Siyasət

"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"

10 İyul, 2026
55

Human Rights Watch

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında iki məhbusdan müsahibə alıb.

Hər iki məhbus ayrı-ayrılıqda "Bandotdel" kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılıblar. Onlar narkotik maddə satışında ittiham edilsələr də, şərləndiklərini və yalançı ifadəyə imza atmaq üçün işgəncəyə məruz qaldıqlarını və ya təhdid edildiklərini deyirlər.

R.Babayev məhbusların təhlükəsizliyini qorumaq üçün onlara şərti olaraq "İsa" və "Şəhriyar" adları verib.

"Dostumla birlikdə ara küçələrin birində gedirdik. Birdən mülki geyimli bir nəfər arxadan qolumdan tutdu, eyni anda küçənin kənarında dayanan maşından düşən başqa bir nəfər də digər qolumu tutdu. Kim olduqlarını bilmədiyim üçün əllərindən çıxmağa çalışırdım. 'Siz kimsiniz?' sualına 'Banditizm' cavabını verərək qarnıma 4-5 yumruq vurdular. Məni maşına mindirdikdən sonra başımı oturacağın altına doğru əydilər və uzun müddət qarın nahiyəmə yumruq zərbələri endirdilər", - saxlanma anını xatırlayan İsa deyir.

Şəhriyar isə küçədə dostunu gözləyərkən saxlanıldığını bildirib.

"Hava qarlı və şaxtalı olduğundan yer sürüşkən idi. Bu zaman arxamdan gizlicə yaxınlaşıb ayağıma elə təpik vurdular ki, ayaqlarım yerdən üzüldü. Məni sürüyərək maşına apardılar. Maşında yumruqladıqdan sonra dedilər: 'Bizə deyiblər ki, sən boksçusan, amma heç qolunda güc yoxdur.' Mən də cavab verdim: 'Mən 64 kiloyam, siz isə iki metrlik, 100 kiloluq insanlarsınız. Məndən nə gözləyirsiniz?'", - o xatırlayıb.

İsa "Bandotdel"də də işgəncənin davam etdiyini bildirib.

"Əvvəlcə məni yerə yıxdılar. Bir polis əllərimin, digəri ayaqlarımın üzərinə çıxdı. Üçüncü şəxs isə qabırğalarımın üzərində tullanırdı. Ayaqqabısının izi uzun müddət sinəmdən getmədi. İfadəni imzalamağa razı olmadığımı görəndə ikinci mərhələyə keçdilər. Məni stula bağladılar, başıma soyuq su töküb elektrik cərəyanı verdilər. Buna da dözməyə çalışdığımı görən şəxs qışqıraraq dedi: 'Zorlayın bunu!' Həmin anda məcburiyyət qarşısında qalaraq yazdıqlarını imzalamağa razı oldum", - o qeyd edib.

Şəhriyar isə işgəncə qorxusundan ona təqdim olunmuş ifadəni dərhal imzaladığını deyib.

"Mən əvvəldən 'Bandotdel'də ağır işgəncələr verildiyi barədə çox eşitmişdim. Tanışlarımdan birinin ayaq dırnaqlarını və dişlərini kəlbətinlə çıxarmışdılar. Ona görə də, idarədə dedim ki, nə yazsanız imzalayacağam, mənə işgəncə verməyin. Sonra videoçəkiliş etdilər. Çəkiliş zamanı palçıq içində olan şalvarımı soruşdular. Dedim ki, qarlı kafelin üstündə sürüşüb yıxılmışam", - o söyləyib.

R.Babayev məhbuslardan həbslərinin əsl səbəbini soruşub. İsanın sözlərinə görə, o, BMCMİ-nin nəzarətində olan qrupdakı bir nəfəri döydüyünə görə hədəf alınıb. Şəhriyar isə nə vaxtsa "cinayətkar aləm"dən bir nəfərlə şəkil çəkdirdiyinə görə həbs olunduğunu düşünür.

"Mən demirəm ki, heç nə etməmişəm. Əgər sizin adamınızı döymüşəmsə, onu çağırın, ifadəsini alsınlar, xəsarətlərini tibbi ekspertiza ilə sənədləşdirsinlər. Amma niyə mənim üzərimə narkotik satıcısı damğası vurulur? Narkotik məsələsi ailəmin qırmızı xəttidir. Atam mənə deyir ki, sənin şərləndiyini bildiyimiz üçün yanına gəlirik. Əgər narkotik istifadə etdiyinə inansaydıq, nə görüşünə gələrdik, nə də sənə sovqat göndərərdik. Ailəm mənə inanır. Bəs digər qohumlarım?", - İsa sual edib.

Onun sözlərinə görə, nəinki narkotik maddə, heç tütün məmulatları da istifadə etmir.

"Məni saxladıqdan sonra yolüstü aptekdən analiz qabı aldılar. Sonra idarədə məndən qan və sidik nümunələri götürdülər. Nümunələrlə birlikdə məni harada olduğunu bilmədiyim bir tibb müəssisəsinə apardılar. Düşündüm ki, ekspertiza təmiz çıxacaq. Amma orada BMCMİ əməkdaşı nəticələri yazan həkimə göstəriş verdi ki, analizdə metamfetamin göstərilsin. Həkim də elə yazdı", - İsa deyib.

Məhbuslar deyir ki, istintaq dövründə sərbəst buraxılmaları üçün ailə üzvlərindən külli miqdarda pul tələb olunub.

"Ailəmin şikayət ərizəsi yazmadığı dövlət qurumu qalmadı. Amma heç bir nəticəsi olmadı. İdarədə ailəmə dedilər ki, 40 min manat versəniz, buraxarıq. Bu məbləği ödəmək isə ailəmin imkanı xaricində idi", - İsa bildirib.

Şəhriyar isə ailəsindən daha yüksək məbləğdə rüşvət tələb olunduğunu iddia edir.

"Atam gedib danışdı. Ondan 70 min manat istədilər. Atam dedi ki, bu qədər pulumuz yoxdur, qonum-qonşudan borc alıb 30 min manat toplaya bilərəm. Onlar isə cavab verdilər ki, evinizi satışa çıxardığınızdan xəbərimiz var, pulu tapa bilərsiniz", - o qeyd edib.

İsa saxlanılan zaman yanında olan dostunun şahid kimi dindirilməsi üçün məhkəmədə vəsatət verib. Lakin onun sözlərinə görə, BMCMİ dostunu taparaq onu da həbs etməklə təhdid edib.

Şəhriyar da məhkəmədən ədalətli qərar gözləmədiyini deyib.

"Hakimlər də bunlardan qorxur, vəkillər də. Səriştəli vəkil tapana qədər BMCMİ adını eşidən neçə vəkil işimi götürməkdən imtina etdi. Hakimləri də, prokurorları da öz təsirləri altına salıblar. Kamera yoldaşım BMCMİ-də gördüyü işgəncələrlə bağlı prokurorluğa şikayət etmişdi. Prokurorluq xəsarətlərə baxmaq üçün dörd ay sonra gəldi. Ona görə də, heç nə gözləmirəm. Pulun varsa, azadlığını satın alırsan. Mənim isə pulum yoxdur", - o vurğulayıb.

R.Babayev bildirir ki, müsahibələri bir neçə ay əvvəl alsa da, onları yalnız indi - təqsirləndirilən şəxslərin məhkəmə prosesləri bitdikdən sonra ictimailəşdirməyə qərar verib.

Onun sözlərinə görə, bu iddialar "təkcə müsahiblərimin deyil, həbs yerlərində saxlanılan yüzlərlə insanın yaşadığı reallığın bir hissəsidir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qanuna yeni dəyişiklik: "Əxlaqsız ifadələr"ə yer verən saytlara giriş bloklanacaq

10 İyul 2026

Milli Məclis

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni dəyişikliyi qəbul edib.  Milli Məclisin iyulun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarına giriş müəyyən hallarda müvəqqəti olaraq məhdudlaşdırıla bilər.  Buraya narkotik, qumar və intiharın təbliği, pornoqrafik məzmun, əxlaqsız ifadələr, təhqir və şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi halları daxildir. Qanun layihəsinə əsasən, bu cür informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.  Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Siyasət

İqbal Əbilovun "kars"a salındığı deyilir

10 İyul 2026

Açıq mənbə

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına ("kars") salındığı bildirilir.  İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsindən “Toplum TV”-yə verilən məlumata görə, iyulun 9-da tədqiqatçının ailə üzvləri ilə görüş günü olsa da, buna icazə verilməyib.  "Valideynlər sənədləri təqdim etdikdən sonra təxminən 1 saat gözlədilərək gərginlikdə saxlanılıblar. Sonda isə heç bir əsaslı izahat verilmədən sənədlər geri verilib, gətirilən sovqat qəbul edilməyib. Yaxınlarına onun yerinin dəyişdirildiyi bildirilib və "gələn həftə gəlin" deyilərək geri qaytarılıblar. Eyni zamanda, İqbal Əbilovun vəkili Fariz Namazlıya da müvəkkili ilə görüşmək icazəsi verilməyib. Vəkilə İqbal Əbilovun cəza kamerasına ("kars"a) salındığı bildirilsə də, bunun konkret səbəbi...

Seçilmiş Videolar

Toplum TV loqo