Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul, 2025
161

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir. 

Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib. 

Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib. 

Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb. 

AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə gətirib. Əlavə olaraq, ötən ilin oktyabrında Avropa Parlamenti Aİ-ni Azərbaycandan qaz alışını dayandırmağa çağırıb. 

Bunlara cavab olaraq, Əliyev də Aİ-ni çıxışlarında davamlı olaraq tənqid edib, onları Azərbaycanın daxili işlərinə qarışmaqda, həmçinin Ermənistana maliyyə ayıraraq Azərbaycana qarşı yeni müharibəyə hazırlamaqda ittiham edib. 

AK-nin yeni rəhbərliyi ötən il dekabrından 1-dən fəaliyyətə başlayıb. Komissiyanın vitse-prezidenti, habelə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini daşıyan Kaya Kallas aprelin 25-də Bakıya səfər edib. 

Onun Əliyevlə görüşünün pres-rilizində insan hüquqları məsələsinə toxunulduğu qeyd olunmayıb, əsasən enerji məsələləri üzrə əməkdaşlıq, habelə Cənubi Qafqazda sülh və sabitlik müzakirə olunduğu bildirilib. 

Lakin Kallas may ayında verdiyi bəyanatda görüşdə insan hüquqları məsələsini də qaldırdığını bəyan edib. 

“Hüququn aliliyi və insan hüquqları Aİ üçün Azərbaycanla ikitərəfli münasibətlərin əsasını təşkil edən prioritetlərdən biri olaraq qalır. Aİ müstəqil jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin artması ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Aİ Azərbaycan hakimiyyətini öz fəaliyyətlərini daxili və beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun şəkildə həyata keçirməyə çağırıb. Bu kontekstdə Aİ fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilmiş bütün şəxslərin azad olunmasını davamlı şəkildə tələb edib. Bu çağırışlar ictimai və ikitərəfli formatda, bütün səviyyələrdə, o cümlədən 25 aprel 2025-ci il tarixində Azərbaycana etdiyim səfər zamanı da səsləndirilib”, - o bildirib. 

Aİ üçün Azərbaycandakı həbslərlə bağlı verilən cavablar ən yaxşı halda narahatlığın ifadə edilməsindən o tərəfə keçməyib. 

Müqayisə üçün, qurum ittifaqa üzvlüyə namizəd ölkə olan, lakin son vaxtlar siyasi həbslərin baş verdiyi və vətəndaş cəmiyyətini hədəfə alan qanunların qüvvəyə mindiyi Gürcüstanla bağlı sərt addımlar atıb. Diplomatik pasport daşıyıclarının Şengen ölkələrinə vizasız girişi ləğv olunub, bəzi rəsmi şəxslərə sanksiyalar tətbiq olunub və hazırda bütün ölkə vətəndaşlarına vizasız girişin ləğv edilməsi müzakirə olunur. 

Müşahidəçilər düşünür ki, Aİ-nin Azərbaycanla bağlı oxşar addımlar atmamasının səbəbi Azərbaycan qazına olan ehtiyacıdır. 

AK Prezidenti Ursula von der Leyen 2022-ci ildə Azərbaycana gələrək Əliyevlə enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Aİ ölkələrinə qaz ixracını iki dəfədən çox artırmalıdır. 

Hazırda Azərbaycan 8 Aİ ölkəsinə qaz ixrac edir. Əliyev iyulun 19-dakı çıxışında bildirib ki, əlavə ölkələr də qaz alışında maraqlıdırlar və bu təkliflər dəyərləndirilir. 

Tarixçi Altay Göyüşov Toplum TV-yə deyir ki, Avropa bu məsələdə “maraqları ilə dəyərləri arasında bir ziddiyyət mərhələsindədir”. 

“Həm ideoloji nöqteyi-nəzərdən siyasi qüvvələr, həm də birliyə daxil olan dövlətlər arasında ciddi parçalanma var. Bunlar arasında balans yaratmaq isə, Əliyevin özünü aqressiv aparması fonunda olduqca çətindir. Ona görə, bir şey aydındır ki, Azərbaycanda repressiyalar davam etdikcə, həbsxanalar günahsızlarla dolu qaldıqca, münasibətlər heç vaxt etibarlı olmayacaq”, - o qeyd edib. 

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov isə düşünür ki, Əliyevin Aİ-yə tənqidləri “münasibətlərin həqiqi şəkildə pozulması deyil, hesablanmış bir performansdır”. 

“Aİ, Bakının ritorik təxribatlarına baxmayaraq, Azərbaycanı hələ də strateji enerji tərəfdaşı və Orta Dəhliz planları üçün əsas tranzit mərkəzi kimi qəbul edir. Aİ-nin rəhbərləri, xüsusilə Ursula von der Leyen və Kaya Kallas Azərbaycanı “etibarlı qaz təchizatçısı” kimi təqdim etsələr də, Azərbaycanın Aİ-nin ümumi qaz tələbatına verdiyi töhfə təxminən cəmi 3%-dir və bunun bir hissəsi yenidən etiketlənmiş Rusiya qazıdır. Orta Dəhliz ambisiyaları baxımından Brüssel Azərbaycanı Mərkəzi Asiya və Çinlə ticarətdə Rusiyadan yan keçmək üçün həyati əhəmiyyətli hesab edir. Lakin bu marşrut üçün Ermənistanla sülh əsas şərtdir”, - o, Toplum TV-yə bildirib. 

Mamedov da Aİ-nin Azərbaycan hakimiyyətinin xeyrinə “ikili standartlar” tətbiq etdiyini deyir. 

“Saxta xəyanət ittihamları ilə Bəhruz Səmədova verilmiş 15 illik həbs cəzasına zəif reaksiya verilir, halbuki Gürcüstana daha yüngül hadisələrə görə sərt sanksiyalar tətbiq olunub. Bu, göstərir ki, Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini bəyan etdiyi dəyərlərdən üstün tutur”, - o qeyd edir.

Mamedovun fikrincə, iqtisadi əməkdaşlıq fonunda Əliyevin tənqidləri 3 əsas hədəfə söykənir. “Birincisi - daxili auditoriyaya mesaj: Qərbə qarşı dayandığını göstərir, eyni zamanda enerji razılaşmalarını qoruyur. İkincisi - geosiyasi mövqe: Azərbaycanı Aİ ilə danışıqlarda tabe olan yox, bərabər tərəf kimi təqdim etmək istəyir. Üçüncüsü - Aİ-nin qırmızı xətlərini yoxlamaq: Əliyev Brüsseli hansı həddə qədər sıxa biləcəyini yoxlayır”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ və İsrail Qəzzada atəşkəs üçün danışıqlardan geri çəkiliblər

25 İyul 2025

Foto: Getty Images

ABŞ və İsrail Qəzza zolağında ərzaq böhranı və aclığın davam etdiyi vaxtda atəşkəs üçün danışıqlardan geri çəkilib.  ABŞ-nin Qətərin paytaxtı Dohada HƏMAS qruplaşması ilə danışıqlar aparan diplomat qrupunu geri çağırmasını prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff iyulun 24-də “X” səhifəsində xəbər verib.  Vitkoff bildirib ki, HƏMAS-ın danışıqlarda son cavabı “atəşkəsə nail olmaq istəyi olmadığını açıq şəkildə göstərib”. O əlavə edib ki, əvəzində ABŞ HƏMAS girovluğunda olan israillilərin “evlərinə qayıtması və Qəzza xalqı üçün daha sabit bir mühitin yaradılması üçün alternativ variantları nəzərdən keçirəcək”. Vitkoff bu alternativlər barədə ətraflı məlumat verməyib. Bunun ardınca İsrail də danışıqlar aparan...
Siyasət

Bakı Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib

25 İyul 2025

Foto: president.az

Azərbaycan Özbəkistan prezidentinin ünvanına təhqir və ya böhtan (Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü bəndi) işi üzrə axtarışda olan 43 yaşlı Amonbek Yusupovu Daşkəndə ekstradisiya edib.  Bu barədə iyulun 25-də Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb. Yusupov 2025-ci ilin aprelində həbs edilib.  Prokurorluq bildirilib ki, Özbəkistan vətəndaşı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyaya uyğun olaraq ekstradisiya edilib. "O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan səlahiyyətli orqanına təhvil verilib", - məlumatda deyilir. 2021-ci ilin martında Özbəkistan Cinayət Məcəlləsinin 158-ci maddəsinə prezidentə qarşı açıq təhqir və ya böhtana görə məsuliyyət müəyyən edən bənd əlavə edilib....

Seçilmiş Videolar

Toplum TV loqo