Məhkəmə

Mehriban Rəhimli: "Azərbaycanda heç kim mənə rüşvət verməyə cəsarət edə bilməzdi"

28 aprel, 2026
407

Sosial media

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Rəhimli təqsirləndirilən şəxs qismində ifadə verib. O, çıxışında ittihamları rədd edib. 

M.Rəhimli vurğulayıb ki, "German Marşal Fondu" ilə 2008-ci ildən xidmət müqaviləsi əsasında məsləhətçi kimi çalışıb. Fəaliyyəti fondun Buxarest ofisinə təqdim edilən layihələrlə bağlı ilkin rəy bildirməkdən ibarət olub.

"İlkin rəydən sonra hər bir layihəni əvvəlcə fondun Buxarest ofisi, daha sonra Vaşinqtondakı baş ofis və İdarə Heyəti təhlil edir və yekun qərar qəbul olunurdu. Mən heç bir müqavilənin tərəfi olmamışam, fond tərəfindən heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb", - o deyib. 

M.Rəhimli təşkilatdan aldığı maaşlarının vergilərini ödədiyini bildirib. 

O əlavə edib ki, "German Marşal Fondu" uzun illər ərzində Azərbaycanda, əsasən, sosialyönümlü layihələrə, qadınlara dəstək, erkən və məcburi nikahların qarşısının alınması, maarifçilik məzmunlu təşəbbüslərə maliyyə ayırıb. 

"Davamlı və ən irihəcmli maliyyə dəstəyi Autizm Mərkəzinə ayrılıb, eyni zamanda ölkə boyu maliyyə icma quruculuğuna, qadın sahibkarlığına, ekoloji təşəbbüslərə və maarifləndirmə işlərinə yönəldilib. Məsələn, fondun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində 27 kitabxana açılıb", - o qeyd edib. 

M.Rəhimli ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırıb.

Dövlət ittihamçısı ondan müəyyən gəlir müqabilində vətəndaş cəmiyyəti üzvlərinin layihələrinə müsbət rəy verib-vermədiyini soruşub. 

"Azərbaycanda heç kim mənə rüşvət verməyə, bunu təklif etməyə belə cəsarət edə bilməzdi", - M.Rəhimli prokurora belə cavab verib. 

Məhkəmə prosesi mayın 18-ə təxirə salınıb. 

Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. 

Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib. 

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo