Məhkəmə

Jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir

17 Yanvar, 2026
77

Foto: sosial media

"Toplum TV” əməkdaşı, jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir.

"Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, 2025-ci il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib. 

F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

Jurnalist məhkəmə çıxışlarının birində həbsini belə təsvir edib:

“Yanvarın 17-də səs-küyə yuxudan ayıldım. Yatağıma maskalı şəxs tullanıb, əllərimi bağladı. Üzərimdə oturub, hərəkət etməyimə imkan vermədi. Təxminən 10 polis evi axtardı. İlk öncə elə başa düşmüşdüm ki, evə oğurluğa giriblər, polis yazısını görəndə rahatlamışdım. Yenə hüquq yox, qanun yox, əvəzində polis yazılı banditlər var idi. 

Məni Bakı Şəhər Baş Polis İdarəsinə(BŞBPİ), sonra Xətai Rayon Məhkəməsinə, sonra Bakı İstintaq Təcridxanasına gətirdilər. İndiyədək məndən ittihamla bağlı heç nə soruşulmayıb, sübut təqdim olunmayıb. Ancaq deyilib ki, niyə sakit durmursan? Yəni etiraf edirlər ki, 55 kiloqram çəkili gəncin suallarından qorxurlar. 

Dövlət Gömrük Komitəsi mənimlə bağlı bəyannamələri istintaqa təhvil verib. Qeyd olunur ki, məndə pul və ya qiymətli əşya olmayıb. Bəs qaçaqmalçılığı nə ilə əsaslandırırlar? 

Mərkəzi Bank sənəd təqdim edib ki, heç vaxt valyuta mübadiləsi etməmişəm və hesablarıma pul köçürülməyib. Bəs “çirkli pul”u necə yumuşam? 

49 şahid ifadə verib. Əksəriyyəti məni tanıyır, jurnalist olduğumu bildirirlər. Həmçinin, hər biri deyir ki, mən kimisə işə götürməmişəm, sıravi müxbir olmuşam. Bəs qanunsuz sahibkarlığı necə etmişəm? O da yoxdur. 

Ancaq yazılır ki, Fərid İsmayılovla Akif Qurbanovun yaxın əlaqəsi var. Səlim Müslümovun məhkəmələrini işıqlandırmışam. Deyək ki, A.Qurbanov cinayət törədib. S.Müslümovun əlaqəsi olan nazirlər həbs olunmamışdı. Bəs A.Qurbanovun əlaqəsi olanlar niyə həbs olunsun?

Araşdırmalarımla onlarla məmur və deputatın qanunsuz əməllərini işıqlandırmışam. Heç biri məsuliyyətə cəlb olunmur. Qanun deputata sahibkarlıq etməyi qadağan edir, heç biri həbs olunmur. Hökumətyönlü KİV-lər (məsələn, “İki Sahil”) vergini vaxtlı-vaxtında ödəmir, amma məsuliyyətə cəlb edilmir. Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsindən pul yumasını sübut edirəm, onlar da cinayət işi ilə sorğulanmır. Əvəzində bu cinayətləri ortaya çıxaran jurnalist həbs olunur. 

Mən Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Milli Məclislə əməkdaşlıq etmişəm. Çağırın, cavab versinlər, hara baxırdılar? Eləcə də Dövlət Gömrük Komitəsinin sədri. Cavab verməkdənsə, medal alır. 

İstintaq mənimlə bağlı yeganə “dəlil” kimi 3100 avronu əsas gətirir. Deyək ki, mənimdir. Bir insanın evində 3100 avro pulun olması niyə cinayət sayılmalıdır? Dövlət büdcəsinin pulları mənim evimdə yuyulmur. Prokurorluğun əvəzinə işləmişəm, tapmışam ki, Vüsal Kərimlinin mənzilində yuyulur. Gedib tuta bilirlərsə, tutsunlar. 

İttiham aktı söz yığınından başqa şey deyil. Amma mənim cinayət işimdə metro kartını bank kartı kimi yazıblar. Budur bu adamların savadı, şüuru? 

Bu adamlar bizim üzümüzə baxa, suallarımızı cavablandıra bilmirlər, Allaha necə cavab verəcəklər? Təsəvvür edin, məhkəmədən çıxıb evə gedirlər, övladlarına mənəviyyatdan, əxlaqdan danışırlar. O uşaqlar bir gün utanacaqlar ki, atamız üzədurandır. 

Suallara gəldikdə, 2000-ci ilin əvvəlində korrupsiya haqqında qanun qəbul olunub. İndiyədək bu adamlar bu qanunu işlətməyə cəsarət tapmayıblar, indi məni sorğulamaq istəyirlər? Gedib metro kartını bank kartından ayırmağı öyrənsinlər. 

Yeganə “cinayət”im dostlarımı tək qoymamaq, bu ölkədə jurnalistika ilə məşğul olmaqdır. Buna görə də təəssüflənmirəm”.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

"Meydan TV işi": Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib

14 Fevral 2026

Foto: Meydan TV

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. O, əlləri qandallı şəkildə zorla məhkəməyə gətirilməsinə etiraz edib.  Hakim bildirib ki, N.Librenin digər təqsirləndirilən şəxslər kimi məhkəməyə qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq. Özünü pis hiss etdiyini söyləyən N.Libre müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan jurnalist bildirib ki, təzyiqini ölçüblər və ona “korvalol” dərmanı veriblər. O, aclığı davam etdirmək...
Məhkəmə

AXCP fəalı Emil Səlim inzibati qaydada həbs olunub

13 Fevral 2026

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim inzibati qaydada həbs olunub.  AXCP-dən verilən məlumata görə, fevralın 13-də Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrlik etdiyi prosesdə E.Səlimə 20 sutka həbs cəzası verilib.  Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.  Azərbaycanda son vaxtlar bir sıra fəallar sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.  AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə uzunmüddətli həbsdədir.  Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo