.

"Həmçinin, çıxışlarımda ölkədə siyasi mühit haqqında danışarkən işlətdiyim "diktatura" və "tək adam rejimi" kimi ifadələr protokollarda yer almır. Həbsimizin və saxta ittihamların arxasında ölkənin siyasi rəhbərliyinin durduğunu dəfələrlə desəm də, bu da protokollarda öz əksini tapmır. Amma çıxışlarımın siyasi çalar olmayan hissələrini nöqtə-vergülünə qədər dəqiq veriblər", - o söyləyib.

A.Qurbanov vəsatətində keçmiş protokollardakı boşluqların bərpa edilməsini, gələcək protokollarda da senzuraya son qoyulmasını xahiş edib.

A.Tağıyev cavabında bildirib ki, məhkəmədə eyni zamanda videoçəkiliş aparılır və gələcəkdə protokolla çəkiliş arasında ziddiyətlər yaranarsa, çəkilişdəki qeydlərə üstünlük veriləcək.

A.Qurbanov sonra məhkəmə istintaqında tədqiq olunmamış sənədlərin ya tədqiq olunması, ya da sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət verib. Onun vəsatəti əsaslandırarkən "tapşırıq" sözü işlətməsinə A.Tağıyev cavab verib.

"Siz burada tez-tez tapşırıq sözü işlədirsiniz. Mən sizə səmimi bir şey deyim. Bizə prosesin gedişi ilə bağlı heç kim tapşırıq verə bilməz. Yəni məhkəmə istintaqının yekunlaşması, sübutların dəyərləndirilməsi və s. bunları mən müəyyənləşdirirəm", - o qeyd edib.

"Azər bəy, yekun qərarı kim müəyyənləşdirəcək? Əsas odur", - deyə təqsirləndirilən şəxslərdən biri replika atıb.

A.Tağıyev vəsatətlə bağlı isə deyib ki, məhkəmənin gedişində tədqiq olunmamış sənədlər əhəmiyyətsiz hesab olunur və sübut kimi qiymətləndirilməyəcək.

A.Qurbanov digər vəsatətlərində ekspertiza rəyi vermiş şəxslərin daxil ola bilmədiyi texniki cihazların məhkəməyə gətirilməsini, təqsirləndirilən şəxslər tərəfindən açılmasını və oradakı elektron sənədlərin tədqiq olunmasını istəyib. O, həmçinin, ekspertlərin məhkəməyə çağırılmasını da istəyib.

Başqa bir vəsatətlə isə A.Qurbanov prezident İlham Əliyev və köməkçisi Hikmət Hacıyevin məhkəməyə gətirilib dindirilməsini istəyib.

"İlham Əliyev özü çıxışında deyib ki, biz Gürcüstan üzərindən xarici təşkilatlardan qrant əldə etmişik və cinayət əməlləri törətmişik. Hikmət Hacıyev də burada əyləşən Fərid İsmayılova COP29-da verdiyi açıqlamada qeyd edib ki, biz qaçaqmalçılıq etmişik. İndi madam ki, siz tapşırıqla iş görmürsünüz, onda xahiş edirəm bu adamların buraya çağırılması ilə bağlı qərar verərək bir tarix yazın", - o, hakimə xitabən bildirib.

A.Qurbanov son vəsatətində isə İlham Əliyev də daxil olmaqla bir sıra rəsmi şəxslərin, polis və müstəntiqlərin, eləcə də Azər Tağıyev də daxil olmaqla işə baxan hakimlərin gələcəkdə demokratik respublika qurulduqda mühakimə olunması üçün müstəqil komissiyanın yaradılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Fasilədən sonra təqsirləndirilən şəxslər prosesə qatılmaqdan imtina ediblər. Məhkəmə növbəti prosesi iyunun 8-ə təyin edib.

Növbəti prosesdə dövlət ittihamçısının çıxış edəcəyi gözlənilir.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo