Azərbaycanda saatlıq əməkhaqqı sistemi ilə bağlı layihə ilk oxunuşda qəbul edilib
sosial media
Azərbaycanda qısamüddətli əmək müqaviləsi ilə və ya natamam iş vaxtında çalışan bəzi şəxslər üçün saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər.
APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər noyabrın 17-də Milli Məclisin iclasında müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, saatlıq əməkhaqqı Nazirlər Kabinetinin müəyyən edəcəyi iqtisadi fəaliyyət sahələrində, əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda tətbiq olunacaq. Bu siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.
İqtisadi fəaliyyət sahəsindən asılı olmayaraq, həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən işçilər üçün də saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər.
Dəyişikliklərə görə, saatlıq əməkhaqqı ilə işləyən şəxsin hər iş saatına görə aldığı ödəniş minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. İşçinin gündəlik iş vaxtı bir saatdan az olduqda belə, ödəniş minimum bir saatlıq əməkhaqqı əsasında hesablanmalıdır. Növbəti iş saatının müddəti də bir saatdan az olarsa, həmin vaxt tam bir saat kimi nəzərə alınacaq.
Minimum saatlıq əməkhaqqının məbləğinin minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyənləşdirilməsi təklif olunur. Məbləğ layihədə göstərilməyib.
Büdcədən maliyyələşdirilən müəssisələrdə də əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda saatlıq əməkhaqqı tətbiq edilə biləcək.
Layihədə natamam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan şəxslər üçün də təminat nəzərdə tutulur. Onların maaşı işlədikləri vaxta mütənasib olaraq hesablanan minimum aylıq əməkhaqqından aşağı olmamalıdır.
Ekspertlər hesab edirlər ki, saatlıq ödəniş mexanizmi yalnız minimum məbləğ əməkçinin normal yaşayışını təmin edəcək səviyyədə müəyyən olunarsa, onun hüquqlarını gücləndirə bilər. Əks halda, işəgötürənlərin tam ştatlı iş yerlərini daha az saatlı müqavilələrə bölməsi və əmək xərclərinə qənaət etməsi riski yarana bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Məhkəmə Anar Məmmədli və Anar Abdullanın işini yenidən araşdırmaqdan imtina edib
sosial media
AİHM Azərbaycanda polis bölməsində qısamüddətli saxlanılmanı hüquq pozuntusu sayıb
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib