Foto: Reuters
Tanınmış rus filosof və Kremlin təbliğatçısı Aleksandr Duqin azərbaycanlılar da daxil olmaqla Rusiyada yaşayan miqrantları xristianlığı qəbul etməyə və Ukraynaya qarşı vuruşmağa çağırıb.
"Telegram" kanalında miqrasiya mövzusuna toxunan filosof Qərb ölkələrindəki miqrant artımını tənqid edib.
"İngiltərədə nə görürük? Liberallar ölkəyə kütləvi miqrant doldurublar. Onlar da qəribə şəkildə davranmağa başlayıblar, yerli əhali narazı qalıb, amma hakimiyyət yerliləri sıxışdırır, onları “millətçi” adlandırır və həbs edir. Niyə? Çünki [Britaniya baş naziri] Starmer liberaldır. Onun üçün ideya hər şeydən üstündür", - o qeyd edib.
Ardınca Rusiyadakı miqrasiyaya münasibət bildirən Duqin ölkədə yaşayan miqrantlara çağırış edib.
"Kim bura gəlibsə, çadrasını çıxartsın, yerləşsin, bizim xristian müqəddəslərimizi oxusun, əgər kişidirsə – getsin döyüşsün. Qalanları isə – rədd olsun", - o yazıb.
"Hər bir miqrant üçün, o cümlədən toksik saydığımız azərbaycanlı, tacik, özbək üçün çıxış yolu var: assimilyasiya. Pravoslav tacik, azərbaycanlı, özbək – əgər Rusiya uğrunda döyüşürsə – artıq miqrant deyil, rusdur. Əsl rus. Döyüşməyən isə rədd olsun. Kamyuflyajı atıb, başını bağlayan örtüyü çıxarıb, sarafan geyinib kilsəyə gedən qadın isə artıq iyrənc bir şey deyil. Açılın, Məsihi qəbul edin və rus olun. Bax onda buyurun, ölkəmizdə yaşayın. Xoş gəlmisiniz. İstəsəniz həmişəlik", - Duqin əlavə edib.
Filosof daha sonra dini inancını saxlamaq istəyən hicablı qadınlara "həll üsulu" təklif edib. O, hicabın üzərinə Rusiyanın Ukraynadakı müharibəsinin simvolu olan "Z" hərfini yazdırmağı məsləhət bilib.
Rusiyada ötən ilin martında konsert zalında 145 nəfərin ölümü ilə nəticələnən terror aktından
sonra miqrantlara qarşı qaydalar sərtləşdirilib və onların iş yerlərində reydlər aparılıb. Xeyli miqrant isə alçaldıcı rəftara məruz qalıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya 2022-ci ilin fevralından müharibəyə Mərkəzi Asiyadan olan 3000-dən çox miqrantı cəlb edib, onlardan 350-ə yaxını həlak olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib