Məhkəmə

Məmməd Alpay: "USAID-dən dövlət qurumları milyonlarla dollar alıb, amma bu iş üzrə biz həbs olunmuşuq"

12 İyun, 2026
127

Sosial media

İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpayın (Məmmədzadə) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu“ yazır k, iclasda ifadə verən M.Alpay bildirib ki, o və bir sıra vətəndaş cəmiyyəti fəalları əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs olunublar. Onun sözlərinə görə, sonradan işin istiqaməti dəyişdirilib və fərqli ittihamlar irəli sürülüb.

Artıq 1 il 3 aydır həbsdə olan M.Alpay mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamları ilə mühakimə olunur. İstintaq orqanı onun aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyini iddia edir.

Təqsirləndirilən şəxs isə ittihamları rədd edir. O, həbsinin ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə əlaqəli olduğunu bildirib. Çıxışında 2014-cü ildən qeyri-hökumət təşkilatlarına qarşı tətbiq olunan məhdudiyyətlərə də toxunan M.Alpay, Azərbaycanın hazırda siyasi repressiyalar baxımından ağır dövr yaşadığını vurğulayıb.

Məhkəmədə çıxışı zamanı M.Alpay istintaq və məhkəmə orqanlarının onun təqsirsizlik prezumpsiyasına hörmət etmədiyini iddia edib. Onun sözlərinə görə, istintaq başa çatmadan və məhkəmə hökmü qüvvəyə minmədən müxtəlif rəsmi sənədlərdə və qərarlarda ona faktiki olaraq təqsirli şəxs kimi yanaşılıb.

O, həmçinin bildirib ki, istintaq materiallarının bir hissəsi ictimaiyyətə açıqlanmamalı olduğu halda, müxtəlif media resurslarında yayılıb. M.Alpayın sözlərinə görə, bu məlumatlar əsasında televiziya kanallarında və bəzi internet nəşrlərində onun və digər vətəndaş cəmiyyəti nümayəndələrinin hədəfə alındığı materiallar dərc olunub.

Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qurumun dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi ilə bağlı ittihamlara da münasibət bildirib. O qeyd edib ki, qanunvericilik ictimai birliklərin yalnız qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə biləcəyini nəzərdə tutmur. M.Alpayın sözlərinə görə, həm onun rəhbərlik etdiyi təşkilat, həm də digər qeyri-hökumət qurumları dəfələrlə dövlət qeydiyyatı almaq üçün Ədliyyə Nazirliyinə müraciət etsələr də, müraciətlər müsbət cavablandırılmayıb:

"Ədliyyə Nazirliyi seçki monitorinqi, insan hüquqları və demokratiya istiqamətində fəaliyyət göstərmək istəyən ictimai birlikləri qeydiyyata almır. Qrantların qeydiyyatı zamanı nazirlik bizi birlik kimi tanımaqdan imtina edir. Amma Baş Prokurorluq istintaq aparanda bizi birlik kimi görür. Bu, tamamilə absurd yanaşmadır. Üstəlik, Azərbaycan hökuməti 2022-ci ildə Avropa Şurası Nazirlər Komitəsi qarşısında bəyan edib ki, QHT-lərin dövlət qeydiyyatı könüllüdür və ölkədə rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərən QHT-lər də var".

O, USAID-dən qrant almış və ya xidmət müqaviləsi əsasında çalışmış vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan qarayaxma kampaniyasından, onların ünvanına "xain", "agent" kimi ifadələrin səsləndirilməsinə də toxunub. Məmməd Alpay vurğulayıb ki, vaxtilə USAID-dən Azərbaycanın dövlət orqanları on milyonlarla dollar qrant alıblar, amma indi həmin adamlar müstəqil QHT-ləri ittiham edirlər:

"USAID son 30 ildə ölkəyə qrantlar şəklində 3 milyard dollardan çox maliyyə vəsaiti qoyub. Ədliyyə Nazirliyi 17 milyon dollar, Baş Prokurorluq 10 milyon dollar, 100-dən çox qeyri-hökumət təşkilatı isə milyonlarla dollar vəsait əldə edib. Həmin qrantlar əsasında Ədliyyə Nazirliyi QHT-lərlə bağlı qeydiyyatın sadələşdirilməsi, Baş Prokurorluq isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı layihələr icra edib. Amma indi bizi USAID-lə bağlı cinayət işi çərçivəsində həbs ediblər. Sonradan isə cinayət işinin istiqaməti və motivi dəyişdirilib".

M.Alpayın ifadəsi yarımçıq qalıb. O, ifadəsini iyulun 2-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. 
Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Zabil Qəhrəmanovun vəkilinin vəsatətləri təmin olunmayıb

10 İyul 2026

Sosial media

İyulun 10-da Gəncə Şəhər Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun ittiham olunduğu iş üzrə hazırlıq iclası keçirilib.  APA-nın xəbərinə görə, hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Səadət Seyidlinin verdiyi vəsatətlərə baxılıb.  S.Seyidli əvvəlki prosesdə cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişilə vəsatətlər vermişdi.  Məhkəmə vəsatətləri təmin etməyib.  Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 23-nə təyin edilib. Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.  Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci...
Məhkəmə

Nərgiz Muxtarovaya 7 il yarım müddətinə şərti cəza verilib

9 İyul 2026

Əkinçi

İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.  Hökmə əsasən, Nərgiz Muxtarovaya 3 ili sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti həbs cəzası verilib.  O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə təqsirli bilinib.  Fəala qarşı daha əvvəl irəli sürülən 313-cü (Vəzifə saxtakarlığı) maddəyə isə xitam verilib.  "QHT işi” üzrə...

Seçilmiş Videolar

Toplum TV loqo