Müsahibə

Memar: “Hərbi Qənimətlər Parkı memarlıq nümunəsi kimi dəmir yığınını xatırladır”

26 Yanvar, 2022
5160

Toplum TV

“Orta əsr Şirvan memarlığını Hadruta gətirməyin nə mənası var?”

Toplum TV-nin bu dəfəki müsahibi gənc memar Dilqəm İsmayılovdur.

- REAL Platforması Mədəniyyət Komitəsi bu il ölkədə ən yaxşı və ən pis memarlıq nümunələrini seçmək üçün müsabiqə elan edib. Müsaqibədə münsif heyətində siz də təmsil olunursunuz. Sizə görə ən yaxşı və ən pis memarlıq nümunəsi hansılar oldu?

- Əslində, müsabiqə memarlar üçün yox, vətəndaşlar üçün elan edilib. Mənə görə Ağ Şəhərdəki ofis binası son illərin ən seçilən binasıdır. Bundan başqa Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunun binası isə uğursuz alınıb, heç xəstəxanaya oxşamır. Pis nümunər isə həddən çoxdur.

- Ötən il salınan Hərbi Qənimətlər Parkı haqqında nə düşünürsünüz?

- İndiki Hərbi Qənimətlər Parkı bildiyim qədəriylə müvəqqətidir. Hərbi qənimətlər, müharibədəki qələbə ümumən müsbət təəssürat yarada bilər. Ancaq memarlıq nümunəsi kimi ora dəmir yığınını xatırladır. Şəhərin düz mərkəzində, bulvarın kənarında belə bir Parkın olması estetik görünmür.

- Bəs  harada salınmalıydı?

- Məncə, Hərbi Qənimətlər Parkı Qarabağın girişində yaradılmalıydı. Məsələn, Türkiyədə Qurtuluş Savaşı ilə əlaqədar Çanaqqala şəhərində möhtəşəm muzey var.

- Sizcə Azərbaycan memarlığının ən yaxşı dövrü nə zaman olub?

- Memarların əksəriyyəti bunu hiss etməsə də, Bakı unikal şəhərdir. Unikallığı nədədir? Bakı böyük şəhər olmayıb, əvvəllər sadəcə İçərişəhər olub, o da özündə şərq memarlığını cəmləşdirib: Qızqalası, Şirvanşahlar sarayı və s.  Qərb memarlığı isə burada XIX-XX əsrlərdə yayılmağa başladı, möhtəşəm binalar tikildi. Ancaq müstəqillik dövründən sonra bu proses sanki pozuldu. Xüsusən də 2000-ci illərdən başlayaraq Hacıbala Abutalıbovun (Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı - red.) dövründə vəziyyət daha da pisləşdi: hündürmərtəbəli binalar necə gəldi tikildi. Ümumiyyətlə Bakının bütün autentikliyini pozdular.

- Bakının bu günkü memarlığı nə ifadə edir?

- Memarlıq baxımından bura Avropa şəhərləri ilə müqayisə oluna bilər. Paytaxtın stili Qərblə Şərq mədəniyyətinin sintezini ehtiva edir. Amma bu gün Bakını daha çox Dubaya bənzətmək istəyirlər. Şüşəli binalar, yaxud da klassikanın imitasiyası bu stili korlayır. Düzdür, bu gün tikilən müasir tikililərin heç də hamısı pis deyil. Az da olsa maraqlı tikililər var, məsələn, Heydər Əliyev Mərkəzi.

- Heydər Əliyev Mərkəzinin möhtəşimliyi nədədir? Onun sabiq prezidentin imzası formasında tikildiyini deyirlər.

- Düzünü desəm detallar maraqlı deyil. Tikili ətraf mühitə transformasiya etməlidir. Dağlar, düzənliklər təbiətin heykəltaraşlığı olduğu kimi, memar da öz əsərini belə yaratmalıdır. Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid məncə bunu edə bilib. O, özünün fəlsəfəsi, stili olan memar kimi bunu bacarıb.  Memar yalnız layihə çəkən, onu təhvil verən şəxs kimi anılmamılıdır. Bildiyim qədəriylə bu tikili 2012-ci ildə uğurlu tikililər siyahına da düşə bilib.

- Belə fikir var ki, yaxşı memarlıq üçün pul şərtdir. Bakı kasıb şəhər kimi tanınmır. Bu halda  memarlıq nümunələrini keyfiyyətli hesab etmək olarmı?

- “Qarabağ” mehmanxanasının adı (keçmiş “Turist”) 1976-cu ildə Nyu-Yorkda dünya memarlıq ensklopediyasına düşmüşdü, daha sonra 1979-cu ildə başqa xarici mükafata layiq görülmüşdü. Bir sözlə bu mehmanxana nəinki Bakı, dünyaya nümunə olacaq memarlıq əsəriydi, ancaq söküldü. Daha sonra “Moskva” mehmanxanası (indiki “Flame Towers”) da söküldü. Bakının konstruktivizm dövrünü əks etdirən binaların əksəriyyəti demək olar ki, beləcə məhv edildi. Bu şəhərin konkret bir dövrünün, tarixinin silinməsi deməkdir. Milli Məclisin, Heydər Əliyev adına sarayın binaları bərpa edilmək əvəzinə, ilkin memarlıq saxlanılmadan ucuz, sadə, təbii olmayan plastik, kapron materiallarla tərzi dəyişdirildi. Heydər Əliyev Mərkəzi XXI əsrin yaşayış tərzini, texnologiyasını əks etdirdiyi kimi həmin tikililər də Sovet dövrü konstruktivizmini ifadə edirdi. Ancaq az da olsa, sevindirici hallar da var, məsələn, Sovet dövrü memarlığına aid “Dinamo” otelini rekonstruksiya edə bildilər.

Qarabağ mehmanxanası - Açıq mənbələrdən götürülüb

- Əksər dövlət əhəmiyyətli binalar klassik üslubda tikilib. Bu, dövrlə zidiyyət təşkil etmirmi?

- İcra Hakimiyyəti binalarının əksəriyyəti  aqlaydan tikilib. Aqlay istifadə etmək bayağılığın göstəricisidir. Ümumiyyətlə, dövlət əhəmiyyətli binaların tikilməsinə ayrı-ayrı şəxslər, icra başçıları qərar verməməlidir. Bu müsabiqələr əsasında müəyyənləşdirilməlidir. 10 milyon əhalisi olan ölkədə memarların formalaşmış cəmiyyəti yoxdur. Müsabiqələr təşkil olunmur deyə bu gün memarlar bir-birini tanımır.

- Bəs Memarlar İttifaqı? Onu təşkilat hesab etmirsiniz?

-Mənə görə, bu, formal ittifaqdır, söz sahibi deyil. İttifaq indiyə qədər nələri qoruya bilib? Memarların yığışaraq etiraz edə biləcəyi güclü cəmiyyət yoxdur. Müsabiqələr keçirilmədiyi üçün kimsə istədiyi adama iş verir. Bir də haradasa nəsə tikiləndə xəbərimiz olur. Xarici memarları ölkəyə dəvət etmək olar. Amma şəhərin tarixinə bələd olmayan birini incəliklər maraqlandırmır. O müəyyənləşdirə bilməz ki, nəyə toxunmaq olar,  hansı binadan hündürünü tikmək olmaz, hansı bina dominant qalmalıdır və s.

- Sosial hesabınızda Bakını xilas etməyin lazım olduğunu bildirirsiz. Kimdən və necə?

- Heydər Əliyev prospektində tikilən şüşəli binalar sadəcə şüşə yığınıdır. “İçərişəhər” metrostansiyasının köhnə binası müsabiqə yolu ilə seçilən binalardan biri idi. İndiki bina heç bir şey ifadə etmir. Bakı bu gün bizdən küsüb. Bir neçə il əvvəl pilot layihə adı ilə tarixi binalar məhv olundu. “Sovetski”dəki tarixi obyektləri söküb, Mərkəzi Park saldılar. “Haranı istəyirəm orada bina tikə, park sala bilərəm” yanaşması doğru deyil. “Sovetski”ni qətiyyən sökmək lazım deyildi. Bərpa oluna bilən evləri bərpa etmək, digərlərinin yerində nəsə etmək olardı. Həmin bölgə, bir də Nizami küçəsindən İçərişəhərə qədər Qərb memarlığı ilə zəngin idi. Oranı xilas etmək üçün şəhərin mərkəzindəki bəzi hündürmərtəbəli binaları sökmək lazım idi.

"Baksovet" metrosu - Açıq mənbələrdən götürülüb

Restavrasiya adı ilə bütün evlərin qapıları eyni rəngə boyanır, balkonlar eyni tikilir. Əslində, hər bir evə ayrıca münasibət olmalıdır, müxtəliflik insanda fərqli emosiyalar yaradır. Yoxsa bütün tikililər sanki inkubatordan çıxıb... Belə bərpa olmur.

- Balaxanıda aparılmış təmir-bərpa işləri haqda nə düşünürsüz?

- Bu gün  hamı həmin qəsəbədəki bərpa işlərini tərifləyir. Ümumi götürsək oradakı bərpanın Balaxanı ilə əlaqəsi yoxdur. Bibiheybətdən sonra Balaxanı neft çıxarılmasına görə ikinci yerdədir. Bu yer öz stili, özünə məxsus freskaları ilə fərqənirdi. İndi Balaxanını Türkiyə, İzmir tərzində alaçatılar, yunan qəsəbələrinə məxsus düzəldiblər. Hər kəs Bakının gecə işıqlandırmasını bəyənir, şəhərin gözəl olduğunu deyir. Amma fasadda olan işıqlandırmalar, plastik qapı-pəncərələr sökülməlidir. Nə Parisdə, nə Romada binaların fasadını deşib işıqlandırmırlar, ya yerdən işıqlandırırlar ya da binalarin üstünə projektorlar qoyub elə işıqlandırırlar. Bizdəsə  binaları deşərək zədələyirlər. Bu qəbulediməzdir.

Biz təkcə binanı sökmürük. Artiq həmin bina ilə yanaşı, insanların xatirəsini də yox etmiş oluruq. İnsanlar var kinoteatr biletlərini hələ də saxlayır. Amma onun bir vaxtlar getdiyi kinoteatr artıq yoxdur. Bakının öz fəlsəfəsi vardı: həyətlərdə hovuzlar olurdu. Çünki hovuzlar həyətləri sərinləşdirirdi. 25-30 ailə yaşayan həyətlər vardı. “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim” filmlərində də belə səhnələr var. O yerlərdə binalar tikdilər.  Sanki insanların səmimiliyi də bununla birgə itdi. Bunları sökməklə Bakının fəlsəfəsini də məhv etdilər. Belə bir söz var, biz əvvəlcə binaları formalaşdırırıq, binalar da insanları formalaşdırır. Memarlıq bu günkü cəmiyyətimizin əhvalından tutmuş, dünyagörüşünə qədər təsir edir.

- Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu yaxınlarda xeyli memarın Qarabağın bərpasına cəlb edildiyini söyləmişdi. Qarabağ yenidən qurulacaq. Bərpa işlərində iştirak etmək üçün müraciət etmişdinizmi? Təəssüratlarınız nədir?

- Qarabağın bərpası məqsədilə müsabiqə elan olunmasını eşidəndə sevindim. Müsabiqədə iştirak etməsəm belə, orada qalib gələnlər arasında tanıdığım memarlar vardı. Ortada yaxşı işlər vardı. Məsələn, onlar Hadrut üçün məscid layihəsi vermişdilər. Amma indi tikilən məscidin o layihə ilə əlaqəsi yoxdur. Standart, aqlaydan məscid tikiblər. Orta əsr Şirvan memarlığını Hadruta gətirməyin nə mənası var? Əgər memarların işləri icra olunmayacaqdısa, niyə müsabiqə keçirildi? Maraqlıdır ki, niyə o layihələr yox, Hadrutda fərqli, tanımadığımız adamların layihələri icra olundu?

- Bu günlərdə açılışı olan Tağıyevin heykəli haqqında nə düşünürsünüz? “Feysbuk”da onu tənqid edərək müasir standartlara cavab vermədiyini, “yersiz” olduğunu yazmısınız...

- Realist heykəllər işləmək müasir dövrün tələblərinə uyğun deyil. Heykəllərə yanaşma fərqlidir. Məsələn, Əliağa Vahidin heykəli. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qaynaqlanır. Müəlliflər ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini Füzuli ənənəsinin Vahid tərəfindən yenidən “göyərdilməsi”nə, davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilib. Abidə quruluş etibarilə şairin başının təsvirindən ibarət olsa da, əslində, çoxsüjetli heykəltəraşlıq nümunəsidir.

Açıq mənbələrdən götürülüb

O ki qaldı Tağıyevin heykəlinə,  “İçərişəhər” metrotansiyasının qarşısı heykəl üçün uyğun deyil. Heykəl ətraf mühitə transformasiya edə bilmirsə, onu qoymağın mənası yoxdur. Tağıyevin heykəli ilə Bulvarda qoyulan ağsaqqalın heykəli arasında heç bir fərq yoxdur. Abidə insan boyunda da ola bilərdi, bir az hündür də. Amma onu elə bir yerə qoyublar ki,  maşından keçəndə görünmür, diqqət çəkmir. İndi dünyanın heç bir yerində insanın olduğu kimi heykəlini qoymurlar. Bu bayağı iş sayılır.

Açıq mənbələrdən götürülüb

Ümumiyyətlə, musiqi, heykəltaraşlıq, memarlıq, rəssamlıq incəsənətin bu sahələri bir-biriylə əlaqəlidir. Bu gün bayağı musiqiyə qulaq asan xalqın zövqü də bayağılaşır. Vaqif Mustafazadəyə, caza qulaq asan insanlar vardı, ona görə də 1960-70 ci illərdə o cür işlər də ortaya çıxırdı. Bu gün Manaf Ağayevə qulaq asanların zövqü bundan artıq olmayacaq ki.

- Ancaq hər kəs Manaf Ağayevi dinləmir axı?

- Onda belə çıxır ki, bu işlə məşğul olanlar qulaq asır.

- Son olaraq Bakının indiki dövr memarlığından gözləntiniz nədir?

-Bakının yeni baş planı hazırlanır. Təəssüf edirəm ki, layihəyə yerli memarlar əvəzinə almanlar, avstriyalılar cəlb olunub. Bir tərəfdən qınamıram. Çünki yerli memarlar o qədər bayağı işlər görüb ki. Amma ən azından plan hazırlanarkən heykəltəraş, rəssam, memarlar bir sözlə incəsənətlə əlaqəli mütəxəssislər iştirak etməliydi. Vaxtilə Azərbaycanın ən tanınmış memarları Mikayıl Hüseynov, Sadıq Dadaşov və digərləri müsabiqələr nəticəsində üzə çıxıb tanınıblar. Müsabiqələr keçirilməsə, memarlıq elə bu səviyyədə də qalacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo