Məhkəmə

Əhməd Məmmədli: “Taksidəki guya təsadüfi sərnişinlər bir-birini öncədən tanıyıblar”

4 Dekabr, 2025
217

Foto: sosial media

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Komitənin açıqlamasına görə, prosesdə iş üzrə hal şahidlərinin ifadələri dinlənilib.

Prosesi izləməyə gedən Müsavat Partiyasının üzvü Əlikram Xurşidov bildirib ki, hal şahidlərinin ifadələri bir-birini təsdiq etmir:

“Hal şahidləri Əhməd Məmmədlinin həbs olunduğu gün baş verən, dırnaqarası hadisəni bir-birindən fərqli şəkildə təsvir etdilər və əslində özlərini ifşa etdilər. Məhkəmənin gedişatı göstərir ki, Əhməd Məmmədli günahsızdır və ona qarşı irəli sürülən əsassız ittihamlar onun ictimai fəaliyyəti ilə bağlıdır”.

Məlumata görə, Məmmədli çıxışında bildirib ki, hadisənin baş verdiyi taksidəki “təsadüfi sərnişinlər”in bir-birini əvvəldən tanıyıblar və onların bir-birini tanımaması barədə iddialar həqiqəti əks etdirmir.

Prosesi izləyən Azərbaycan Talışları İctimai Şurası İdarə Heyətinin üzvü Hilal Məmmədovun sözlərinə görə, Məmmədlinin suallarından sonra hal şahidlərinin hər ikisinin Naxçıvanın eyni qəsəbəsindən olduqları məlum olub:

“Hal şahidləri bunu təsadüf adlandırdılar. Həmin anda Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək bildirdi ki, əgər bir-birinizi tanımadan taksiyə əyləşmisinizsə, bəs necə olur ki, sosial şəbəkədə də bir-birinizin dost siyahısındasınız? Bu, prosesin əvvəlcədən hazırlanmış ssenari üzrə qurulduğunu göstərir. Ölkədə bir gənci həbs etmək üçün belə bir şouya ehtiyac yaranıb”.

Əhməd Məmmədli öncəki proseslərin birində saxlanıldığı gün yaşadıqlarını belə təsvir etmişdi:

“Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev, qapı tərəfdə isə mən əyləşmişdim. Bizim ortamızda isə tanımadığım başqa şəxs əyləşmişdi. “Manatlıq taksi” idi və son sərnişin mən idim. Yol boyu hər hansı bir mübahisə olmayıb. Hər kəs yorğun qayıdırdı. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı, sonra qapı açıldı. Çöldə bir nəfər hazır gözləyirdi. Mən oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi. Onda başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: “Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?” və s. İşgəncələrdən sonra məni qandallayıb maşına qoydular. Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. İzləyirdim görüm hansı ssenari quracaqlar. Ərazini lentlədilər, bıçağı isə götürüb sellofana qoydular”.

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. 

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo