Məhkəmə

"Toplum TV işi": Prokuror Ələsgər Məmmədlinin hakimə təsir edə biləcəyini deyib

15 Dekabr, 2025
232

Foto: Toplum TV

Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses ölkədə olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edib.

Şahid qismində ifadə verən III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev bildirib ki, 2023-cü ilin dekabrında inzibati qaydada həbs olunarkən müsadirə olunan texniki avadanlıqlar hələ də qaytarılmayıb və Daxili İşlər Nazirliyindən (DİN) bu barədə izahat verilməyib. 

Daha sonra təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Ramil Babayev istintaq müddətində qanunsuzluqlara yol vermiş polis və prokurorluq əməkdaşlarının məsuliyyətə cəlb olunması üçün vəsatət verib. Digər təqsirləndirilən şəxs, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov da vəsatəti dəstəkləyib. 

Məhkəmə vəsatəti təmin etməyib. 

Təqsirləndirilən şəxslərdən "Toplum TV" həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli isə cərrahi əməliyyat olunmaqdan ötrü növbəti dəfə ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.

O, vəsatəti belə əsaslandırıb ki, artıq ölkədə olan şahidlərin hamısı dindirilib və dövlət ittihamçısının əvvəllər iddia etdiyi kimi onun şahidlərə təsir etmək imkanı yoxdur. 

Dövlət ittihamçısı Rauf Malışov isə vəsatətə etiraz edərək deyib ki, Ə.Məmmədli bu dəfə hakimə təsir edə bilər. Məhkəmə bu vəsatəti də təmin etməyib. 

Ə.Məmmədli hakimə bildirib ki, indiyədək ev dustaqlığına buraxılması üçün 10 dəfə vəsatət verib və hər dəfə vəsatətləri hüquqi əsaslandırması tələb olunub, təqsirləndirilən şəxsin hakimə təsir edəcəyini deyən prokurordan isə belə bir əsaslandırma tələb olunmur. 

Hakim A.Tağıyev vəsatətin təmin edilmədiyini elan etdikdən sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimdən niyə aqressiv olduğunu soruşub. Hakim isə bunu inkar edib. 

"Yox, deyəsən, siz bizi buraxmaq istəyirdiniz, sizə müşavirədə zəng gəldi deyə buraxa bilmirsiniz, ona görə acıqlısınız", - R.İzzətli zarafatla deyib.

R.İzzətli çıxışında bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində "təzyiqölçən belə yoxdur". 

"Ultrasəs müayinəsi (USM) aparatı isə olsa da, həkim yoxdur. 4 mindən çox məhbusun olduğu yerdən söhbət gedir. Biz dəfələrlə bu məsələni qaldırsaq da, şikayətimiz təmin olunmur", - o qeyd edib.

Növbəti proses dekabrın 29-a təyin olunub. 

"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo