Ölkə

“Memarlıq əsərləri özbaşına müdaxilələr qarşısında müdafiəsiz qalır”

7 Sentyabr, 2026
28

sosial media

Bir qrup memar memarlıq əsərlərinə “özbaşına müdaxilələr”in qarşısının alınması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. 

Müraciəti sentyabrın 5-də memar Elçin Əliyev sosial media hesabında dərc edib. Yazılı müraciəti ondan başqa, memarlar Famil Ağayev, Cahangir Axundov, İlqar Bəylərov, Xəlil Cəfərov, Nazim Fərəczadə, Nəriman İmaməliyev, Kamal Musaxanov, Aleksandr Qarber, Sənan Salamzadə və Nazim Vəliyev imzalayıblar. 

“Bu gün elə bir vəziyyət yaranmışdır ki, memarlıq əsərləri faktiki olaraq mülkiyyətçilərin özbaşına müdaxilələri və sonradan aparılan yenidənqurma işləri qarşısında müdafiəsiz qalır. Məsələn, şəhər və yol infrastrukturu elementlərinin zədələnməsinin qarşısı alınır və bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu halda, binanın memarlıq simasının özbaşına dəyişdirilməsi, yeni pəncərə və qapı yerlərinin açılması, eyvanların artırılması və ya dəyişdirilməsi, fasadların yenidən qurulması, layihəyə uyğun olmayan konstruksiyaların quraşdırılması və digər müdaxilələr çox vaxt müvafiq dövlət orqanlarının lazımi nəzarəti və reaksiyası olmadan qalır”, - müraciətdə qeyd olunub. 

Memarlar bununla bağlı qanunvericiliyin mövcud olduğunu xatırladıblar, lakin təcrübədə qanunların işlək olmadığını bildiriblər. 

“Nəticədə son illər bir çox müasir tikililər öz ilkin memarlıq və müəllif simasını qismən itirmişdir. Əgər bu cür təcrübə davam edərsə, haqlı bir sual yaranır: bir neçə onillikdən sonra bu binalar hansı vəziyyətdə olacaq və biz gələcək nəsillərə necə bir memarlıq mühiti miras qoyacağıq?” – deyə memarlar sual ediblər. 

Müraciətçilər məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına dəfələrlə şikayət ünvanladıqlarını, lakin nəticə ala bilmədiklərini bildiriblər. 

Memarlar prezidentdən müasir binaların memarlıq simasının qorunması üçün müxtəlif tədbirləri nəzərdə tutan mexanizmin yaradılması barədə tapşırıq verməsini xahiş ediblər. 
İlham Əliyevin sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Eyni zamanda, bu ilin mayında Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Goranboyda sursat anbarında partlayış: Yaxınlıqdakı insanlar təxliyə edilib

2 Sentyabr 2026

sosial media

Sentyabrın 1-dən 2-nə keçən gecə Goranboyun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir ki, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür. Vəziyyətin nəzarətə alındığı bildirilir. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib, xəsarət alan olmayıb. Hadisənin miqyası və səbəbi isə hələlik açıqlanmayıb.
Ölkə

3 aydır xidmət edən DSX əsgərinin xəstəlikdən vəfat etdiyi deyilir

25 Avqust 2026

şəxsi arxiv

Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində yerləşən hərbi hissələrindən birində xidmət edən, 2008-ci il təvəllüdlü Fəqan Samir oğlu Ağayevin vəfat etdiyi deyilir. “Meydan TV”-nin əsgərin yaxınlarına istinadən verdiyi məlumata görə, Neftçala rayon sakini olan 18 yaşlı hərbçiyə “sürətlə yayılan meningit” diaqnozu qoyulub. Səhhəti kəskin pisləşən F.Ağayevin üç gün koma vəziyyətində qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat etdiyi deyilir. Cəmi üç ay əvvəl həqiqi hərbi xidmətə çağırıldığı bildirilən əsgərin avqustun 24-də dəfn olunduğu bildirilir. Dövlət Sərhəd Xidməti Fəqan Ağayevin ölümü və ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun avqustun 17-də yaydığı məlumata görə, 2026-cı ilin geridə qalan...

Seçilmiş Videolar

Toplum TV loqo