Foto: VOA
Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov cərimə kamerasında (“karser”) qalmaqda davam edir.
İctimai fəal Əmrah Təhməzov “Facebook” səhifəsində yazıb ki, noyabrın 17-də B. Səmədovun “karser”də saxlanılmasına dair şikayətinə baxılıb. Məhkəmə prosesi fəalın saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib.
Məhkəmədə B. Səmədov və vəkili Zibeydə Sadıqova çıxış edərək “karser”də saxlanılmanın qanunsuz olduğunu bildiriblər. Lakin məhkəmə şikayəti baxılmamış sayıb və qeyd edib ki, bu məsələyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
Proses zamanı məlum olub ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi B. Səmədovun qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi barədə məhkəməyə vəsatət verib. Z. Sadıqova vaxt çatışmazlığı səbəbindən vəsatətin müzakirəsində iştirak edə bilməyəcəyini bildirib və buna görə məhkəmə prosesi təxirə salınıb.
B. Səmədov oktyabrın 20-dən “karser”də saxlanılır. Müəssisə rəhbərliyi bunu Bəhruz Səmədovun “daxili qaydaları pozması” ilə əsaslandırır.
Fəal oktyabrın 25-də “karser”dən çıxarılmalı olsa da, müəssisə rəhbərliyi onun orada saxlanılma müddətini daha bir ay uzadıb.
Ə. Təhməzovun bildirdiyinə görə, müəssisə rəisi fəalın “karser”də qalmasını ümumi kamerada Qarabağ müharibəsi iştirakçısının olması ilə izah edib. Rəis iddia edib ki, B. Səmədov dövlətə xəyanətdə ittiham olunduğu üçün onların arasında münaqişə yarana bilər.
Yaxınları xatırladır ki, B. Səmədov həbsdə iki dəfə intihara cəhd edib və hər dəfə son anda xilas olunub.
Baş verənlərlə bağlı Penitensiar Xidmət hələlik açıqlama verməyib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"