Siyasət

“Moskva yaranmış vəziyyətdən “qalib” çıxmaq üçün ən ağlasığımaz təxribatlara əl atacaq”

2 İyul, 2025
645

Foto: Kreml.ru

“İlham Əliyev artıq Putinin hegemon və tərbiyəedici mövqeyini qəbul etmir”

Azərbaycanla Rusiya arasında iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik qızışmağa davam edir. 

Ötən müddətdə ölkələr bir-birinin səfirlərini çağırıb nota veriblər. Azərbaycanda “Sputnik” saytının əməkdaşlarına cinayət işi açılıb, 2-si həbs olunub.

Həm Azərbaycanda, həm Rusiyada zorakı həbslər davam edib. 

Azərbaycanda iyulun 1-də 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti  dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.

Yekaterinburqda baş vermiş hadisə ilə bağlı isə Rusiyanın izahatının həlak olmuş azərbaycanlıların üzərində olan “kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib”. 

“Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb”, - bəyanatda deyilir. 

Görüşdə, həmçinin, ötən ilin dekabrın 25-də baş vermiş AZAL təyyarəsinin qəzası məsələsi də qaldırılıb. 

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib. Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb”, - bəyanatda qeyd olunub. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə iyulun 2-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya Azərbaycanı ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır. 

Siyasi şərhçi Alya Yaqublu Zaxarovanın açıqlamasını Bakıya xəbərdarlıq kimi şərh edir. O düşünür ki, Rusiya və Azərbaycan arasında gərginlik hələ bir müddət davam edəcək. 

“Zaxarova deyib ki, Rusiya və Azərbaycan xalqlarının dostluğunu korlamaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.

İndiki situasiyada məlum "dostluğu", yəni siyasi münasibətləri pisləşdirən hər hansı üçüncü tərəf olmadığı üçün bu üstüörtülü təhdid ilk növbədə Azərbaycan hakimiyyətinə ünvanlanıb”, - Yaqublu Toplum TV-yə deyir. 

Bəs vəziyyət bütün Rusiya boyu həbslərə, azərbaycanlıların bu ölkədən kütləvi deportasiyasına və hətta Azərbaycan daxilində təxribatlar törədilməsinə gətirib çıxara bilərmi? 

Alya Yaqublu düşünür ki, bu sualın cavabı İlham Əliyevin Putinin vəziyyəti qəlizləşdirməməklə bağlı mesajını ciddi qəbul edib-etməyəcəyindən asılıdır. 

“Əgər Səfərov qardaşlarının vəhşicəsinə öldürülməsinə Azərbaycan hakimiyyətinin reaksiyası onun qəzəbini az da olsa soyuda bilibsə, qarşıdakı aylarda bizi yalnız "soyuq müharibə" gözləyir - daha doğrusu - bu müharibənin davamı. Əliyev Rusiyadan uzaqlaşmağın daha təhlükəsiz, daha adekvat üsullarına üstünlük verməyi seçsə, həm ölkə, həm də xalq olaraq Rusiya adlı bəladan daha az ziyanla qurtula bilərik”, - o qeyd edib. 

Siyasi şərhçi Ərəstun Oruclu isə Rusiyanın Azərbaycan daxilində təxribatlara əl atacağını istisna etmir. 

"Bu gün Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın heç bir çərçivəsi yoxdur və o, istənilən miqyasda cinayət törətməyə hazır və qadirdir, o cümlədən də Azərbaycanda və təkcə azərbaycanlılara qarşı yox. Moskva Azərbaycanla Rusiya arasında yaranmış mövcud vəziyyətdən "qalib" çıxmaq üçün hər şeyə əl atacaq, o cümlədən də Azərbaycan ərazisində ən ağlasığmaz təxribatlara. Bəlkə də etnik zəmində və həm də elə Azərbaycanda yaşayan ruslara qarşı”, - Oruclu “Facebook” səhifəsində yazıb. 

Ekspertlər gərginliyin qızışmasının səbəbini Azərbaycanın Rusiyanı artıq hegemon dövlət kimi görmək istəməməsində görürlər. 

“Bu böhran postsovet məkanında mərkəz–periferiya münasibətlərinin əvvəlki kimi işləmədiyinin bariz nümunəsidir. İlham Əliyev artıq Putinin himayəkar, hegemon və tərbiyəedici mövqeyini qəbul etmir. Hesab edir ki, onun özü də, ən azı regionun lider şəxsiyyətidir və heç kim onunla yuxarıdan aşağıya danışa bilməz. Xüsusilə də Putin onunla şaquli  münasibət vərdişini dəyişməlidir”, - siyasi şərhçi və III Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah “Facebook”da yazır. 

O hesab eir ki, “Sputnik Azərbaycan”ın bağlanması Bakının Moskvanın informasiya və təsir infrastrukturunu dayandıra bildiyini göstərir. 

“Kreml artıq post-sovet coğrafiyasında hərbi müdaxilənin xaricində effektiv təsir gücünə sahib deyil. Əlbəttə, bu, sadəcə reaksiya deyil – yeni dövrün başlanğıcıdır. Ancaq bu  qarşıdurmadan Putin-Əliyev avtoritar maraqlarının sarsıdıcı zədə alacağını düşünmək sadəlövhlükdür. Sadəcə olaraq İlham Əliyev düşünür ki, yaxın dövr üçün onu Qərbdən gələcək hansısa ardıcıl təzyiqlər gözləmir. Əksinə, Qərb onun lider kultunu legitimləşdirməsinə dəstək olur. Bu şərtlər altında Putinlə də münasibətləri mərkəz-preferiya müstəvisindən iki güclü lider müstəvisinə daşımağa çalışır”, - E.Fəttah əlavə edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq" 

22 Yanvar 2026

Foto: Reuters

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qəzza Sülh Şurasında daimi üzvlük əldə etmək üçün ABŞ-dəki dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar ödəniş etməyə hazırdır.  O, yanvarın 21-də Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib ki, Xarici İşlər Nazirliyinə "şuraya qoşulmaqla bağlı təklifi araşdırmağı və Rusiyanın mövqeyini tərəfdaşları ilə uzlaşdırmağı" tapşırıb. Putinin sözlərinə görə, "Fələstin xalqı ilə Rusiyanın xüsusi əlaqələrini nəzərə alaraq, hətta şuraya qoşulmadan belə" sözügedən məbləği şuraya ianə etməyə hazırdır.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, ABŞ prezidenti Donald Trampın administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında...
Siyasət

Əliyev: “Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”

20 Yanvar 2026

Foto: açıq mənbə

“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib. İ.Əliyev qeyd edib ki, əvvəllər reaksiya verilirdi: "Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik". İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı "təcavüzkar mövqedə" olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır: "Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı....

Seçilmiş Videolar

Toplum TV loqo