Siyasət

Məhkəmə Anar Məmmədli və Anar Abdullanın işini yenidən araşdırmaqdan imtina edib

17 noyabr, 2026
36

sosial media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 13, ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası verilməsi ilə bağlı hökmdən təqdim olunmuş apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılacaq.

“Azadlıq Radiosu” yazır ki, bu barədə qərarı Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrlik etdiyi kollegiya verib.
Təqsirləndirilən fəallar və onların vəkilləri isə məhkəmə istintaqının aparılmasını, bir sıra məsələlərin araşdırılmasını tələb ediblər.
Anar Abdullanın vəkili Günay İsmayılova noyabrın 16-da keçirilən iclasda bildirib ki, müvəkkilinin təqsirini təsdiqləyən sübut yoxdur.
“Hüquqlarını müdafiə etdiyim şəxsin adı heç yerdə keçmir. Birinci instansiya məhkəməsində dindirilən şahidlərin heç biri onun əleyhinə ifadə verməyib. Konkret qaçaqmalçılıq faktı ilə bağlı heç bir sübut yoxdur ki, harasa gedib, nəsə gətirib. Bu adama nəyin əsasında 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, məlum deyil”, - vəkil deyib.

Həm Abdullanın, həm də Məmmədlinin müdafiəçiləri bir sıra məsələlərin araşdırılmasını vacib sayıb. Vəkillər qeyd ediblər ki, həmin məsələlərə aydınlıq gətirilmədən apellyasiya instansiyasının qərar verməsi mümkün deyil.
Müdafiə tərəfi dövlət qeydiyyatına alınmayan qrantların əldə edilməsinin cinayət əməli sayılıb-sayılmaması məsələsinə aydınlıq gətirilməsini istəyib. Vəkillər Ali Məhkəmənin Plenumunun hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarına istinad edərək Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırıblar. Onlar həmçinin cinayət işində adları çəkilən beynəlxalq təşkilatlara sorğu göndərilməsini tələb ediblər.
2014-cü ildə qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbs edilən Rəsul Cəfərov 2020-ci ildə Ali Məhkəmənin qərarı ilə bəraət alıb.

Anar Məmmədli bildirib ki, müxtəlif təşkilatlarla xidmət müqavilələri əsasında seçkilərin monitorinqi, insan haqlarının müdafiəsi və digər istiqamətlərdə fəaliyyət göstərib. Onun sözlərinə görə, görülən işlər qanunvericiliyə uyğun olub və alınan maliyyə vəsaitlərindən vergi ödənilib.
İstintaq orqanı isə bu müqavilələr üzrə alınan vəsaitlərin əslində qrant olduğunu, lakin “xidmət müqaviləsi” adı altında rəsmiləşdirildiyini iddia edir. İttihama görə, vəsaitlər qrant kimi dövlət qeydiyyatına alınmadığından cinayət yolu ilə əldə edilmiş əmlak hesab olunmalıdır.
Vəkillərin araşdırılmasını istədiyi digər məsələ cinayət işində sübut kimi təqdim olunan sənədlərlə bağlıdır.
“Sənədlərin əsli yoxdur. Şahidlərə dindirmə zamanı təqdim olunan sənədlər də orijinal olmayıb. Əsli olan sənədlərdəki imzalar da saxtadır. Yazılar Anar Məmmədlinin xətti deyil, imza da saxtadır. Bu məsələ mütləq araşdırılmalıdır”, - müdafiə tərəfi bildirib.

Hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Qərara əsasən, apellyasiya şikayətlərinə şahidlər dindirilmədən və əlavə sübutlar araşdırılmadan baxılacaq.

Anar Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Ona əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, istintaqın sonunda isə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və başqa maddələr üzrə ittihamlar irəli sürülüb.
Anar Abdullaya da eyni maddələrlə ittiham verilib. Əvvəl onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilsə də, sonradan o da həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi ilə bağlı layihə ilk oxunuşda qəbul edilib

17 noyabr 2026

sosial media

Azərbaycanda qısamüddətli əmək müqaviləsi ilə və ya natamam iş vaxtında çalışan bəzi şəxslər üçün saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər. APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər noyabrın 17-də Milli Məclisin iclasında müzakirə olunaraq birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, saatlıq əməkhaqqı Nazirlər Kabinetinin müəyyən edəcəyi iqtisadi fəaliyyət sahələrində, əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda tətbiq olunacaq. Bu siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur. İqtisadi fəaliyyət sahəsindən asılı olmayaraq, həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən işçilər üçün də saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər....
Siyasət

AİHM Azərbaycanda polis bölməsində qısamüddətli saxlanılmanı hüquq pozuntusu sayıb

17 noyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı qəbul etdiyi qərarda üç şəxsin polis bölməsində təxminən iki saat saxlanılmasını qanunsuz azadlıqdan məhrumetmə kimi qiymətləndirib. Vəkil Fariz Namazlının məlumatına görə, qərar Bakıda keçirilən iki ayrı dinc aksiyada iştirak etdiklərinə görə polis tərəfindən saxlanılan ictimai fəallar İdris Əmiraslan, Əziz Məmiyev və siyasətçi Tofiq Yaqublunun şikayəti əsasında qəbul edilib. İdris Əmiraslan və Əziz Məmiyev 15 dekabr 2021-ci ildə Bakının Fəvvarələr meydanında etiraz aksiyasında iştirak etdiklərinə görə saxlanılıblar. Tofiq Yaqublu isə 11 noyabr 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təşkil edilən aksiyada saxlanılıb. AİHM-in qərarında hər iki...

Seçilmiş Videolar

Toplum TV loqo