Siyasət

Namizəd Səfərov zərərçəkən kimi tanınan şəxs barəsində cinayət işi başlanmasını istəyib

29 Oktyabr, 2026
47

sosial media

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas və hökumət tənqidçisi Namizəd Səfərovun cinayət işi üzrə növbəti iclas keçirilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Səfərov bir sıra vəsatətlər qaldırıb.

O, iş üzrə zərərçəkən qismində tanınan Günel Əfəndiyeva barəsində rüşvət vermə faktı üzrə cinayət işinin başlanmasını istəyib. Səfərov həmçinin Əfəndiyevanın və özünün telefonlarının anten dairəsinin müəyyənləşdirilməsi, eləcə də zərərçəkən şəxs qismindən tanınan şəxsin prosesdə iştirakının təmin olunması ilə bağlı vəsatət verib.

Namizəd Səfərovun digər vəsatəti isə ittiham tərəfinin təqdim etdiyi bəzi sübutların sübutlar siyahısından çıxarılması ilə bağlı olub. Hüquqşünas saxlanılarkən, eləcə də ofisində və evində aparılan axtarışların prosessual qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini iddia edib.

Hakim bildirib ki, bu məsələlərə cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Növbəti məhkəmə iclası noyabrın 19-na təyin edilib.

N.Səfərov ötən proseslərin birində zərərçəkən kimi tanınan şəxsi tanımadığını demişdi. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid qismində dindirilməsini və ofisinin yaxınlığındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəmişdi. Məhkəmə isə həmin vəsatətləri baxılmamış saxlamışdı.

İttiham aktına əsasən, Namizəd Səfərov vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin etdirəcəyini vəd edib, bu məqsədlə ondan 53 min manat alıb. İstintaqın iddiasına görə, o, vədinə əməl etməyib.

Səfərov ittihamı qəbul etmir. O, ötən ilin dekabrında həbs olunub və Cinayət Məcəlləsinin 178.3.2-ci — külli miqdarda ziyan vurmaqla dələduzluq - maddəsi ilə təqsirləndirilir.

Səfərovun həmsədri olduğu Azərbaycan Xalq Parlamenti cinayət işini “əsassız və siyasi motivli” adlandırıb.
Namizəd Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından xaric edilib. O zaman bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirmişdi. Səfərov sonrakı illərdə hakimiyyəti tənqid edən çıxışları ilə tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”

29 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib. “Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin...
Siyasət

İlham Əliyev Ankaradakı zirvə görüşündə iştirak etməyəcək

29 Oktyabr 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak etməyəcək. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. “Report”un məlumatına görə, dövlət başçısının oktyabrın 30-da Bakıda əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakı səbəbindən Türkiyəyə səfəri baş tutmayacaq. İlham Əliyevin həmin gün Bakıda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalının finalından sonra təşkil olunacaq mükafatlandırma mərasimində iştirakı nəzərdə tutulur. Prezidentin tapşırığı ilə Ceyhun Bayramov zirvə görüşündə, eləcə də onun çərçivəsində keçiriləcək digər tədbirlərdə Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək. TDT-nin 13-cü Zirvə Görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək. Ərdoğan oktyabrın 21-də Əliyevə zəng edərək...

Seçilmiş Videolar

Toplum TV loqo