Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”
sosial media
Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib.
Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib.
“Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin yanında oturubmuş, ona görə görməyib”, - Zəfər Əhmədov bildirib.
Dəyanət Çələbi buna etiraz edərək, həmin polis əməkdaşının nə hadisə yerində, nə də onu aparan polis əməkdaşları arasında olduğunu deyib.
Şahid isə hadisə yerində olduğunu, hətta polis avtomobilində təqsirləndirilən şəxsə sual verdiyini iddia edib.
İclasda müdafiə tərəfi bir neçə vəsatət qaldırıb. Məhkəmədən mobil operatorların anten məlumatlarının araşdırılması, zərərçəkmiş şəxsin xəstəxanada aldığı müalicə və keçirdiyi əməliyyatlar barədə məlumatların əldə olunması, eləcə də hadisə yerindəki müşahidə kameralarının görüntülərinə baxılması istənilib.
Müdafiə tərəfi istintaq zamanı hadisə yerini, o cümlədən ofislərin və “OBA” marketin qarşısını əhatə edən müşahidə kameralarının görüntülərinin araşdırılmadığını bildirib.
Prokuror vəsatətlərə etiraz edib. O, xəstəxana ilə bağlı sənədlərin mövcud olduğunu, kamera görüntülərinin isə uzun müddət saxlanılmadığını əsas gətirərək əlavə araşdırmaya ehtiyac olmadığını deyib.
Məhkəmə vəsatətlərə sənədlərin araşdırılmasından sonra baxılmasına qərar verib.
Növbəti məhkəmə iclası noyabrın 19-u saat 16:30-a təyin edilib.
Sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınan Dəyanət Çələbi ötən il dekabrın 22-də həbs olunub.
O, həbsindən bir gün əvvəl “Facebook” hesabında bu statusu paylaşmışdı:
“Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
Məktəblinin ölümündən sonra jurnalistlərlə baş verən insidentə görə cinayət işi başlanıb
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar