Foto: açıq mənbə
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və jurnalist Fikrət Fərəməzoğlunun birgə şikayətinə baxıb.
İyulun 15-də dərc olunan qərarda AİHM ərizəçilərin xeyrinə qərar verib.
Bağırzadə və Fərəməzoğlu şikayətlərində müvafiq olaraq 2015 və 2016-cı illərdə polis tərəfindən saxlanılan zaman, o cümlədən həbs müddətində, işgəncəyə məruz qaldıqlarını bildiriblər. Onlar, həmçinin, işgəncə faktlarının aidiyyatı qurumlar tərəfindən araşdırılmadığını iddia ediblər.
Hökumət tərəfi məhkəməyə cavabında ərizəçilərin iddialarını rədd edib, sadəcə qeyd edib ki, Bağırzadə və digər Müsəlman Birliyi Hərəkatı üzvləri saxlanılan zaman polisə silahla müqavimət göstəriblər və buna görə yaralanıblar.
AİHM pis rəftarla bağlı tutarlı sübutların olmasına baxmayaraq prokurorluq və məhkəmə orqanlarının iddiaları araşdırmadığını deyib.
“Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilərin pis rəftarla bağlı iddiaları üzrə aparılmış istintaq qeyri-effektiv olmuşdur. Buna görə də, hər iki ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncəyə məruz qalmamaq hüququ) prosedur aspekti üzrə pozuntu baş vermişdir”, - qərarda qeyd olunub.
Bağırzadə ərizəsində həm də saxlanma müddətində ayaqlarında qamçılanma nəticəsində yaralar əmələ gəldiyini deyib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlə Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları isə məhkəməyə cavabda iddianı rədd edib və bildirib ki, Bağırzadə yataqdan yıxılaraq sözügedən zədələri alıb.
Məhkəmə hökumətin açıqlamasını inandırıcı saymayıb.
“Məhkəmənin fikrincə, BMCMİ əməkdaşları tərəfindən verilmiş yuxarıda qeyd olunan izahat inandırıcı bir cavab kimi görünmür. Məhkəmə hesab edir ki, bu rəftar əsassız və ciddi xarakter daşıyır və buna görə də işgəncə kimi xarakterizə oluna bilər”, - qərarda yazılıb.
AİHM, həmçinin, ərizəçilərə dövlət tərəfindən təyin olunan vəkillərin işgəncə şikayətləri ilə bağlı lazımi prosedurlara baş vurmadığına və onların ailələri ilə əlaqəsinə dərhal imkan yaradılmadığına diqqət yetirib. Məhkəmə ailə üzvləri ilə əlaqənin və saxlanılan şəxsin öz seçdiyi vəkillə təmin olunmasının “şiddət və pis rəftara qarşı vacib müdafiə tədbirlərindən” olduğunu vurğulayıb.
AİHM ərizəçilərə münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu tanıyıb və Bağırzadəyə 10 min, Fərəməzoğluna isə 5 min avro təzminat təyin edib.
Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.
İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.
Fikrət Fərəməzoğlu isə 2016-cı il iyununda saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə pul tələb etmə) ittiham verilib.
O, 2017-ci ilin iyununda 7 il azadlıqdan məhrum edilib. Jurnalist 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Azərbaycan prezidenti İlham Əliyev bu ilin aprelində çıxışında deyib ki, Azərbaycan daha AİHM qərarlarını tanımayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: VOA