Siyasət

Ekspert: “Silah istehsalı Azərbaycan hakimiyyəti üçün biznes məsələsidir”

12 Noyabr, 2025
599

Foto: "president.az"

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında ölkədə silah istehsalı məqamına da toxunub.

Hərbi sənayenin “sürətlə inkişaf etdiyini”, bu sahəyə xeyli vəsait ayrıldığını deyən Əliyev bildirib ki, dövlətin qarşısında nəinki daxili tələbatı ödəmək, həm də xarici ölkələrə silah satmaq məqsədi dayanır.

“Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik”, - o bildirib.

Əliyev xatırladıb ki, Azərbaycanda artıq özəl şirkətlər də hərbi təyinatlı məhsullar istehsal edə bilir və proses hələ icra mərhələsindədir. “Amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər”, - o əlavə edib.

Prezident ilk dəfə ötən ilin avqustunda “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklikləri təsdiqləməklə Azərbaycanda özəl şirkətlərin hərbi sənayedə fəaliyyətinə icazə verib.

Qanunlara dəyişikliklərin qüvvəyə minməsindən bir ay sonra - 2024-cü ilin sentyabrında Milli Məclisdə çıxışında da bu məsələyə toxunan Əliyev deyib ki, Azərbaycanın xaricə silah satması başqa ölkələrlə aparılan danışıqların “tərkib hissəsidir”. “Bizim yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilməyimiz üçün imkanlar var”, - o qeyd edib.

Əliyev həmin vaxt da bildirmişdi ki, bir neçə yerli şirkət artıq hərbi sənaye kompleksinin inkişafında iştirak edir.

Azərbaycanın Dövlət Statistika Komitəsi hərbi sənayeyə və ölkənin hərbi təyinatlı məhsullar üzrə xarici ticarətinə dair ayrıca məlumatlar təqdim etmir. Lakin Nazirlər Kabinetinin ötən il üçün hesabatında göstərilir ki, son iki ildə dövlətin hərbi məhsullar üzrə sifarişlərinin həcmi iki dəfədən çox artıb və hazırda istehsal olunan hərbi məhsulların “əhəmiyyətli hissəsi ixraca yönləndirilib”.

Hesabatda qeyd edilir ki, 2024-cü ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 milyon manat məbləğində məhsul istehsal edilib və bu, əvvəlki illə müqayisədə 14,7% çoxdur. İxrac edilən məhsulların ümumi həcminin isə 565,8 milyon manat dəyərində olduğu bildirilir.

İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir və onlar müxtəlif ölkələrə ixrac olunur.

2023-cü ildə həmin dövrdəki müdafiə sənayesi naziri Mədət Quliyev mətbuata demişdi ki, “hətta ABŞ də Azərbaycandan silah-sursat alır”. Lakin Azərbaycanın silah satdığı ölkələrin adları əsasən ictimaiyyətə açıqlanmır.

Azərbaycanın silah idxal etdiyi ölkələr sırasında daha çox Türkiyə və İsrailin adı çəkilir. Mədət Quliyev 2023-cü ildə “Abzas Media”ya açıqlamasında bu iki ölkədən silah alındığını, lakin prezidentin tapşırığı ilə Azərbaycanın xaricdən silah asılılığının “qısa zamanda” aradan qaldırılacağını bildirib.

Buna baxmayaraq, Azərbaycan xaricdən silah almağa davam edir. Noyabrın 8-də Zəfər Günü münasibətilə keçirilən paradda Çin, Pakistan, İsrail, Türkiyə və Serbiyadan alınmış yeni silah və hərbi texnikalar nümayiş olunub.

Təqdim olunan silahların alış qiyməti məlum deyil. Azərbaycan adətən aldığı silahların dəyərini və sayını açıqlamır. Lakin ölkə son iki ildir ki, hərbi və təhlükəsizlik xərclərini artırıb və bu rəqəm büdcənin 20 faizindən çox təşkil edir.

2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı “France 24” telekanalının jurnalisti İlham Əliyevdən Azərbaycan ordusunda neçə Türkiyə istehsalı olan “Bayraktar” olduğunu soruşmuş, o isə gülərək bunun hərbi sirr sayıldığına görə cavab verə bilməyəcəyini demişdi. 

Lakin ölkə son iki ildir ki, hərbi və təhlükəsizlik xərclərini artırır və bu rəqəm büdcənin 20 faizindən çox təşkil edir. 2026-cı ilin dövlət büdcəsində müdafiə xərcləri 8 milyard manat və ya ümumi büdcənin 21%-i qədər nəzərdə tutulub. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov “Toplum TV”-yə deyib ki, Azərbaycan hərbi asılılığını azaltmaq istəyirsə, bunun üçün strategiya olmalı və şəffaflıq təmin edilməlidir.

Belə bir strategiya nə cəmiyyətə, nə də parlamentə bəllidir. Bir ‘ağ kitab’ olmalıdır və orada qeyd olunmalıdır ki, Azərbaycan növbəti 5–10 il ərzində məhz bu cür silahlar istehsal etmək istəyir. Biz bilmirik ki, proses nədən ibarətdir, necə gedir, məqsədi nədir. Məqsəd ordunu tamamilə dəyişdirmək də ola bilər, ya hər hansı biznes maraqları da ola bilər. Bu proses cəmiyyətlə kommunikasiya şəklində aparılmalıdır və ictimaiyyətin nəzarəti olmalıdır. Burada milyardlardan söhbət gedir”, - ekspert qeyd edib.

“Burada hər hansı şəffaflıqdan söhbət gedə bilməz. Beynəlxalq Korrupsiya İndeksi də bunu təsdiq edir. Silah istehsalı tenderlərini hansı özəl şirkətlərin qazanması barədə heç bir məlumat yoxdur. Bu da onu göstərir ki, silah istehsalı hakimiyyət üçün biznes məsələsidir və ‘çirkli pulları yumaq’ üçün istifadə olunacağı da istisna deyil”, -o əlavə edib.

C. Məmmədov düşünür ki, Azərbaycan uzun illərdir Türkiyə və İsraillə hərbi sahədə əməkdaşlıq etdiyinə görə, silah istehsalında da bu ölkələrlə birgə işləyə bilər.

“Lakin burada keyfiyyət məsələsi sual doğurur. Hazırda dünyada silah bazarında keyfiyyətli, NATO standartlarına uyğun silahlar dominantdır. Azərbaycanın istehsal edəcəyi silahların keyfiyyəti, bunun üçün hər hansı araşdırmanın aparılıb-aparılmadığı sual doğurur. Azərbaycan indiyə qədər hətta adi texniki avadanlıq - adicə maqnitofon istehsal edə bilməyib. Buna görə də bu sahəyə yatırılacaq vəsaitlərin qarşılığında ölkənin pul qazanacağı ilə bağlı ciddi şübhələr var”, - o bildirib.

Ekspert Azərbaycanda silah istehsalının region ölkələri ilə münasibətləri gərginləşdirəcəyini istisna edir.

“Amma Azərbaycan münasibətdə olduğu, Qoşulmama Hərəkatına üzv olan və əsasən Afrikada yerləşən ölkələrə silah satışını artıra bilər və bu, yaxşı addım deyil, çünki həmin regionda münaqişələri alovlandıra bilər”, - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo