Müsahibə

Klinik psixoloq: “Bir pasiyentim qonaqları çimizdirməmiş qonaq otağına buraxmırdı”

12 Yanvar, 2022
3202

Açıq mənbələrdən götürülüb

“Toplum TV” Psixologiya Elmi-Tədqiqat İnstitunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Fuad Əsədovla müsahibəni  təqdim edir.

- Fuad bəy, Azərbaycanda bir stereotip var, kiməsə psixoloqa getmək məsləhət görüləndə ya dəli olmadığını sübut etməyə çalışır, ya da psixoloqa getdiyini gizlətməyə. Nədir sizcə bunun səbəbi və bu yanaşma tərzini necə dəyişmək olar?

- Son zamanlar bu məsələdə müsbətə doğru dəyişiklik hiss olunur. Əvvəllər psixoloqa "dəli həkimi" damğası qoyurdular. Düzdür, bu, indi də davam edir. Amma nə biz həkimik, nə də el arasında dəli deyilən adamlarla işləyirik. Yəni həmin söz birləşməsinin heç bir tərəfi bizim üçün keçərli deyil. Bizim tətbiq elədiyimiz psixoterapiya təkcə psixoloji narahatlığı olanlar üçün deyil, həm də normal həyatda konfliktli münasibət yaşayan, problemi olan adamlar üçündür. Psixoloji problemlər arasında ən geniş yayılanı depressiyadır, bu da normal insanın zaman-zaman yaşaya biləcəyi ruh halıdır. Ümumiyyətlə, insanlar fizioloji sağlamlıq qədər psixoloji sağlamlıqlarına da önəm verməlidirlər. 

- Bəzən də sırf qiymətlərdən dolayı insanlar psixoloqa müraciət etmirlər. Bir saatlıq seans 30 manatdan başlayıb 80-100 manatadək artır. Sizcə, qiymətlər insanların büdcəsinə uyğundurmu?

- Dediyiniz kimi bir seansı çox yüksək qiymətə olan psixoloqlar var. Açıq danışsam, qiymətlərə baxanda mən də düşünürəm ki, niyə ödənişlər bu qədər çoxdur? Amma hər halda hər kəs öz büdcəsinə uyğun olanı seçir. Bəzi terapiya metodları uzun müddət  davam edir, məsələn, 1 ildən 3 ilədək. Onda pul daha çox çıxır. Amma mənim məşğul olduğum  koqnitiv bihevioral terapiya indiki aktual problemin həllinə fokuslanır. Qısa çəkdiyi üçün ödənişi də aşağı olur.

- Ölkədə minimum əmək haqqı  300 manat, özəl psixoloq seansının minimum qiymətisə bildiyim qədər 30 manatdır. Yəni hardan baxsaq aylıq 300 manat qazanan adam üçün bu rəqəm çoxdur.

- İstənilən sektorda belə uyğunsuzluq görə bilərik. Psixoterapiya üçün büdcələri yetməyən insanlar qeyri-hökumət təşkilatlarının, dövlət xəstəxanalarının tərkibində fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. İnsanların ağlında belə bir fikir formalaşmasın ki, dövlət xəstəxanalarında işləyənlər pis psixoloqlardı, digərləri yaxşı. Dövlət xəstəxanalarında işləyən çox yaxşı psixoloqlar var.

- Azərbaycanlılar daha çox nədən əziyyət çəkirlər, Fuad bəy. Məsələn, son zamanlar insanlar daha çox hansı problemlərlə üz tuturlar sizə?

- Bu, cəmiyyətdə və dünyada baş verən proseslərlə bağlıdır bir az da. Təxminən 4 il əvvəl insanların həyəcan, təşviş narahatlıqları var idi. Amma sərt karantin dövründə insanlar daha çox dəyərsizlik problemiylə əlaqədar üz tuturdular. Niyə özlərini dəyərsiz hiss edirdilər? Çünki işləmirdilər, qazana bilmirdilər, ailələrinin yanında gözükölgəli olurdular və s. Sonra avqust-sentyabr aylarında obsessiv-komplusiv pozuntu artmağa başladı. Hətta psixoloq dostlarım da obsessiyalı insanların daha çox müraciət etməyə başladığını təsdiqləyirlər. Problem haqqında qısaca danışım, obsessiyalı insanların ağlına narahatedici düşüncələr gəlir və ondan xilas ola bilmirlər. Buna görə də mənasız rituallar yerinə yetirirlər. Məsələn, təmizlik obsessiyası var, bu pozuntunu daşıyanlar elə bilirlər, hər yer mikrobdur, əllərini çirkli bir şeyə vursalar, o, bütün bədənlərinə yayılacaq, mikrob uşaqlarına keçəcək və s. Ona görə də gündə 30 dəfə əllərini yuyub spirtləyirlər. Yadımdadır ki, sentyabrda bir qadın müraciət eləmişdi, əllərini o qədər yumuşdu ki, dərisi yox idi, sadəcə qırmızı ətdən ibarət idi. O əllərini yuduqca ağrı çəkirdi, amma eyni şeyi etməyə davam edirdi. Digər bir pasiyent isə evin qapısından hamama doğru sellofan sərmişdi, evə gələn qonaqları hamama aparıb çimizdirir, yalnız bundan sonra gələnlər qonaq otağına keçə bilirdilər. Həmçinin həmin  vaxt cinsi obsessiyalar da çoxalmışdı. Yəni öz cinsi oriyentasiyası ilə bağlı şübhəsi olan pasiyentlərin sayı artmışdı.

- İndiyədək qarşılaşdığınız ən maraqlı keys hansı olub?

- Mən bu suala 5 ildir ki, cavab tapa bilmirəm. Bütün pasiyentlər mənim üçün maraqlıdır.

- Onda sualı bir az dəyişək. Sizi çətinə salan, çox nadir rast gəlinən keys hansı olub?

- Heç yadımdan çıxmaz, illər əvvəl bir oğlana 12-13 nəfər məktəbin ayaqyolunda təcavüz etmişdi. Düzdü, təcavüzkarların hamısı yaxalandılar, amma oğlanın vəziyyəti çox ağır idi və çökmüş haldaydı. Bu cür keyslə qarşılaşanda adamda daha çox məsuliyyət yaranır və düşünməyə başlayır.

- Həmin şəxsin sonrakı taleyi necə oldu bəs?

- Pasiyentlərin anonimliyi vacib olduğu üçün bu barədə çox danışa bilmirəm. Təkcə onu deyə bilərəm ki, travmadan qurtula  və həyatının növbəti mərhələsinə keçə bildi.

- Adətən deyirlər ki, bütün problemlərin kökündə uşaqlıq travmaları dayanır. Siz təcrübənizdə nəyə şahid olursuz? Doğrudanmı bütün sıxıntılarımız uşaqlığımızla bağlıdır?

- Bu, akademik bir sualdır və Ziqmund Freydin iddiasıdır. Amma ondan sonra yeni, daha dəqiq nəzəriyyələr yarandı. Bu nəzəriyyələrə əsasən bütün problemlərin uşaqlıqdan qaynaqlandığını deyə bilmərik. Yetkinlik dövründə gördüklərimizi uşaqlıq dövründə formalaşan təsəvvürlər əsasında dəyərləndiririk. Bu o demək  deyil ki, sizin probleminiz varsa, mütləq uşaqlığınızdan danışmalıyıq. Psixoanalizlə məşğul olan terapevt əlbəttə ki, uşaqlığa enəcək, çünki onun sahəsi budur. Amma modern terapiya, yəni koqnitiv bihevioral terapiya məsələyə bu cür yanaşmır. Daha çox həmin andakı düşüncənin üzərində işləyir. 

- Bəzi film və ya seriallarda pasiyentlə psixoloqun uşaqlığa qayıtması səhnələri ilə qarşılaşırıq.

- Düzü, mən indiyədək yaxşı psixoterapiya səhnəsi olan filmlə qarşılaşmamışam. Son dövrlər bizim ölkədə də Türkiyədə çəkilən "Kırmızı oda" serialı məşhurlaşdı. Orda da uşaqlığa getmə səhnələri var. Psixoterapiya otağı, orda gedən söhbətlər… Ümumiyyətlə, o serialda həddən artıq tənqid olunmalı məqamlar var. Məsələn, biz terapiya vaxtı pasiyenti qucaqlamırıq, "sən necə bədbəxt adamsan", "nə qədər acı yaşamısan" kimi cümlələrdən istifadə etmirik. Mən  filmlərdə bizə göstərilən terapiya formasını bəyənmirəm.

- Hər gün müxtəlif problem, dərdi olan insanlarla kontaktda olursunuz, kədərli hekayələr dinləyirsiniz. Maraqlıdır, siz də ara-sıra psixoloqa ehtiyac duyursunuzmu, yoxsa özünüz-özünüzə bəs edirsiniz?

- Psixoloq olmağı mən uşaqlılqdan istəmişəm, amma işə başlayandan 1 həftə sonra dedim ki, yox, mən  belə yaşaya bilmərəm. Ömrümü problemlərə qulaq asa-asa keçirə bilmərəm. Amma kitablar oxuduqca, təlimlərə qoşulduqca, öz üstündə işləməyə başladıqca otaqda danışılanı orda da qoyursan. Mən pasiyentə kömək etmirəm, ona özünə necə kömək edəcəyini öyrədirəm. Terapiya bitəndən sonra həyatımın növbəti fazasına keçirəm Bu, insana anbaan yaşamağı öyrədir. Amma hamımız insanıq, əlbəttə, bizə də təsir edən nəsə olur, evə gedəndə hansısa hekayəni xatırlayırıq və bu durumda psixoloqun supervayzerlərə ehtiyacı yaranır. Mən belə olanda pasiyentlərimə tətbiq elədiyim texnikaları üzərimdə həyata keçirirəm. 99 faiz nəticəsini görürəm. Yerdə qalır 1 faiz. Bütün dostlarım psixoloqdurlar, onlarla danışmaq bəs edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo