Siyasət

İran münaqişəsi və qalxan neft qiymətləri: Azərbaycan nə qədər irəli düşür?

13 Mart, 2026
377

Foto/kollaj: Toplum TV

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra dünya bazarlarında neftin qiyməti kəskin artıb.

Bakı vaxtı ilə martın 9-da saat 06:30 radələrində “Brent” markalı neftin bir barelinin qiyməti təxminən 120 ABŞ dollarına yaxınlaşıb. Daha sonra “Böyük Yeddilik” (G7) ölkələrinin strateji ehtiyatlardakı neftdən istifadə edə biləcəyi barədə xəbərlər yayıldıqdan sonra qiymət 100 dollardan aşağı enib.

Lakin martın 13-nə olan məlumata görə, “Brent” markalı neft yenidən bahalaşaraq bir barel üçün 100,48 ABŞ dollarına çatıb.

Sonuncu dəfə 2022-ci ilin martında Rusiyanın Ukraynada işğala başlaması fonunda neftin qiyməti 100 dolları keçmiş və həmin ilin iyulun 19-a qədər 100 dollardan üstün səviyyədə qalmışdı. 

Beynəlxalq Enerji Agentliyi martın 12-də Yaxın Şərqdə davam edən münaqişənin tarixdə neft təchizatında “ən böyük əngəl”i yaratdığını açıqlayıb. 

Agentliyin son aylıq hesabatında bildirilir ki, Fars körfəzi ölkələri münaqişə nəticəsində ümumi neft hasilatını ən azı 10 milyon barel - dünya neft tələbatının təxminən 10%-ə bərabər həcmdə azaldıblar. Gəmi nəqliyyatı sürətli şəkildə bərpa olunmadan bu itkilərin artacağı gözlənilir.

ABŞ və Britaniya da daxil olmaqla agentliyə üzv olan 32 ölkə martın 11-də fövqəladə hallar üçün nəzərdə tutulan ehtiyatlardan 400 milyon barel neftin istifadəyə buraxılmasına razılaşıb. 

Münaqişə su yolu ilə qlobal neft tədarükünün 25%-nin aparıldığı Hörmüz boğazından neft ixracının faktiki olaraq dayandırılmasına səbəb olub.

İranın yeni ali lideri Müctəba Xamenei martın 12-də dövlət televiziyasında oxunan müraciətində Hörmüz boğazından keçməklə ABŞ və İsrailə neft daşıyan gəmilərin hədəf alınmağa davam ediləcəyini deyib. 

Enerji məsələləri üzrə mütəxəssis Rauf Məmmədov “Toplum TV”-yə deyir ki, hərbi əməliyyatlar dünyanın neft ehtiyatlarının əhəmiyyətli hissəsinin yerləşdiyi bölgədə baş verdiyi üçün regiondakı gərginliyin neft qiymətlərinə təsiri qaçılmazdır.

“Neft bazarları qlobal xarakter daşıyır və bazardakı qiymətlərə tələb–təklif balansı birbaşa təsir edir. Təklif nöqteyi-nəzərindən qiymətlərə birbaşa təsir edən əsas amillər də Hörmüz boğazından gəmilərin keçməsinə maneələrin yaradılması və region ölkələrinin (Səudiyyə Ərəbistanı, Küveyt, İraq) hasilatının məhdudlaşdırılmasıdır. İkinci isə öz növbəsində iki səbəbdən baş verə bilər: ixrac imkanlarının məhdudlaşdırılması və hasilat infrastrukturuna hücum təhdidlərinin mövcudluğu. Bu təhlükələr davam etdiyi təqdirdə neft qiymətlərində artımın müşahidə olunması ehtimalı yüksək olaraq qalacaq”, - o qeyd edib. 

R.Məmmədov düşünür ki, neft qiymətlərinin artması İranın strategiyasının bir hissəsi hesab oluna bilər. 

“Çünki belə olduğu halda ABŞ-də benzin və dizel qiymətləri yüksəlir. ABŞ-nin neft idxalından asılı olan tərəfdaşlarının, xüsusilə Yaponiya və Cənubi Koreyanın iqtisadiyyatları bu qiymət artımından zərər görür. Bu isə öz növbəsində ABŞ administrasiyası üzərində siyasi və iqtisadi təzyiqi artırır”, - o əlavə edib. 

Münaqişənin davam etməsi ilə dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti də bahalaşıb. Martın 13-ə olan məlumata görə, Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günə nisbətən 10,15 dollar artaraq 105,58 dollar olub. 

Azərbaycanın builki dövlət büdcəsi hazırlanarkən isə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 dollardan hesablanıb.

Daha öncə “Toplum TV”-yə danışan iqtisadçılar Azərbaycan hökumətinin neftin qiymətinin azalmasına hazırlaşdığını, buna görə də dövlət büdcəsini gəlirlərlə doldurmaq üçün müxtəlif növ cərimə və rüsumların qüvvəyə mindiyini deyirdi. 

Martın 12-də XIII Qlobal Bakı Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev artan neft qiymətinin ölkəsi üçün faydalı olduğu barədə şərhləri təkzib edib. 

“Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar”, - o deyib.  

İqtisadçı, Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi Zöhrab İsmayıl düşünür ki, neft qiymətlərinin artması hökumət üçün “əlavə imkanlar yaradır, lakin bunun nə qədər davam edəcəyini zaman göstərəcək.”

“ABŞ, Çin, Yaponiya, əksər Avropa ölkələri kimi neft idxal edən ölkələrə qiymətin artması sərf etmir. Neft ixrac edən Fars körfəzi ölkələrinə də müharibə sərf etmir, çünki hasilatı dayandırmaq məcburiyyətində qalırlar. Ona görə ölkələr əvvəl-axır münaqişənin dayandırılması haqqında düşünməli olacaqlar. Əgər qiymət artımı 1 həftə-10 gün davam etmiş olsa, bu, Azərbaycan üçün böyük gəlirlər sayılmaz. Lakin aylarla davam etsə, təbii ki, hökumət büdcədə nəzərdə tutduğundan qat-qat artıqlaması ilə gəlir əldə edəcək”, - o qeyd edib. 

Z.İsmayıl prezidentin açıqlamasına cavab olaraq deyib ki, burada nəzəri cəhətdən həqiqət var, lakin bunu Azərbaycana aid etmək olmaz. 

“Əvvəllər də neftin bahalaşdığı dövrlərdə Azərbaycan hökuməti ilin ortasında büdcəyə yenidən nəzər yetirirdi və bəzi xərcləri əsaslandırılmamış şəkildə artırırdı. Nazir-oliqarxların maraqlarını təmin etmək üçün böyük pullar ayrılırdı. Nəticədə Azərbaycan əldə etdiyi neft gəlirlərinin böyük hissəsini israf etdi. Elə olmasaydı, indi Neft Fondunun aktivləri 70-80 milyard yox, 200 milyard ola bilərdi”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib.  Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır".  Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub.  Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan...
Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...

Seçilmiş Videolar

Toplum TV loqo