Tofiq Yaqublu: “Müstəntiqə çoxlu sualım var, məhkəməyə gəlsin, cavablandırsın”
Əziz Kərimov
Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.
Dekabrın 29-da keçirilən məhkəmə iclasında hakim Elnur Nuriyev ikinci cildin tədqiqinin ötən məhkəmə iclasından yarımçıq qaldığını bildirib. Ancaq sonra müdafiəçilər tərəfindən verilmiş və indiyədək baxılmamış saxlanılan vəsatətlərin müzakirə olunmasını təklif edib. Ötən məhkəmə iclaslarından birində vəkillər vəsatət qaldırmışdı ki, zərərçəkmiş Elşən Hüseynovun, təqsirləndirilən Elnur Məmmədovun ötən il dekabrın 2-dən 11-dək olan müddətdə telefonlarına gələn və gedən zənglərin, həmçinin hər ikisinin telefonlarının anten əhatə məlumatları aidiyyəti qurumlardan götürülsün. Bundan başqa, müdafiə tərəfi əlavə şahid kimi dindirilmiş Kənan Baskal və Vidadi Mirkamala məxsus telefonların da ötən il dekabrın 8-nə olan anten əhatə məlumatlarının götürülməsni istəmişdi.
Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, bu vəsatətin təmin olunması şəxsi məlumatların açıqlanması deməkdir və vəsatətin təmin olunmasına qarşı çıxıb. Tofiq Yaqublu prokurorun dediklərinə əsəbiləşib. Hakim ondan səs tonuna diqqət etməsini tələb edib: “Siz burda heç kəsə "sən" deyə müraciət edə bilməzsiniz. Necə ki, biz sizə hörməsizlik etmirik, siz də bizə hörmətlə yanaşmalısız”.
Tofiq Yaqublu sual edib: “Kim? Siz mənə hörmətlə yanaşırsız? Bu prokuror məni şərləyən şəbəkənin bir üzvüdür. Vəsatətlərə qarşı çıxır. Çünki istəmir həqiqətlər ortaya çıxsın. Budur onun hörməti?”
Hakim Vidadi Mirkamal istisna olmaqla, digər şəxslərin telefon məlumatlarının götürülməsi ilə bağlı vəsatəti təmin edib.
Tofiq Yaqublunun daha bir vəsatəti müstəntiq Abdulla Cəlillinin məhkəmədə dindirilməsi ilə bağlı olub: "Təqsirləndirilən Elnur Məmmədovla zərərçəkmiş Elşən Hüseynovun votsap yazışmalarına aydınlıq gətirməlidir. Axtarış zamanı həyat yoldaşım Maya xanımın telefonlarını, evdəki vayfayın modemini aparıblar. Gəlsin desin ki, hara aparıb, niyə qaytarmır? Çoxlu sayda prosessual pozuntulara yol verib, ona aydınlıq gətirsin. Həyat yoldaşım evdə axtarışla bağlı protokolu imzalamayıb, bildirib ki, pullar evə axtarışa gələnlər tərəfindən qoyulub. Müstəntiq ora yazıb ki, Maya Yaqublu protokolu imzalamaqdan imtina etdi. Ancaq imtina etməsinin səbəbini qeyd etməyib.
Dekabrın 14-də məni dindirəndə bildirmişdi ki, guya Maya xanım evdən pul tapılmasını təsdiqləyib. Müstəntiqin bu hərəkəti qanuna zidd olub. Suallar çoxdur, gəlsin, cavablandırsın".
Sonuncu vəsatətin təmin edilməsinə prokuror da etiraz etməyib. Bu, Tofiq Yaqublunu təəccübləndirib. O, təəccübünü gizlətməyib və prokurorun ilk dəfədir onun vəsatətinə "yox" demədiyini söyləyib.
Hakimsə bildirib ki, vəsatət baxılmamış saxlanılır, sənədlərin tədqiqi başa çatandan sonra məhkəmə vəsatətə qiymət verəcək.
Təqsirləndirilən Elnur Məmmədovla zərərçəkmiş Elşən Hüseynov arasındakı votsap yazışmalarından danışan Tofiq Yaqublu bildirib ki, bu yazışmalar ittihamın saxta olduğunu sübut edir.
Hakim iş vaxtı bitdiyi üçün məhkəmə iclasını yanvarın 10-dək təxirə salıb.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ələsgər Məmmədli: “Bizi irəlidə bəlirsiz, daha çox problemlərin ortaya çıxacağı bir il gözləyir”
Açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?