Əli Zeynal və Ramil Babayev həbsxanadan yazır: “İstintaqın yubadılması məhbusları illərlə faktiki ciddi rejimdə saxlayır”
Toplum TV
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və Əli Zeynal cəzaçəkmə müəssisələrindəki saxlanma şəraiti barədə yazıblar.
Onlar iddia edirlər ki, istintaqın yubanması nəticəsində bəzi şəxslər cəzalarını ümumi rejimli müəssisələrdə çəkməli olduqları halda, 3-4 il qapalı təcridxana şəraitində, gəzinti və idman hüquqları məhdudlaşdırılaraq saxlanılırlar.
Yazını olduğu kimi təqdim edirik.
“Cinayət işləri üzrə hökmlər mütləq şəkildə şəxsin cəzasını ümumi və ya ciddi rejimli həbsxanada çəkməsi ilə bağlı qeyd ehtiva edir. Əgər şəxs ilk dəfə cinayət törədibsə və törətdiyi cinayət xüsusilə ağır (12 ildən artıq və ya ömürlük həbsi nəzərdə tutan) cinayət deyilsə, Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələbinə əsasən həmin şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin istintaqın yubanması nəticəsində şəxslər bəzən 3 və ya 4 ili qapalı təcridxanalarda, idman, gəzinti və s. hüquqlardan məhrum şəraitdə, faktiki olaraq ciddi rejimdə keçirirlər.
İstintaqın yubanmasının səbəbləri arasında məhkəmələrin iş yükünün çox olması səbəbindən iclasların bir neçə aydan bir təyin olunması, məhkəmələrin işi pozuntularla bağlı ibtidai istintaqa geri qaytarması, Ali Məhkəmənin işi pozuntularla bağlı apellyasiya baxışına geri qaytarması, yeni hakim təyinatı ilə bağlı məhkəmə istintaqının başdan başlaması, şahid qismində məhkəməyə çağırılan polis əməliyyat müvəkkillərinin məhkəməyə gəlməyərək prosesin aylarla uzanmasına səbəb olması və s. daxildir. Bu mənada, hakim sayının az, iş yükünün həddən artıq çox olduğu Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənzərə daha ağırdır. Hesab edirik ki, uzun illəri 8-16 kvadratmetrlik otaqlarda keçirməyin yaratdığı sağlamlıq problemləri araşdırılmalıdır. Məhbuslar bu mənada ən çox ürək-damar sistemi problemlərinin yaranmasından və uzağı görmə qabiliyyətlərinin zəifləməsindən şikayət edirlər. 3 metr uzunluğunda otaqda ürək sağlamlığının qorunması üçün labüd olan gəzinti şəraitini yaratmaq və uzaq məsafədə olan obyekti görmək isə praktiki olaraq mümkün deyil. Həmçinin hesab edirik ki, məhkəmə sistemindəki nöqsanlar nəticəsində şəxslərin hüquqlarının bu formada pozulmasının ən azından hansısa formada kompensasiyası nəzərdə tutulmalıdır.
Bu mövzuda 17 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) rejim növü ilə bağlı məsələni qeyd etməyi vacib hesab edirik. 17 saylı CÇM də ümumi rejimli həbsxanalar siyahısına daxil olsa da, bu həbsxana çox kiçik ölçülü və təcridxana quruluşunda olduğu üçün əslində ciddi rejimli həbsxana qrupunda yer almalıdır. 17 saylı CÇM-ə göndərilən və 6–7 və ya daha artıq il həbs cəzası olan şəxslər buranın yarımqapalı rejimində uzun müddət həbs cəzası çəkmək üçün münasib yer olmadığından başqa CÇM-ə köçürülmək üçün aclıq edir və bəzən də özlərinə xəsarət yetirirlər. Hesab edirik ki, bir çox cəhətdən məhkumların hüquqlarının pozulmasına səbəb olan 17 saylı CÇM-in rejim növü dəyişdirilməlidir”.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.
Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı da təmin edib. Dövlət ittihamçısının vəsatəti əsasında üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
sosial media
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”