Siyasət

Orban getdi: növbə kimindir?

13 Aprel, 2026
247

Foto: AFP

Avropa və dünya siyasətində Viktor Orban dönəmi sona çatdı. Macar xalqı 12 aprel parlament seçkilərində 16 illik avtoritar idarəçiliyə son qoyaraq ölkə tarixində yeni bir səhifə açdı. Macarıstan seçkiləri yerli əhəmiyyətli olmaqdan çıxaraq regional, hətta qlobal miqyaslı siyasi hadisəyə çevrilmişdi. Əslində bu, bir paradoks kimi görünür, çünki Macarıstan 10 milyona yaxın əhalisi olan kiçik bir Mərkəzi Avropa ölkəsidir. Dənizə çıxışının olmaması da onun geostrateji önəmini azaldan amillərdən biridir. Buna baxmayaraq, Macarıstan ətraf ölkələrdən (Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya, Avstriya) fərqlənirdi və son illər qlobal geosiyasətdə özünəməxsus rola, ağırlığa malik oyunçu idi.

Orban faktoru

Şübhəsiz ki, dünya siyasətində Macarıstan faktorunun ortaya çıxması Viktor Orbanın sayəsində mümkün olub. O, idarə etdiyi dövlətin gücü, imkanları və potensialı ilə uyğunluq təşkil etməyən iddia ortaya qoyaraq çox fəal siyasət aparırdı. Amma Orban ciddi uğur kimi görünən bu statusa Macarıstanın iqtisadi tərəqqisi, əhalinin rifah səviyyəsinin Qərbi Avropa standartlarına çatdırılması, ölkənin örnək Avropa demokratiyalarından birinə çevrilməsi ilə deyil, tam əksinə, neqativ siyasətlə nail olub. O, Avropa Birliyinin bütövlüyünə, həmrəyliyinə, xarici təhdidlər qarşısında konsolidasiyasına ciddi zərər vuran destruktiv fəaliyyətlə məşğul idi.

1989-cu ildə liberal-demokratik dəyərləri müdafiə edən gənc lider kimi siyasətə qoşulan Orbanın zaman keçdikcə, xüsusən hakimiyyətə gəldikdən sonra, mövqeyini dəyişərək qatı mühafizəkarlıq və populist millətçilik xəttinə yönəldiyi məlumdur. 2014-cü ildə baş nazir olduqdan sonra o, Macarıstanda “qeyri-liberal demokratiya”nın qurulduğunu elan edib, halbuki ölkənin üzv olduğu və faydalandığı Avropa Birliyi liberal dəyərlərə söykənən ittifaqdır. Ukraynada müharibə başladıqdan sonra Macarıstan AB-nin xəttindən uzaqlaşmaqla kifayətlənməyərək ittifaqı içəridən zəiflədən, onun qərarlarına ardıcıl veto qoyan, Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımları əngəlləməyə çalışan dağıdıcı güc qismində çıxış edib. Avropa Birliyi işğalçı Rusiya ilə əlaqələri məhdudlaşdıran, enerji sahəsində bu ölkədən asılılığı azaldan strategiya seçdiyi halda, Macarıstan rəhbərliyi tam əksinə, Rusiya ilə daha da yaxınlaşaraq Putinin “Troya atı”na çevrilmişdi.

Seçki kampaniyası dövründə baş nazir Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə, xarici işlər naziri Peter Siyartonun isə rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqlarının audioyazısı və stenoqramlarının mediaya sızdırılması Macarıstan hökumətinin Rusiya ilə nəinki şübhəli yaxınlığını, hətta onların Moskvanın informatoru, casusu kimi fəaliyyət göstərdiklərini də ortaya qoydu. Orbanın Putinlə söhbətində özünü “Ezopun məşhur təmsilindəki siçan rolunda gördüyünü” söyləməsi xüsusilə təəccüblü idi. Siyarto isə Lavrova xitabən “mən həmişə sizin xidmətinizdəyəm”, deyib.

Dünyanın ən böyük nüvə dövlətlərinin rəhbərləri - Putin və Trampla şəxsi dostluq münasibətləri şübhəsiz ki, Orbanın statusunu yüksəltmişdi. Onlara güvənərək liberal dəyərlərə və Avropa Birliyinin rəhbərliyinə meydan oxuyan V. Orban şərti olaraq “beynəlxalq avtoritar koalisiya” adlandıra bilinən qütbün, bir növ, koordinatoru missiyasını yerinə yetirirdi. O, təkcə keçmiş sosialist düşərgəsinə aid olmuş Şərqi və Mərkəzi Avropa ölkələrindəki ifrat sağçı qüvvələr və liderlər üçün deyil, həm də Qərbi Avropa radikal sağı üçün də rol model idi. Təsadüfi deyil ki, həmin radikal sağçı liderlərdən bəziləri (Marin Le Pen, Gert Vilders, Matteo Salvini və s.) seçki ərəfəsində Budapeştə səfər edərək Orbana açıq dəstək verdilər. ABŞ vitse-prezidenti Cey Di Vensin səfəri də bu qəbildən idi.

Macarıstanın qlobal geosiyasətdə öz real çəkisindən daha artıq rol oynaya bilməsi və diqqət mərkəzinə gəlməsi məhz bu amillərlə bağlıydı. Bu səbəbdən 12 aprel seçkiləri 2 alternativ qütb - ultrasağçı avtoritar populizm və liberal demokratiyanın siyasi toqquşması idi.

Seçki kampaniyası

Hakimiyyətdəki FİDES (Fiatal Demokratak Szövetsege - Macar Vətəndaş İttifaqı) Partiyası 2026-cı il seçki kampaniyasında əvvəlkilərdən fərqli, keyfiyyətcə yeni bir seçki strategiyası ortaya qoya bilmədi, yaxud buna ehtiyac olmadığını düşündü. Partiya öz seçki kampaniyasını pozitiv gündəm və gələcəyə dair ümidverici vədlər üzərində deyil, yenə qorxular üzərində qurdu. Bu yanaşma ötən seçki kampaniyalarında hakim partiyaya uğur gətirmişdi.

Hər seçki dövründə (parlament, bələdiyyə, Avropa Parlamentinə seçkilər) Orban hökuməti xarici düşmən obrazı yaradaraq və ölkənin təhlükə qarşısında olduğunu topluma təlqin edərək seçiciləri, xüsusən təhsil səviyyəsi yüksək olmayan əyalətlərin əhalisini öz ətrafında konsolidasiya edə bilirdi. Müxtəlif dövrlərdə müsəlman miqrantlar, Corc Soros, Beynəlxalq Valyuta Fondu, LGBTQ+, Brüssel bürokratiyası “xarici düşmən” və milli-mənəvi dəyərlərə təhdid qismində xalqa təqdim edilib. Rusiyanın Ukraynaya hücumundan sonra isə müharibə amili V.Orban üçün yeni mövzuya və arqumentə çevrildi. Əgər qonşuluqda müharibə olmasaydı, FİDES 2022-ci il aprel seçkilərində bəlkə də o cür parlaq zəfər əldə etməyəcəkdi.

Orban “Macarıstanı müharibəyə cəlb etmək istəyirlər, mən buna imkan verməyəcəyəm” fikrini davamlı cəmiyyətə aşılayaraq o vaxt növbəti qələbəsini qazandı. Üzərindən 4 il keçdikdən sonra o, nədənsə eyni tezislərlə bir daha qalib gələcəyinə inandı. Seçki kampaniyası zamanı Macarıstan şəhərlərinin küçələri Ukrayna mövzusunda yazılmış və Zelenskinin təsviri olan plakatlarla, bannerlərlə dolu idi. Hakim partiyanın əsas təbliğat tezisi bu idi ki, xalq müharibə və sülh arasında seçim edəcək. “Biz qərar verməliyik ki, hökuməti kim formalaşdırmalıdır: mən, ya Zelenski? Kiyev və Brüssel artıq anlamalıdır ki, bizim uşaqlarımız Ukrayna üçün ölməyəcək və onlar Macarıstan üçün yaşayacaqlar”, - deyə Orban çıxışlarında bildirirdi. O, seçki kampaniyasının başlanğıcında Macarıstana real təhlükənin Rusiyadan deyil, Avropa Birliyindən gəldiyi haqda əcaib fikir irəli sürmüşdü.

2024-cü ildə FİDES-dən ayrılaraq TİSA (Tisztelet es Szabadsag Part - Azadlıq və Hörmət Partiyası) lideri seçilmiş Peter Madyar isə pozitiv kampaniya apararaq xalqın real problemlərini gündəmə gətirdi və həmin problemlərin həllinə dair vədlərlə çıxış etdi. O, əmək haqlarının azlığı, çətinləşən həyat şərtləri, səhiyyə, ictimai nəqliyyat sahələrindəki problemlərə və korrupsiyaya diqqəti yönəltdi. Xalqın gözündə P. Madyarın inandırıcı görünməsinin əsəs səbəblərindən biri bu idi ki, o, Orban hökumətinin avtoritarlaşması üzündən Avropa Birliyinin dondurduğu, Macarıstan üçün nəzərdə tutulan milyardlarla avro vəsaiti ölkəyə gətirəcəyini deyirdi və bu, həqiqət idi. Xalq bilirdi ki, Orban getsə, AB həmin vəsaitləri Macarıstana köçürəcək. P.Madyar ağıllı seçki strategiyası qurdu və ənənəvi olaraq hakim partiyaya səs verən mühafizəkar kənd rayonlarında ardıcıl görüşlər keçirərək əyalətlərdə Orbanın hegemoniyasını zəiflətdi. 

Nəticələr

Macarıstanda qarışıq seçki sistemi tətbiq olunur. 199 parlament üzvündən 106-sı majoritar (birmandatlı dairələr), 93-ü proporsional sistem (partiya siyahıları) üzrə seçilir. Partiya siyahıları üzrə bir partiya üçün keçid baryeri  5%, iki partiyadan ibarət blok üçün 10%, 3 və daha artıq partiyadan ibarət ittifaqlar üçün 15%-dir. Majoritar dairələrdə səsvermə bir turdan ibarətdir və ən çox səs alan namizəd seçilir.

Orban dövründə seçki sistemi birinci partiyaya əlavə üstünlük qazandıracaq şəkildə müəyyənləşdirilib. Lakin bu, son seçkidə FİDES-in əleyhinə işlədi. TİSA majoritar dairələrdə 93, proporsional sistem üzrə 45 yer qazanaraq ümumilikdə 138 mandatla üçdə iki səs çoxluğuna nail oldu. Yüksək seçici aktivliyi (80 faizə yaxın) Macarıstandakı dəyişiklik arzusunu bariz göstərir. Sosialist blokun çöküşündən sonra Macarıstan siyasətində ilk dəfədir ki, bir partiya bu qədər səs alır. TİSA parlamentdə Konstitusiyaya dəyişikliklər etmək səlahiyyəti əldə etdi. Konstitusion çoxluq yeni baş nazir Peter Magyara ölkədə sürətli dəyişikliklər həyata keçirməyə və zəruri islahatar aparmağa imkan verəcək.

Viktor Orbanın məğlubiyyəti “avtokratlar klubu”na zərbədir və demokratik Qərbdə belə ifrat sağçı-populist qüvvələrin gücləndiyi hazırkı məqamda xüsusilə önəmlidir. Bu, ümid yaradır ki, az-çox seçki demokratiyasının hələ mövcud olduğu digər ölkələrdə (məsələn, Türkiyədə) də dəyişikliyə nail olmaq və avtoritar lideri seçki yolu ilə kənarlaşdırmaq imkanları qalır...


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”

20 İyun 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik: Hakimiyyət bizim işdə iddianı üç əsas üzərində qurmuşdu. Polisin öz əli ilə ofislərə və evlərə qoyduğu pullar guya qaçaqmalçılığın sübutudur. Təqsirləndirilən şəxslərdən və şahidlərdən məcbur edilməklə alınan və həqiqəti əks etdirməyən ifadələr digər ittihamlara sübut kimi göstərildi. Sonrakı məhkəmə iclaslarında həm təqsirləndirilən şəxslər, həm də şahidlər ittihamın iddialarını alt-üst etdilər. İlkin ifadələrdə yazılanların onların öz iradələri olmadığını açıq şəkildə ortaya qoydular. Ofislərdən, evlərdən götürülən...
Siyasət

AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.  Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib. Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.  Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə...

Seçilmiş Videolar

Toplum TV loqo