Məhkəmə

Əli Kərimlinin mühafizəçisi 9 il azadlıqdan məhrum edilib

30 İyul, 2026
18

açıq mənbə

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə partiya üzvünə hökm oxunub.

Hökmə əsasən, Kənan Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı ona 10 il cəza istəmişdi və iddia etmişdi ki, AXCP fəalına qarşı Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə irəli sürülən ittiham məhkəmədə təsdiqini tapıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov “Toplum TV”-yə deyib ki, K.Zeynalov hökmdən əvvəl son sözündə ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və bildirib ki, sadəcə AXCP üzvü olduğuna, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırılır.

“Biz inanclılar Ramazan ayında adi ağcaqanad dişləyəndə də onu vurmuruq, o ki qaldı, kiməsə bıçaqla xəsarət yetirək. Mən hər kəsin yanında namusuma and içirəm ki, mən o şəxsi vurmamışam. Ümumiyyətlə, məndə heç vaxt bıçaq olmayıb. Hər şeyi buraxıram sizin ədalətinizə”, - Zeynalov son sözündə bildirib.

Hakimin “Bəraət istəyirsiniz?” sualına Kənan Zeynalov belə cavab verib: “Mən sizdən bəraət istəmirəm, mən sizdən ədalət istəyirəm. Əgər ədalətiniz olsaydı, siz elə əvvəldən dırnaqarası zərərçəkmişi də, saxta ifadə verən şahidi də tutub içəri salardınız”.

Ardınca Zeynalovun vəkili Nazim Musayev çıxış edib.

Vəkil ümumiyyətlə məhkəmə istintaqının yekunlaşdırılmasına qarşı çıxıb və vurğulayıb ki, araşdırma zamanı həqiqətin üzə çıxması üçün irəli sürdükləri vəsatətlərin heç biri təmin olunmayıb.

Müdafiəçi ötən proseslərin birində K.Zeynalovu saxlayan üç polis əməkdaşının və cinayət işi üzrə hal şahidi qismində tanınan şəxslərin məhkəmədə dindirilməsini istəyib. Lakin vəsatət təmin olunmamışdı. 

Müdafiə tərəfi bildirirdi ki, ekspert rəyində bıçaqlandığı iddia olunan A.Rəhimovun köynəyinin üzərində üç yanaşı deşik olduğu göstərilib:

"Bu rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar. Köynək də maddi sübutdur və müdafiə tərəfi olaraq ona baxmaq hüququmuz var. Xahiş edirik, gətirin, ona baxış keçirək, görək, yazılanlar nə dərəcədə həqiqətdir”.

Kənan Zeynalov ötən il martın 22-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.

Əli Kərimlinin digər ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov da uzunmüddətli həbsdədir. O, 2021-ci ildə terrorizm ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP-nin 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevin məhkəməsi davam edir: "Bu proses söz davası olmamalıdır"

30 İyul 2026

Sosial media

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.  İttiham tərəfi K.İsayevin dövlət əleyhinə cinayətlər törətdiyi iddia olunan videogörüntülər nümayiş etdirib və sosial media paylaşımlarından sitatlar gətirib. Videolarda K.İsayevin Böyük Çilə və Novruz bayramından danışdığı müşahidə olunub.  Hakimlərdən biri K.İsayevdən sosial mediada "Talış-Muğan Respublikası" haqda paylaşımlar etməsi haqda soruşub. O isə başqalarının paylaşımlarını "repost" etdiyini, bunun həmin fikirlərlə razılaşdığı mənasına gəlmədiyini bildirib.  Daha sonra ondan sosial mediada "türklərin Azərbaycana qaçıb gəldiyini" iddia edən paylaşım etməsi haqda soruşulub. K.İsayev cavab verib ki, türkdilli...
Məhkəmə

Kommunist fəallara 1,5-2 il həbs cəzası verilib

29 İyul 2026

sosial media

Ötən ilin noyabrında Bakıda SSRİ bayraqları ilə yürüş etdikdən sonra həbs olunmuş kommunist fəalların məhkəmə prosesi sona çatıb.  İyulun 29-da Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, fəallardan İbrahim Əsədli və Abdulla İbrahimli 2, Elçin Bayramlı və Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərdən İ.Əsədli son sözündə həbsini siyasi sifariş adlandırıb. "Azərbaycanın sovet keçmişini xalqın yaddaşından silmək istəyirlər. Qorxurlar ki, 30 illik fiaskonu camaat görər. Bunlar...

Seçilmiş Videolar

Toplum TV loqo