“Dünənki müharibə təhrikçiləri bu gün “sülh qurucuları” kimi Ermənistana səfər edir..."
Foto: sosial media
Oktyabrın 22-də Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin Yerevana səfəri baş tutdu.
İki ölkə arasında vasitəçisiz təşkil edilməsi baxımından bir ilk olduğu deyilən səfər həm Ermənistanda, həm Azərbaycanda maraqla qarşılandı.
Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova yer alıb.
Səfər çərçivəsində onlar Ermənistandan olan həmkarları ilə, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.
Ermənistandan olan heyətin tərkibində Demokratiyanın İnkişafı Fondunun rəhbəri Naira Sultanyan, Təhlükəsizlik Siyasəti üzrə Araşdırma Mərkəzinin təsisçisi Areq Koçinyan və Yerevan Media Klubunun fəxri prezidenti Boris Navasadryan yer alıb.
Azərbaycanlı heyət Bakıdan Yerevana birbaşa AZAL təyyarəsi ilə uçub.

Azərbaycanlı nümayəndə heyətindən olan şəxslər ölkəyə qayıtdıqdan sonra müsahibələrində və sosial media paylaşımlarında səfəri iki ölkə arasındakı sülh prosesində müsbət addım kimi qiymətləndiriblər.
F.Məmmədov "Facebook" səhifəsində görüşlə bağlı təəssüratlarını yazıb və Yerevan küçələrində gəzintidən fotolar paylaşıb. O, görüşü "sülh gündəliyi üçün çox vacib" adlandırıb və əlavə edib ki, "öz təşəbbüsü ilə keçirilən görüşlər əlavə məsuliyyət və sülh prosesinə impuls yaradır."

Bununla belə, nümayəndələr görüş zamanı aparılan müzakirələrin məzmunu barədə ətraflı məlumat verməyiblər.
F.Məmmədovun “BBC Azərbaycanca”ya dediyinə görə, tərəflər arasında görüşün detallarının hələlik ictimaiyyətə açıqlanmaması haqqında razılıq əldə olunub.
Onlar, həmçinin, erməni nümayəndə heyətinin də yaxın vaxtlarda Azərbaycana anaolji səfərinin planlaşdırıldığını açıqlayıblar.
Lakin, xüsusilə də Azərbaycanın hökumətyönlü mətbuatının bu səfəri iki ölkə arasında sülh prosesində vətəndaş cəmiyyətinin iştirakı kimi təqdim etməsi bəzi müşahidəçilər tərəfindən tənqid edilib.
Sosial şəbəkələrdə məsələyə münasibət bildirən bir sıra fəallar xatırladıblar ki, hazırda Azərbaycanda çoxsaylı müstəqil vətəndaş cəmiyyəti nümayəndəsi “QHT işi” çərçivəsində, sülh fəalı Bəhruz Səmədov isə dövlətə xəyanət ittihamı ilə həbsdə saxlanılır.
“Azərbaycan hökumətinin “vətəndaş cəmiyyəti nümayəndələri” adlandırdığı şəxslər, əslində, dövlət tərəfindən təsdiqlənmiş, rejimə sadiq QHT işçiləridir. Bunlar müstəqil səslər deyil, sistemin bir hissəsi olub, “vətəndaş cəmiyyəti nümayəndə heyəti” kimi çıxış etmək üçün diqqətlə seçilərək Yerevana göndəriliblər”, - ictimai fəal Vəfa Nağı “X” səhifəsində yazıb.

“Dünənki müharibə təhrikçiləri bu gün “sülh qurucuları” kimi Ermənistana səfər edir, Yerevanda erməni həmkarları ilə görüşür və özlərini barışıq vasitəçiləri kimi təqdim edirlər. Hamıya aydındır ki, Bəhruz Səmədov haqqında irəli sürülən ittihamlar - guya onun erməni xüsusi xidmət orqanları ilə əlaqələri barədə iddialar açıq-aşkar yalandır. Əsl səbəb Əliyevin başçılıq etdiyi diktatura rejiminin mahiyyətində gizlənir. Diktatorlar müstəqil fəaliyyəti qəbul edə bilməzlər. Bəhruz diktatorun icazəsi və nəzarəti olmadan real sülh quruculuğu təşəbbüslərində iştirak etdiyinə görə cəzalandırılır”, - tarixçi Altay Göyüşov “X” səhifəsində belə deyib.

Tarixçi və konfliktoloq Arif Yunus “Toplum TV”-yə açıqlamasında azərbaycanlı nümayəndə heyətinin tərkibində iştirak edənləri “kukla” adlandırıb. O deyib ki, vətəndaş cəmiyyətlərini əhatə edən, “xalq diplomatiyası” kimi tanınan proses hakimiyyətdən müstəqil şəkildə aparılmalıdır.
“Mən özüm uzun illər “xalq diplomatiyası” çərçivəsində Ermənistana getmişəm, orada müzakirələrdə iştirak etmişəm, özümlə azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri də aparmışam. Getməzdən əvvəl soruşurdular ki, biz orada özümüzü necə aparmalıyıq, nə deməliyik? Mən də deyirdim ki, Azərbaycanda nə deyirsinizsə, onu da deyin. “Xalq diplomatiyası” budur. Qarşı tərəf bilməlidir ki, bizim dərdimiz nədir. Elə adamlar olub ki, Ermənistanda sülhdən, dostluqdan danışıblar, Bakıya qayıdanda yenə müharibə ritorikasına davam ediblər”, - o qeyd edib.

A.Yunus düşünür ki, hazırkı səfərdə iştirak edənlər hökumət tərəfindən seçildiyinə və onların danışıqlarına senzura qoyulduğuna görə prosesə heç bir töhfəsi olmayacaq.
Ermənistan mətbuatı azərbaycanlı nümayəndə heyətinin tərkibində Dilarə Əfəndiyevanın yer almasını xüsusi vurğulayıb.

Mətbuat D.Əfəndiyevanın 2022-2023-cü illərdə Xankəndidən Ermənistana gedən yolu bağlayan, Azərbaycan hökumətinin təşkil etdiyi aksiyalarda iştirakına diqqət çəkib.
San-Dieqo Universitetinin professoru və “Imagine” Konflikt Transformasiyası Mərkəzinin direktoru Filip Qamağelyan “Toplum TV”-yə deyib ki, D.Əfəndiyeva kimi fiqurların səfər proqramına daxil edilməsi “əks-təsir göstərdi və Ermənistanda münasibətlərin normallaşması tərəfdarlarının da etibarına zərbə vurdu.”
“Gələcək görüşlərdə iştirakçıların daha düşünülmüş şəkildə seçilməsi gərginliyin artmasına deyil, etimadın qurulmasına kömək edərdi”, - o qeyd edib.
A.Yunusdan fərqli olaraq, F.Qamağelyan bu kimi görüşlərin prosesə təsiri haqda nisbətən optimistdir.
“Təəssüf ki, onilliklər boyu aparılan beynəlxalq vasitəçilik və vətəndaş cəmiyyəti təşəbbüsləri münaqişəni həll etməyə müvəffəq olmadı. Həm 1990-cı illərdə, həm də 2020-ci illərdə əsas dəyişikliklər danışıqlar yolu ilə deyil, müharibə və zorakılıq nəticəsində baş verdi, bu iki dövr arasında isə çox az irəliləyiş əldə olundu. Bu şəraitdə, dövlət səviyyəsində birbaşa, ikitərəfli münasibətlərin aktivləşməsini və gərginlikdən normallaşmaya doğru atılan addımları müsbət hal kimi görürəm. Zorakılığı davam etdirməyin də real bir alternativ olduğunu nəzərə alsaq, bu görüşləri kiçik hesab etmək olmaz”, - o bildirib.

Onun sözlərinə görə, hazırki dövrdə geosiyasi ab-hava artıq 1990-cı və ya 2000-ci illərdəki mühitdən fərqlidir və sülh tərəfdarları da bununla hesablaşmalıdırlar.
“Biz bu gün demokratik geriləmə dövründə yaşayırıq və Qərbin bir vaxtlar təşviq etdiyi liberal “sülhyaratma” modeli həm legitimliyini, həm də praktiki imkanlarını itirib. Bu modelə bağlı ənənəvi vətəndaş cəmiyyəti mübadiləsi formaları da artıq eyni şəkildə işləmək qabiliyyətinə malik deyil. Müasir dövrdə ideal hesab oluna biləcək yanaşma “hibrid sülhyaratma” adlana bilər. Bu model rəsmi və yarı-rəsmi diplomatiya və iqtisadi əməkdaşlığı icmalar arasında dialoq, reabilitasiya və sosial birliyi təşviq edən vətəndaş cəmiyyəti səyləri ilə birləşdirir”, - F.Qamağelyan vurğulayıb.
“Bu baxımdan, Yerevanda hökumətə yaxın analitiklərin iştirakı ilə keçirilən son görüş rəsmi normallaşma məntiqinə uyğun gəlir və müsbət addım kimi qiymətləndirilə bilər. Hazırda yalnız hökumət tərəfindən səlahiyyət verilmiş şəxslər hər iki ölkə arasında təhlükəsiz şəkildə səyahət edə bilirlər və bu, uzun illərdir belədir. Mən bu cür görüşləri ümumilikdə müsbət qiymətləndirirəm və onları normal sərhədyanı qarşılıqlı əlaqələrin bərpasına doğru erkən addımlar kimi görürəm. Ümid edirəm ki, bu proses tədricən adi vətəndaşlara da şamil olunacaq”, - o əlavə edib.
Buna baxmayaraq, konfliktoloq düşünür ki, münasibətlərin normallaşması üçün səylər bu tip təşəbbüslərlə məhdudlaşmamalıdır.
“Eyni zamanda, hibrid yanaşma əlaqələrin yalnız rəsmi və yarı-rəsmi səviyyələrlə məhdudlaşmamasını tələb edir. Mən son görüşü məhz ikinci kateqoriyaya aid edərdim. Hətta rəsmi səviyyədə normallaşma irəliləsə belə, dayanıqlı barışıq üçün daha geniş ictimai iştirak vacibdir: təhsil işçiləri, humanitar təşkilatlar, icma liderləri, yerli özünüidarə orqanları, psixososial dəstək mütəxəssisləri və kiçik bizneslərin iştirakı ilə. Cəmiyyətlərarası münasibətlərin dərin transformasiyası olmadan sülh kövrək qalacaq”, - o bildirib.
Qamağelyanın təsis etdiyi “Imagine” mərkəzi 2007-ci ildən bəri azərbaycanlılar və ermənilər də daxil olmaqla münaqişədə olan müxtəlif etnik qrupların nümayəndələri arasında dialoq tədbirləri təşkil edir. Lakin son bir neçə ildə həm Qərb ölkələrindən dəstəyin azalması, həm də bu cür tədbir iştirakçılarının üzləşə biləcəyi risklərlə bağlı təşəbbüslərə fasilə verilib.
“Mən insanlar arasında təmasların qəti tərəfdarı olaraq qalıram, lakin onun məhdudiyyətlərini də anlayıram. Bu təşəbbüslər qarşı tərəfi insaniləşdirməyə və stereotipləri sarsıtmağa kömək edə bilər, amma onların daha geniş münaqişə dinamikasına təsiri həmişə məhdud olub. Buna görə də inanıram ki, yalnız iştirakçılar üçün risklərin mümkün faydaları üstələmədiyi hallarda dialoqlar aparılmalıdır”, - o qeyd edib.
F.Qamağelyan bildirir ki, yaxın keçmişdə dialoq layihələri açıq şəkildə təşviq edilməsə də, hökumətlər tərəfindən müəyyən qədər tolerant yanaşılırdı. Lakin son illərdə həm Azərbaycanda, həm Rusiyada, həm də Gürcüstanda vətəndaş cəmiyyəti üçün “məkanın kəskin şəkildə daralması Qərbin bu cür təşəbbüslərə dəstəyini də azaldıb”.
“Nəticədə, sərhədlərarası fəaliyyətlə məşğul olanlar üçün şəxsi risklər kəskin şəkildə artıb, bu səylərin ümumi təsiri isə azalıb. Bunu nəzərə alaraq, mən prinsip etibarilə barışığın və cəmiyyətlərarası əlaqələrin tərəfdarı olaraq qalıram, lakin təhlükəsizlik birinci yerdə dayanmalıdır. Yalnız iştirakçıları risk altına qoymayan təşəbbüslər həyata keçirilməlidir. Təəssüf ki, belə təhlükəsiz imkanların sayı getdikcə azalır”, - o söyləyib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: #
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq"
Foto: Reuters
Foto: açıq mənbə
Bəylər Eyyubovun qardaşı oğlu həbs olunub
"Toplum TV işi": Hakim Azər Tağıyevin prosesdən uzaqlaşdırılması istənib
ABŞ-də 37 yaşlı qadın miqrasiya polisi tərəfindən güllələnərək öldürülüb
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
Azərbaycan quru sərhədlərini niyə açmır?