Məhkəmə

Jurnalistləri Müdafiə Komitəsi “ToplumTV işi” üzrə çıxaırlan hökmləri pisləyib

29 İyul, 2026
40

Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 27-də  "ToplumTV işi" üzrə jurnalistlərə və digər şəxslərə 15 ilədək həbs cəzası verilməsini qətiyyətlə pisləyib.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona Obrayen bildirib ki, “Toplum TV” ilə əlaqəli doqquz nəfərə ağır cəzaların kəsilməsi "beynəlxalq hesabatlılığın olmamasının Azərbaycan prezidenti İlham Əliyev kimi avtoritarları necə cəsarətləndirdiyinin klassik nümunəsidir. 

“Hazırda Azərbaycanda 20-dən çox jurnalist və media işçisi əsassız olaraq həbsdədir və onlar müstəqil jurnalistikaya qarşı amansız repressiyanın qurbanlarıdır. Xüsusilə Avropa dövlətləri anlamalıdır ki, Əliyev hakimiyyəti ilə getdikcə istiləşən münasibətləri və onu beynəlxalq insan hüquqları standartlarına riayət etməyə məcbur etməmələri təkcə Azərbaycanın daxilində dağıdıcı nəticələr doğurmur, həm də onların media azadlığını müdafiə etdikləri barədə iddialarını sarsıdır”, - deyə Obrayen bildirib

Komitə bildirir ki, təqsirləndirilən şəxslər 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi nəzarəti bərpa etməsindən sonra mətbuata və vətəndaş cəmiyyətinə qarşı başlanan genişmiqyaslı repressiyalar çərçivəsində həbs olunan onlarla jurnalist və hüquq müdafiəçisi arasındadır: “Jurnalistlərin əksəriyyətinə Qərb maliyyəsini qəbul etməklə bağlı ittihamlar irəli sürülüb. Bu proses hərbi əməliyyatlardan sonra Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsi fonunda baş verib”.

CPJ xatırladır ki, Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyəti təşkilatlarından xarici qrantlar üçün dövlətin razılığını almağı tələb edir. Əlavə edilir ki, hakimiyyət hədəf alınan media qurumlarının bu tələblərə əməl etmədiyini iddia edir.

“Oxşar işlər üzrə qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, belə pozuntular Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti ilə deyil, cərimə ilə cəzalandırılmalıdır. Müstəqil ekspertlər isə bildirirlər ki, hakimiyyət xarici qrant almaq istəyən müstəqil təşkilatların qeydiyyatından imtina etdiyinə görə onların bu vəsaitləri qanuni şəkildə qəbul etməsi faktiki olaraq mümkün olmur. CPJ-nin jurnalistlərin həbsi ilə bağlı 2025-ci il siyahıyaalmasına əsasən, Azərbaycan jurnalistləri həbsdə saxlayan ölkələr arasında dünyada altıncı yerdədir”, - açıqlamada deyilir.

Komitə onu da qeyd edir ki, hakimiyyət həmçinin beynəlxalq medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və mühacirətdə yaşayan jurnalistlərə qiyabi qaydada uzunmüddətli həbs cəzaları verib.

CPJ məsələ ilə bağlı şərh almaq üçün Azərbaycan Baş Prokurorluğuna elektron məktub ünvanlasa da, cavab ala bilmədiklərini bildirib.

İyulun 27-də “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.

Bundan başqa, təqsirləndirilən şəxslərlə bağlı qaldırılan mülki iddia təmin edilib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirə olunmasına qərar verib.

2024-cü il martın 6-da “Toplum TV”-nin ofisində və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Həmin vaxt bu işlə bağlı 7 nəfər həbs olunmuşdu. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov barəsində əvvəlcə alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında Fərid İsmayılov da həbs edilmişdi.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Bu iş üzrə həbs olunan şəxslər ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kommunist fəallara 1,5-2 il həbs cəzası verilib

29 İyul 2026

sosial media

Ötən ilin noyabrında Bakıda SSRİ bayraqları ilə yürüş etdikdən sonra həbs olunmuş kommunist fəalların məhkəmə prosesi sona çatıb.  İyulun 29-da Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, fəallardan İbrahim Əsədli və Abdulla İbrahimli 2, Elçin Bayramlı və Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərdən İ.Əsədli son sözündə həbsini siyasi sifariş adlandırıb. "Azərbaycanın sovet keçmişini xalqın yaddaşından silmək istəyirlər. Qorxurlar ki, 30 illik fiaskonu camaat görər. Bunlar...
Məhkəmə

Avropa Mətbuat Azadlığı Mərkəzi "Toplum TV işi" üzrə hökmü qınayır

29 İyul 2026

ecpmf.eu

Avropa Mətbuat Azadlığı Mərkəzi (ECPMF) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayan bəyanat yayıb.  İyulun 28-də verilən bəyanatda deyilir ki, hökm Azərbaycanda müstəqil jurnalistikaya qarşı "davam edən repressiyaların ciddi şəkildə dərinləşdiyini göstərir və ölkədə artıq xeyli daralmış azad və tənqidi jurnalistika üçün mövcud məkanı daha da məhdudlaşdırır."  "İttihamlar Azərbaycanın məhdudlaşdırıcı media qanunvericiliyindən qaynaqlanır. Həmin qanunvericilik müstəqil media qurumlarının xarici maliyyə dəstəyi almasını faktiki olaraq mümkünsüz edir. Maliyyələşmə mexanizmlərinin kriminallaşdırılması isə hakimiyyət tərəfindən müstəqil jurnalistikanı hədəfə almaq və tənqidi səsləri susdurmaq üçün istifadə olunan alətə çevrilib", - deyə qeyd olunub.  ECPMF bu hökmü Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı "susdurmaq məqsədilə cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo