Siyasət

Ermənistana keçən Azərbaycan vətəndaşı Bakıya təhvil verilib

26 Oktyabr, 2026
10

açıq mənbə

Ermənistan ərazisinə azaraq keçdiyi deyilən Azərbaycan vətəndaşı Yaşar Qasımov oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu barədə oktyabrın 26-da məlumat yayıb.

Məlumatına görə, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Qasımov oktyabrın 19-da Tavuş vilayətində aşkarlanıb: “Aparılan yoxlamalar nəticəsində onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib”.

Yaşar Qasımovun Azərbaycana təhvil verilməsindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan onun ölkəsinə qaytarılacağını bildirmişdi.

Paşinyan oktyabrın 22-də jurnalistlərə açıqlamasında deyib ki, Qasımov sərhədi keçdikdən sonra Ermənistan hərbçiləri tərəfindən saxlanılıb və Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

“Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə xətti yoxdur ki, onu keçmək mümkün olmasın. Hərbçilər onun onlara doğru gəldiyini görüb, saxlayaraq Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onu Respublika meydanında saxlamayıblar. Həmin şəxs sərhədi keçib və biz onu qarşı tərəfə qaytarmalıyıq”, - Paşinyan deyib.

Oktyabrın 21-də Ermənistan mediası Tavuşda sərhədi keçən azərbaycanlı çobanın saxlanılması barədə məlumat yaymışdı. Həmin vaxt MTX bu məlumatı nə təsdiqləmiş, nə də təkzib etmişdi.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da həmin gün parlamentdə çıxışı zamanı şəxsin yolunu azmış ola biləcəyini deyib. O, bu cür halların hər iki tərəfdə baş verə biləcəyini və sərhəddə bunun qarşısını tam almağın çətin olduğunu vurğulayıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti məsələ ilə bağlı rəsmi açıqlama verməmişdi. Yerli media əvvəlcə qurumun məlumatı təkzib etdiyini yazsa da, bu xəbər sonradan silinmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo