Məhkəmə

Hüseyn Məlik məhkəmədə: “Tofiq Yaqublu dedi ki, bu, hakimiyyətin təxribatçısıdır, diqqətli olun”  

29 Noyabr, 2024
172

Sosial şəbəkə hesabı

Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Elnur Nuriyev sədrlik edir. 

Tofiq Yaqubluya verilmiş ittihama görə, guya zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Vasitəçilik edən Elnur Məmmədov da həmin vəsaiti alaraq Tofiq Yaqubluya çatdırıb. Elnur Məmmədov Tofiq Yaqublu ilə birlikdə mühakimə olunur. T. Yaqublu ittihamları qəbul etmir.  

Bugünkü məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş əlavə şahidlər dindirilib. Əvvəlcə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ifadə verib. İttihama görə, Elnur Məmmədov tanışına saxta viza düzəltdirmək üçün pulu ötən il dekabrın 8-də günorta saat 4 radələrində Zabrat ərazisində Tofiq Yaqubluya verib. Tofiq Yaqublu isə məhkəmədə bildirib ki, həmin vaxt Vidadi Mirkamalın bağ evində keçirilən Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında olub. Elə müdafiə tərəfi də Vidadi Mirkamalın dindirilməsini buna görə istəyib. 

Vidadi Mirkamal məhkəməyə bildirib ki, 2016-cı ildən Milli Şuranın Koordinasiya Mərkəzinin iclasları onun bağ evində keçirilir. Həftədə bir dəfə keçirilən iclas saat 3-dən 7-dək davam edir. Noyabrın 8-də Tofiq Yaqublu saat 3-ün yarısında bağa gəlib, axşam saat 7 radələrində iclas başa çatandan sonra bağdan ayrılıb. 

“Tofiq bəy çox  intizamlı adamdır. İclas yerinə hamıdan tez gəlir. Həmin gün də saat 3-ün yarısı artıq bağda idi. Telefonlarımızın dinlənilməsi barədə məlumatlı idik deyə, elə 2016-cı ildən iclas başlayana yaxın telefonları yığıb bağ evimin başqa otağına qoyardıq, iclas başa çatanadək heç kəs telefon olan otağa girə bilməzdi. Yəni Tofiq bəy iclas zamanı nəinki evdən çıxıb harasa gedib, heç telefonuna da yaxın getməyib”, Vidadi Mirkamal söyləyib.  

Şahid onu da deyib ki, Tofiq Yaqublu son vaxtlar Milli Şuranın Koordinasiya Mərkəzinin whatsapp qrupunda izlənilməsindən yazırmış. Bunu Tofiq Yaqublu da təsdiqləyib: “Bəli, yazırdım ki, indi də hakimiyyətin yaratdığı təzə heyət başqa maşınlarla məni addım-addım izləyir”. 

Sonra müdafiə tərəfinin digər əlavə şahidi Hüseyn Məlikov dindirilib. Bir müddət əvvəl təqsirləndirilən Elnur Məmmədov məhkəməyə verdiyi ifadəsində demişdi ki, zərərçəkən Elşən Hüseynovu Almaniyaya göndərmək üçün Tofiq Yaqubluyla Bakı Apellyasiya Məhkəməsinin qarşısında görüşüb. Tofiq Yaqublu isə bunu inkar etmişdi. Bildirmişdi ki, ötən ilin oktyabr, noyabr və dekabr aylarında Qubad İbadoğlunun Nərimanov Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmələrinə gedərkən Elnur Məmmədovu da orada görüb. T.Yaqublunun sözlərinə görə, Elnur Məmmədov ona yaxınlaşaraq QHT rəhbəri olduğunu, Saakaşvinin hüquqlarını Müdafiə Komitəsi yaratmaq istədiyini bildirib. O da Elnur Məmmədovun hakimiyyət tərəfindən göndərilmiş təxribatçı olmasından şübhələndiyindən onunla ünsiyyətdən qaçıb. 

Hüseyn Məlikov məhkəməyə bildirib ki, Qubad İbadoğlunun məhkəmələri keçiriləndə o da hər dəfə dəstək olmaq üçün məhkəmə binasının qarşısına gəlib. Onun dediyinə görə, ötən ilin noyabrında Elnur Məmmədovu Bakı Apellyasiya Məhkəməsinin qarşısında əlində bir topa kağızla Tofiq Yaqubluya yaxınlaşdığını görüb: “Tofiq bəyə deyirdi ki, Saakaşvilinin hüquqlarını müdafiə  etmək üçün imza toplayır. Tofiq bəy mənə dedi ki, bu adam hakimiyyət tərəfindən üstümüzə göndərilib ki, bizi şərləsin, diqqətli olun. Mən də dostlarımıza tapşırmışdım ki, bu adamı özlərinə yaxın buraxmasınlar”. 

Hakim H.Məlikovdan soruşub: “O adamı zalda göstərə bilərsiniz?” 

Məhkəmə salonunda əyləşənlərə göz gəzdirən şahid nəzərlərini təqsirləndirilən Elnur Məmmədovun üzərində saxlayıb: “Budur. Məhkəmənin qabağına gələndə başına parik də qoyurdu”. 

Bu yerdə Tofiq Yaqublu “Kül bu hakimiyyətin başına, gör kimlərlə iş görüb. Gör İlham Əliyev kimlərin ümidinə qalıb” deyib. 

Hakim “ Sakit olun, qaydalara riayət edin” söylədikdə Tofiq Yaqublu cavab verib: “Qaydalara riayət olunmadığı üçün mən burda oturmuşam”. 

Daha sonra hakim şahid dindirmələrinin başa çatdığını və məhkəmə sənədlərinin tədqiqi mərhələsinin başladığını bildirib. 

Vəkil Aqil Layıc hakimə xatırladıb ki, məhkəmə başladığı vaxtdan anten məlumatların alınması ilə bağlı verilən vəsatət baxılmamış saxlanılıb: “Ötən məhkəmə iclasında prokuror bildirdi ki, anten məlumatların alınmasına qarşıdır, çünki şəxsi həyatla bağlı məlumatlara toxunulmuş olar. Ancaq bir daha bildirirəm ki, biz lokasiya məlumatlarının alınmasını istəyirik, şəxsi yazışma, danışıq məlumatları istəmirik”. 

Tofiq Yaqublu da əlavə edib ki, anten məlumatlar təqdim olunacağı halda istintaq orqanının onun Zabrat ərazisində pul alması iddiası darmadağın olacaq. Hakim bildirib ki, bu vəsatətə sənədlərin tədqiqindən sonra baxılacaq. 

Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin olunub. 

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.

Azərbaycan rəsmiləri isə Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas”çılara hökm oxundu 

20 İyun 2025

Foto: Abzas Media

“Abzas Media işi”  üzrə son məhkəmə prosesi baş tutub.  İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.  Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.  Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər. Jurnalistlər ittihamlarl qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.
Məhkəmə

Bəhruz Səmədova 16 il iş istənib

20 İyun 2025

Foto: sosial media

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  Prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib. Növbəti proses iyunun 23-ə təyin edilib. Ehtimal edilir ki, bu Səmədovun son məhkəməsi prosesi olacaq, o, son sözlə çıxış edəcək.  Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub. O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir. Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.

Seçilmiş Videolar

Toplum TV loqo