Siyasət

IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub

27 Oktyabr, 2026
18

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabat dərc edib.
İnstitutun oktyabrın 27-də yaydığı press-relizdə bildirilib ki, hesabat IDI-ın məzun və ekspert şəbəkəsi tərəfindən hazırlanıb, “Toplum TV işi” üzrə məhkəmə prosesləri monitorinq edilib.

Hesabatda IDI, “Toplum TV” və Üçüncü Respublika Platforması ilə əlaqəli doqquz jurnalist, ictimai fəal və siyasətçinin məhkəmə prosesinin ciddi ədalətsizliklərlə müşayiət olunduğu qeyd edilib. İnstitut həmin şəxslərin Avropa Şurası Parlament Assambleyasının 1900 (2012) saylı qətnaməsində nəzərdə tutulan meyarlara uyğun olaraq siyasi məhbus olduqlarını bildirib.

2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” çərçivəsində doqquz nəfəri qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və əmək qanunvericiliyinin pozulması ittihamları ilə 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxslər ittihamları rədd edib və hökmdən apellyasiya şikayəti veriblər.

 IDI xatırladır ki, məhkəmənin hökmü ilə IDI rəhbəri və RePlatformanın spikeri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

IDI hesabatda işin hüquqi əsasları, təqdim edilən sübutların etibarlılığı və məhkəmə prosesinin ədalətliliyi ilə bağlı ciddi problemlər müəyyən etdiyini bildirib.

İnstitutun açıqlamasına görə, dövlət qeydiyyatına alınmasından imtina edilən IDI-ın və media qurumunun fəaliyyəti iqtisadi cinayət kimi qiymətləndirilib. Qaçaqmalçılıq ittihamı isə 2024-cü il martın 6-da aparılan axtarışlar zamanı polis tərəfindən aşkarlandığı bildirilən nağd pul vəsaitinə əsaslandırılıb. Təqsirləndirilən şəxslər həmin vəsaitin onların üzərinə qəsdən qoyulduğunu bildiriblər. Hesabatda gömrük qaydalarının pozulduğunu təsdiqləyən sübutların iş materiallarında təqdim edilmədiyi vurğulanıb.

“Məhkəmə prosesində ədalətli araşdırma hüququ ilə bağlı pozuntular da qeydə alınıb. Şahidlərin ifadələrinə görə, onlardan təzyiq altında ifadələr alınıb və ifadələrini geri götürəcəkləri təqdirdə hədələniblər. Eyni zamanda, iş üçün əhəmiyyətli olan bəzi şahidlərin ifadə verməsinə imkan yaradılmayıb, hakim isə təqsirləndirilən şəxslərə qarşı açıq qərəz nümayiş etdirib”, - hesabatda deyilir.

IDI mövcud pozuntuları əsas gətirərək doqquz nəfərin dərhal azadlığa buraxılmasını tələb edib. İnstitut həmçinin Avropa Şurası Nazirlər Komitəsini Azərbaycanla bağlı Məmmədli qrupu işləri üzrə qərarların icrası çərçivəsində “Toplum TV işi” ilə bağlı müvafiq addımlar atmağa çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"

27 Oktyabr 2026

Portağal Media

İctimai fəal Sara Rəhimova bu ilin əvvəlində polis bölməsində cinsi qısnama və psixoloji təzyiqə məruz qalmasını ictimailəşdirib.  O, sosial media hesabında etdiyi paylaşımda yazıb ki, fevral ayında pasportunu yeniləmək üçün ASAN Xidmətə müraciət etsə də, ona barəsində cinayət işi açıldığı və ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.  "Məni əvvəlcə 28-ci polis bölməsinə, daha sonra isə Səbail Rayon Polis İdarəsinə apardılar. 28-ci polis bölməsində barmaq izlərimin götürülməsi üçün məni otağın içərisində yerləşən başqa bir otağa saldılar və qapını içəridən bağladılar. Barmaq izlərim götürülərkən mənə toxunmağa cəhd edildi. Etiraz etdim və mənə toxunmamalarını tələb etdim. Bu hal bir neçə dəfə təkrarlandı. Qapalı otaqda...
Siyasət

Hicab qadağasına etirazdan sonra həbs olunan analar həbsdəki jurnalistlərə danışıb

27 Oktyabr 2026

sosial media

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq və Xəyalə Ağayeva hicaba görə qızları məktəbə buraxılmadıqdan sonra etiraz etdikləri üçün saxlanılan üç ana ilə müsahibə aparıblar. “Toplum TV” müsahibələri olduğu kimi təqdim edir. “‘Hicaba Azadlıq’ şüarı ilə övladlarının məktəbə buraxılmamasına etiraz edən valideynlər həbsdən danışır: “Qızım cərrah olmaq istəyirdi. Məktəbdə də əlaçıdır. Hicab qadağasından sonra təhsillə bağlı ümidləri alt-üst olub” Həbs edilən inanclı qadın Nübar Həsənovanın 15 yaşlı qızı hər gün hazırlaşıb getdiyi Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə oktyabrın 12-də başıörtülü olduğu üçün buraxılmır. Bu qərar məktəblilər və onların ailələrində şok effekti yaradır. Hadisədən bir gün sonra digər...

Seçilmiş Videolar

Toplum TV loqo