Siyasət

Həbsdə olan işçi hüquqları fəalı: "Burada əsl diktatura formalaşıb" 

18 Mart, 2026
235

Foto: sosial media

Həbsdə olan işçi hüquqları fəalı Ayxan İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitlə əlaqədar ictimaiyyətə açıq məktub yazıb. 

"Abzas Media"nın dərc etdiyi məktubda fəal müəssisədə “qorxu atmosferi” formalaşdığını, məhkumların təzyiq altında saxlanıldığını bildirir.

A.İsrafilov, xüsusilə, özünün saxlanıldığı 6-cı dəstənin yataqxanasında ("barak") məhkumların  qeyri-insani rəftara məruz qaldığını yazıb. 

"Səhər 10:00-dan sonra “barak”da işıqlar sönür, jalüzlər bağlanır. “Barak” ala-toranlığa bürünür. Bu qaranlıqda nə bir kitab oxumaq olar, nə də bir krossvord yazmaq. İslah olmaq üçün qeyri-münbit şərait. Söhbət etmək istəsən, gərək pıçıltı ilə danışasan, çünki “starşılar” (məhkumların qeyri-rəsmi başçısı - red.) yatır", - o qeyd edir. 

"İl yarımdır burada qalıram və bura heç vaxt insanın hüzur tapa biləcəyi yer olmayıb. Son 1-2 ay ərzində burada əsl diktatura formalaşıb. Qol gücünə, təhdidlər altında insanların iradəsi sındırılır”, - fəal əlavə edib. 

A.İsrafilov müəssisə rəhbərliyinin bəzi məhkumların köməyilə bu şəraiti yaratdığını deyir. 

"Rəhbərliyin hər yerdə informatorları var. İnformator özü “qoçu” ilə birləşib, bu şəraiti yaradıblar. “Ağa”nın “barak”da etdiyi özbaşınalıq ya ört-basdır olunur, ya da yuxarıya təhrif olunmuş formada çatdırılır. Başçı ilə razılaşmayanları informator rəhbərliyin əli ilə cəzalandırır. Gedib heç yerə şikayət etmək də mümkün deyil. Nəticədə şikayət etmək istəyən özü pis vəziyyətdə qalacaq. Adamlar odla su arasında qalıb”, - o bildirir. 

Onun sözlərinə görə, hazırda “barak”da qorxu hökm sürür:

“Barak qorxu atmosferinə bürünüb. Burada özümü 30-cu illərin SSRİ-sindəki kimi hiss edirəm. Heç kəsin dilinə gətirmədiyi, amma gözlərində aşkar sezilən bir qorxu var. Hər bir fərd başa düşür ki, əgər o “başçı” ilə problem yaşasa, haqlı olub-olmağından asılı olmayaraq, heç kəs ona dəstək çıxmayacaq. Bu da qorxunun durmadan dövr etməsinə və qarşılıqlı etibarın olmamasına gətirib çıxarır”.

Fəal müraciətinin şikayət deyil, xəbərdarlıq olduğunu vurğulayıb. 

“Mən heç bir diktatura ilə barışmaq niyyətində deyiləm və barışmayacam da. Əminəm ki, mənim bu barışmazlığım fiziki konfliktə səbəb olacaq. Bu, qaçılmazdır”, - o qeyd edib.

Ayxan İsrafilov 2023-cü il avqustun 13-də moto-kuryerlərin etiraz aksiyasına dəstək verdikdən sonra narkotik ittihamı ilə saxlanılmışdı.

Ötən ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.

May ayında Avropa İnsan Hüquqları Məhkəməsi A. İsrafilovun işi üzrə qərar verərək, onun azadlıq hüququnun Azərbaycan hökuməti tərəfindən pozulduğunu müəyyənləşdirib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü - sədr Afiəddin Məmmədov, eləcə də Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda müxtəlif ittihamlarla həbsdədir. Onlar ittihamların qurama olduğunu və siyasi motivlər daşıdığını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo