“Tərtər işi”ndə general köməkçisi: “Müdafiə Nazirliryi ilə Hərbi Prokurorluq arasında razılaşdırılmış işlər idi”
bbc.com
“Yarıçılpaq adamları hakimin qarşısına da çıxarmışıq”
Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə məhkəmələr davam edir. Bunlardan biri general Hikmət Həsənovun köməkçisi Fuad Ağayevin də daxil olduğu qrupun işidir.
Hazırda hakim Zeynal Ağayevin sədrliyi ilə davam edən həmin məhkəmədə təqsirləndirilən şəxslər ifadə verir.
Korpus komandirinin köməkçisi Fuad Ağayev ittihamlar üzrə özünü təqsirli bilmir. Onun ifadəsinə görə, 2017-ci il mayın 2-də Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq vətənə xəyanətdə şübhəli bilinən hərbçilərin həbsiylə bağlı birgə məlumat yaydıqdan sonra 1-ci Korpusun rəhbəri general Hikmət Həsənov ona zəng edərək Tərtər Prokurorluğunun qarşısına getməyi tapşırıb.
İşgəncə yeri necə yaradıldı
“Həmin vaxt mən Bərdədə idim, Hikmət Həsənov zəng vurdu ki, qayıt təcili Tərtərə, bax gör orda nə baş verir, mənə məruzə et. Gəldim Tərtər Prokurorluğunun qarşısına, gördüm mülki əhali binanın ətrafına toplaşıb, narazılıq səsləri yüksəlir. Danışırdılar ki, prokurorluğa vətənə xəyanət adı ilə adamlar gətirilir, dindirilir. Binaya daxil oldum, prokuror Fuad Məmmədov dedi ki, rəhbər heyətin üzvləriylə danışmışıq, burda işləyə bilmirik, bir yer ayırın, istintaq qrupu öz işini orda davam etdirsin. Korpus komandirinə zəng vurdum, dedi ki, bəli, bizim rəhbər heyətlə onların rəhbər heyəti danışıblar, bizim Marquşavanda (Şıxarx) köhnə qərargah var, aidiyyəti üzrə komandirə də tapşırıq vermişəm, binanı səliqə-sahmana salacaq, get ora, sən orda ol, işləri koordinasiya et, nə çətinlik olsa mənimlə əlaqə saxla. Getdim Marquşavana, gördüm köhnə qərargah düzəldilib, Fuad Məmmədova məlumat verdim ki, gəlin”.
Niyə Şıxarx?..
Fuad Ağayevin sözlərinə görə, dindirmə aparılan binada bütün proseslərə Emin Vəliyev rəhbərlik edib. Emin Vəliyev Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Tərtər hadisələrindən 5 il sonra – 2022-ci ildə Tərtərin hərbi prokuroru təyin edilib.
Fuad Ağayev ifadəsində bildirib ki, dindirmələrin Şıxarxdakı köhnə hərbi hissə binasında aparılması təsadüfi olmayıb. O, qəsəbədə Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi tərəfindən postlar qurulduğunu, mülki şəxslərin ora buraxılmadığını söyləyib: “Mülki əhali ora keçə bilmirdi. Ümumiyyətlə, o binaya görə nə mən, nə korpus rəhbəri özbaşına qərar verə bilirdik, nə də hərbi prokuror Fuad Məmmədov özbaşına qərar verə bilərdi. Yuxarı səviyyədə olan bir şey idi. Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluğun rəhbərliyi arasında razılaşdırılmış işlər idi”.
Hərbçilər işgəncəyə belə gətirilirdilər
Fuad Ağayev hərbçilərin işgəncə yerinə gətirilməsindən danışarkən onların müstəntiqlərin verdikləri siyahı əsasında gətirildiklərini vurğulayıb. Onun iddiasına görə, siyahıdakı adları gətirilənlərin öz əsgər yoldaşları söyləyiblər, müstəntiqlər də bunun əsasında hərəkət ediblər.
“O zalda oturanlarla burda oturanların arasında heç bir şəxsi ədavət, məsələ olmayıb ki, kimisə şəxsi marağa görə gətirək, işgəncə verilsin”, - müttəhim bildirib.
O, mayın 6-na kimi binada ölüm faktı olmadığını, xüsusi təyinatlılar gəldikdən sonra binanı mühafizə edən Müdafiə Nazirliyi hərbçilərinin işi onlara təhvil verdiyini bildirib: “Yenə deyirəm, o binada prosesual rəhbərlik hərbi prokurorluqda idi. Biz orda heç bir istintaq aparmamışıq. Mənim fəaliyyətim sırf koordinasiya olub. Müstəntiqlər kimi gətizdirməyi tapşırırdılarsa, hərbi hissə komandirlərinə deyirdim, onlar da göndərirdi. Hamı hər şeyi yıxır korpusun rəhbər heyətinin üstünə. Korpusun rəhbər heyəti göstəriş verə bilməzdi ki, hərbi qulluqçunu götür Bakı qarnizonuna apar. Hərbi polisdə adam saxlanılırsa, onun müvafiq sənədləşməsi olmalıdır. Qarnizon quvvaxtında adamlar saxlanılırsa, həftədə bir dəfə prokurorluğun nümayəndələri girib o adama baxış keçirir. Onlara prosesual nəzarət edən qurum birbaşa prokurorluqdur. Tərtər prokurorluğu Bərdə qarnizonunun quvvaxtına girəndə orda saxlanılan adamları görmürdülər? Ya Sumqayıtda quvvaxtda saxlanılan hərbçiləri görmürdülər”?
“O yarıçılpaq adamları hakimlər də görürdü”
Məhkəmədə ifadə verən zərərçəkənlərin sözlərinə görə, onlar işgəncə zamanı soyundurulub, çılpaq saxlanırmışlar, hətta hakim qarşısına da yarımçılpaq şəkildə çıxarılıblar. Fuad Ağayev deyilənləri təsdiqləyib:
“Burda mənə sual verilir ki, orda yarıçılpaq adamları görmüsünüz? Bəli, görmüşəm, yarıçılpaq adamları hakimin qarşısına da çıxarmışıq, sanksiya verilib həmin adamlarla bağlı, sanksiya verilən ünvanlara, məsələn, Kürdəxanıya, ya Gəncə təcridxanasına o vəziyyətdə DTX da aparıb, DİN “voronok”larıyla da aparılıblar. Həmin vəziyyətdə hakimin də, müstəntiqin də qabağına çıxarılıb bu adamlar. Əgər biz orda qanunsuz işlər görürdüksə, mən qanunsuz fəaliyyət göstərirdimsə, elə onda həbs edəydilər məni, niyə etmirdilər?”
“Telefonum, flaşkartlarım hanı?”
Müttəhim həbs olunarkən içərisində çoxlu məlumatlar olan flaşkartların və mobil telefonunun götürüldüyünü, ancaq cinayət işinə əlavə olunmadığını bildirib. Onun dediyinə görə, məqsəd izi itirmək olub:
“Bütün koordinasiya məndə idi. Flaşkart və mobil telefonda bütün məlumatlar vardı. Burda zərərçəkənlər suallar verir, o materiallar olsaydı, hamısının suallarını cavablandıra bilərdim. Kim kimin adını çəkib, kim kimə görə ora gedib, hansı müstəntiq onu ora çağırtdırıb, hansı müstəntiq onu dindirib”.
“25 illik xidmətimdə belə şey görməmişdim”
Prokuror Orxan Kəngərli müttəhimdən işgəncə yerinin yaradılmasının nə dərəcədə qanuna uyğun olub-olmadığını soruşub. Müttəhim cavab verib ki, bu barədə işgəncələr bitəndən sonra düşünüb:
“Mən 25 illik xidmətimdə belə şey görməmişdim. Yəqin siz də rastlaşmamışdınız belə bir şeylə. O bir dəfə gəldi, bir dəfə də getdi. Həmin vaxt orda o qədər vəzifəli şəxslər görmüşük ki, onda ağlımıza da gəlməzdi o sualı verək ki, bu yerin təşkili nə dərəcədə qanunidir? Bu proses nə dərəcədə düzdür? Bu suallar bilirsiniz nə vaxt yadımıza düşdü? İyun ayından sonra. Hamı çıxıb getdi, prokurorluq getdi, fəaliyyətlər dayandırıldı, ondan sonra hamı düşünməyə başladı ki, bu nə iş idi belə?”
Prokuror Fuad Ağayevə qarşı 300-ə yaxin zərərçəkmişin ifadə verdiyini xatırladıb:
“Digərlərinə qarşı yox, məhz sizə qarşı demək olar ki, bütün zərərçəkmiş və şahidlər ifadə verdi. Hansı formada işgəncələr verilib, hansı üsulla müəyyənləşdiriblər düşmən tərəfə satılmalarını, düşmən bunlara qarşı hansı hərəkətləri edib. Sizcə bunlar düzgün yöntəm idi? Cinayət Prosessual qanunvericiliyin tələbi baxımından bu yolla ifadə almaq, sorğu-sual etmək aparmaq düzgün idi? Proseslərin hamısının içərisində olmusuz. Bura gələn zərərçəkənlər, şahidlər deyirlər ki, heç kimi tanımırıq, bircə Fuad Ağayevi tanıyırıq”.
Fuad Ağayev prokurora belə cavab verib: “Gəlin belə danışaq, 1 ay 15 gün orda qalıb səhərdən axşama kimi o qədər adama işgəncə vermək fiziki cəhətdən mümkün idimi? Bunların (zərərçəkən və şahidlərin) ifadələrinə görə, mən gecə-gündüz orda olmuşam, yatmamışam, dincəlməmişəm, ordan kənara çıxmamışam. Yenə də deyirəm, orda olmuşam, məni ora təyin ediblər. Korpus komandirinin hüquq işləri üzrə köməkçisi elə bir vəzifədir ki, hamı məni tanıyırdı. Korpus komandiri dedi ki, səni şəxsən Şəfayət İmranov (hərbi prokurorun müavini) baş qərargah rəisindən xahiş edib ki, ora göndərsin”.
Məhkəmə iclası davam edir.
Xatırlatma
2018-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 10 il, Cavid Ağadadaşovla Qurban Cümşüdov 6 il azadlıqdan məhrum edilib. Tərtər işi üzrə istintaq təzələnəndən sonra onlar eyni maddələrlə ikinci dəfədir məhkəmə qarşısına çıxarılırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Asəf Əhmədovun şəxsi arxivindən
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”