Siyasət

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib

21 Oktyabr, 2026
53

Azərtac

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Nazirlik bu barədə oktyabrın 21-də məlumat yayıb.

Açıqlamada deyilir ki, həmin şəxslər müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə “Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş” açıqlamalar yaydıqlarına görə siyahıya salınıblar.

Nazirlik onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulduğunu bildirib.

Siyahıda İyison Medya şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri Ahmet Barış İyison, blogerlər Cem Özyurt və Cüneyt Sezer, jurnalistlər Akın Duru, Dursun Eker, Adem Özköse, Hakkı Eren, Okan Aytaş, Mert Armağan, Ahmet Sırrı Arvas, Yusuf Kaplan və Yaşar Yavuz da var.

Adları çəkilən şəxslər arasında “Yeniden Refah” Partiyasının sədri Fatih Erbakan, HÜDA PAR sədrinin müavini Yahya Uğraş, HÜDA PAR-ın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri Sait Seyitoğlu, “Toprak” Partiyasının sədri Ömer Ulutaş, keçmiş AK Parti Boğaziçi Gənclik Qolları sədri Muharrem Çavuş və millət vəkili Ömer Faruk Gergerlioğlu da yer alır.

Siyahıya, həmçinin, Marmara Universitetinin İlahiyyat fakültəsinin professoru və Ayasofya məscidinin imamı Mehmet Boynukalın, “Köklü Değişim” media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım, dini yazarlar Mikail Ayyıldız və Halil Atakan Ay, araşdırmaçı yazar Ahi Aratoğlu, iqtisadçı Aydın Binboğa, ictimai xadim Serhat Koyuncu, “Erte Medya”nın sahibi Erdinc Teğmen, keçmiş millət vəkili Ahmet Çakar, “TV NET” və “Yeni Şafak”la əməkdaşlıq edən İsmail Kılıçarslan, eləcə də “Akit TV” əməkdaşları Murat Şahin, İrfan Kaya Ülger və Fatin Dağistanlı daxil edilib.

“Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək”, - XİN bildirib.

Məlumat Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərin Türkiyədə müzakirə və etirazlara səbəb olduğu dövrdə açıqlanıb.

Oktyabrın 19-da isə Baş Prokurorluq Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə daha yeddi Türkiyə vətəndaşının beynəlxalq axtarışa verildiyini açıqlamışdı.

Axtarışa verilənlər arasında “Haksöz” jurnalının müəllifi Rıdvan Kaya, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran, “Analiz Merkezi”nin təsisçisi Fatih Tezcan, hüquq bürosunun rəhbəri Əhməd Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkulu var.

Baş Prokurorluğu həmin şəxslərin sosial şəbəkələrdə və Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiklərini iddia edib. Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl, oktyabrın 16-da Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi barəsində də cinayət işi açıldığı və onun beynəlxalq axtarışa verildiyi bildirilmişdi. O, məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətləri tənqid etdikdən sonra hakimiyyəti zorla ələ keçirməyə çağırış, dini nifrətin qızışdırılması və dini ekstremizm ittihamları ilə təqsirləndirilib.

Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqinə dair qərarından sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, məktəblər sənədi dünyəvilik prinsipinə zidd geyimlərə icazə verilməməsi kimi tətbiq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo