Məhkəmə

"Meydan TV işi": Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib

14 fevral, 2026
284

Foto: Meydan TV

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. O, əlləri qandallı şəkildə zorla məhkəməyə gətirilməsinə etiraz edib. 

Hakim bildirib ki, N.Librenin digər təqsirləndirilən şəxslər kimi məhkəməyə qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq.

Özünü pis hiss etdiyini söyləyən N.Libre müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan jurnalist bildirib ki, təzyiqini ölçüblər və ona “korvalol” dərmanı veriblər. O, aclığı davam etdirmək niyyətində olduğunu əlavə edib.

Təqsirləndirilən şəxslərdən jurnalist Ramin Deko (Cəbrayılzadə) onun və həmkarlarının haqqında həbs qətimkan tədbiri qərarı verən, ötən il hakim vəzifəsindən kənarlaşdırılan, hazırda isə vəkillik fəaliyyəti ilə məşğul olan Sülhanə Hacıyevanın onu müdafiə etməsi üçün vəsatət qaldırıb. 

"İstəyirəm, mənim vəkilim olsun. Necə ki, o, bizi siyasi sifarişlə həbs eləyirdi, onun özünü də siyasi sifarişlə belə elədilər”, - o deyib. 

Daha sonra dövlət ittihamçısı ittiham aktının yarımçıq qalan hissəsini elan etməyə davam edib. Bu zaman təqsirləndirilən şəxslər buna etiraz ediblər. Onlar bildirib ki, "eyni yalanları dəfələrlə oxumaq vaxt itkisidir". 

Lakin məhkəmə etirazları nəzərə almayıb. Jurnalistlər narazılıqlarını saxlandıqları kabinənin şüşəsini döyməklə bildiriblər. Sonradan hakim fikrini dəyişib və ittiham aktı elan olunmuş hesab edilib. 

Hakim təqsirləndirilən 12 nəfərdən bir-bir özlərini təqsirli bilib-bilmədiklərini soruşub.

“Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) bildirib ki, özünü qətiyyən təqsirli bilmir. 

“Bu iş mənim üzərimdə qurulub. Halbuki, mənim əvəzimə burada Azərbaycanı talayan, korrupsiya ilə məşğul olanlar oturmalı idi. Mənim işim onların əməllərini araşdırmaq olub, buna görə buradayam”, - o deyib.

"Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa da özünü təqsirli bilmədiyini söyləyib və fikrini əsaslandırmaq istəyib. Lakin hakim onun sözünü kəsib. Bu zaman onların arasında mübahisə yaranıb. 

Jurnalistin israrından sonra ona fikrini əsaslandırmağa icazə verilib. O bildirib ki, ittiham aktı "başdan-ayağa yalanlarla doludur". 

"Dəfələrlə yazıblar ki, “Meydan TV” Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Xarici ölkədə qeydiyyatdan keçən media orqanı Azərbaycanda niyə qeydiyyatdan keçməli idi?

Mənim prokurora suallarım var. Hansı əsasla Ülviyyə Quliyevanın ittihamında göstərilib ki, mən 2025-ci il yanvarın 30-da həbs olunmuşam? Halbuki, mən həmin vaxt azadlıqda olmuşam, nə təqsirləndirilən, nə də şahid idim. 25 gün sonra həbs edilmişəm.

Mənim haqqımda həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilmişdi. Şikayəti təmin etməyən apellyasiya məhkəməsinin hakimi Cavid Hüseyn qərarın əsaslandırma hissəsində yazıb ki, “Abzas Media” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər. Mən “Abzas Media işi” üzrə təqsirləndirilən şəxsəm, yoxsa “Meydan TV işi”?", - o sual edib. 

Daha sonra təqsirləndirilən jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) də bildirib ki, ittiham aktı "başdan-ayağa şişirtmədir". 

“Bu işdə müstəntiqlər ittiham aktını yazanda çox göydə uçublar. Vəsatət qaldırıram ki, müstəntiqlər beynəlxalq uçuş qanunlarının tələblərini pozduqlarına görə məsuliyyətə cəlb olunsunlar”, - o deyib. 

Hakim Ü.Əlinin sözünü kəsib. O, çıxışını bu sözlərlə başa çatdırıb: “Yaşasın müstəqil media! Yaşasın azad jurnalistlər!”

Təqsirləndirilən şəxslərdən jurnalist Aytac Tapdıq (Əhmədova) isə deyib ki, “özünüzü təqsirli bilirsinizmi?” sualını təhqir hesab edir.

"Mənə bu sualı verməyi sizə qadağan edirəm. Çünki hamı bilir ki, biz siyasi sifarişlə həbs olunmuşuq. Siz isə bu işdə alətsiniz”, - o, hakimə deyib. 

Jurnalist Xəyalə Ağayeva da peşə fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayıb. 

Digər jurnalist Aysel Umudova da fikrini əsaslandırmaq istəyib, lakin hakim A.Əliyeva icazə verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. A.Umudova “çıxışımı kəssəniz, stulun üstünə çıxacam” deyib.

Bundan sonra Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası qəfildən məhkəmə zalını tərk edib.

Məhkəmə prosesinin nə vaxta təxirə salındığı da elan olunmayıb.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

19 noyabr 2026

sosial media

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd...
Məhkəmə

Kamal İsayev adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olduğunu deyib 

19 noyabr 2026

sosial media

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu barədə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda iş materialları ilə tanış olunub. Rusiya vətəndaşı olan Kamal İsayevin məhkəmə prosesində Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib. İş materiallarında İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşlıq vəsiqəsinin olduğu məlum olub. İsayev isə heç vaxt Azərbaycan vətəndaşı olmadığını deyib: “1989-cu ildə Rusiyaya köçmüşəm və o vaxtdan orada yaşayıram. Bu şəxsiyyət vəsiqəsi saxtadır”. K.İsayebin vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirmədiyini deyib....

Seçilmiş Videolar

Toplum TV loqo