Zurabişvilinin "X" hesabı
Gürcüstanda bu gün - 29 dekabr tarixinə gözlənilən siyasi dram baş vermədi. Səlahiyyət müddəti başa çatan prezident Salome Zurabişvili qarşıdurma yaratmadan prezident iqamətgahını könüllü tərk etməyə üstünlük verdi. O, iqamətgahın önünə toplaşmış vətəndaşlar qarşısındakı çıxışında legitimliyi, bayrağı və insanların etimadını da özü ilə apardığını bildirdi. Həmin dəqiqələrdə parlamentdə legitimliyi müxalifət və Qərb tərəfindən tanınmayan yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirildi - hər hansı təntənə olmadan, yalnız hakim partiya təmsilçilərinin iştirakıyla.
Zurabişvilinin qərarı bir qədər gözlənilməz oldu. Çünki daha öncə o, prezidentlik institutunun ölkədə yeganə legitim hakimiyyət olduğunu və ayın 29-dan sonra da iqamətgahda oturmağa davam edəcəyini bəyan etmişdi. İndiki məqamda qərarın doğruluğu-yanlışlığı və mübarizənin bundan sonrakı mərhələsinə mümkün təsirləri barədə birmənalı fikir söyləmək çətindir, bunu zaman göstərəcək. Yəqin ki, onu lazımi səviyyədə liderlik sərgiləyə bilməməkdə, hökumətin həbs təhdidlərindən qorxaraq geri addım atmaqda qınayanlar olacaq. İqamətgahda qalmağa davam etsə, hökumət bəlkə ilk mərhələdə onu zorakılıqla oradan çıxarmaq riskinə getməyəcəkdi, amma binanın qazı, işığı, suyu, eləcə də dünyayla rabitəsi kəsilə bilərdi.
Zurabişvili indi daha aktiv fəaliyyətə keçəcəyini, regionlara səfərlər edəcəyini; cəmiyyətin müxtəlif təbəqələriylə, o cümlədən etirazçı gənclərlə, biznes nümayəndələri və dövlət qulluqçularıyla görüşlərə başlayacağını, xarici səfərlərə gedəcəyini söyləyir. Eyni zamanda o, yaxın günlərdə siyasi böhrandan çıxış yolları və yeni parlament seçkilərinin keçrilməsilə bağlı sənəd hazırlayaraq elan edəcəyini açıqlayıb.
Beləliklə, Gürcüstan 2024-cü ili siyasi qeyri-müəyyənliklə başa vurur. Etiraz aksiyaları gələn il də davam edəcək. Lakin pat vəziyyətinin yarandığı göz önündədir: hazırkı dinc aksiyalarla nəticə əldə etməyin mümkünlüyü sual doğuran məsələdir. Əvvəlki yazılarımızda müxalifətin lider problemindən və konkret fəaliyyət planının olmamasından bəhs etmişdik. İnsanların müxalifət partiyalarının çağırışına ehtiyac duymadan, müstəqil şəkildə təşkilatlanıb küçələrə çıxması, əlbəttə ki, müsbət haldır. Lakin bu etirazları ciddiyə almayan, tələbləri dinləməyən bir hakimiyyətə qarşı fərqli strategiya və mübarizə tərzinə, bunu ortaya qoyacaq liderə və təşkilati mexanizmə ehtiyac duyulur. Müxalifət sıralarında Nika Meliya, Nika Qvaramiya, Georgi Vaşadze, Elene Xoştariya kimi cəsarətli siyasətçilər var. Lakin onların heç biri, vaxtilə Saakaşvilinin etdiyi kimi, kütlələri arxasınca apara biləcək, birləşdirici lider deyil. Bu meyarlara az-çox uyğun gələn (birləşdiricilik baxımından) yeganə siyasi fiqur 72 yaşlı Salome Zurabişvilidir. O, vəd etdiyi kimi, daha aktiv fəaliyyətə keçərsə və aydın plan ortaya qoyarsa, vəziyyəti dəyişmək üçün zəmin yarana bilər.
Təbii ki, Qərbin və ABŞ-ın mövqeyi də çox vacib amildir. Avropa İttifaqı və Amerika mövcud parlamenti və hökuməti tanımadıqlarını birmənalı şəkildə ortaya qoysalar və hökumətə qarşı ciddi sanksiyalar tətbiq etsələr, məhdud resurslara sahib Gürcü Arzusunun duruş gətirməsi çox çətin olar. Bunu Gürcü Arzusunun liderləri də anlayırlar və bütün ümidlərini Donald Trampa bağlayıblar. Onlar inanırlar ki, Tramp prezident vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanın həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərində yeni səhifə açılacaq. Bu ümidin nə dərəcədə əsaslı olduğu məlum deyil. Ola bilsin, Trampın və Gürcü Arzusunun ortaq dostu, Macarıstanın Baş naziri Viktor Orban Gürcüstan hökumətinə ABŞ-ın hansısa mesajını çatdırıb.
Məlumdur ki, Tramp bütün məsələlərə, o cümlədən xarici siyasətə biznes təfəkkürüylə yanaşır. O, münasibətləri institusional səviyyədə qurmağı, diplomatik normaları, ifrat rəsmiyyəti sevmir, idealist yanaşmalardan uzaqdır. Tramp qarşı tərəflə masaya oturub əlverişli sövdələşmələrə nail olmağı, yəni alveri xoşlayır. Dünyadakı avtoritar liderlər və hökumətlər məhz bu xüsusiyyətinə görə Trampa üstünlük verirlər. Güman etmək olar ki, İvanişvili və çevrəsi də məhz buna əsaslanaraq Trampla asanlıqla dil tapacaqlarını düşünürlər. Lakin Trampın hakimiyyətə gəlməsi o demək deyil ki, ABŞ-ın dünyadakı maraqları radikal dəyişikliyə məruz qalacaq və ölkənin xarici siyasəti bütün istiqamətlər üzrə kökündən dəyişəcək. Dəyişikliklər, şübhəsiz ki, olacaq, Trampın hadisələrə baxışı xarici siyasətə öz təsirini göstərəcək. Amma Dövlət Departamenti, Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi kimi köklü dövlət qurumları və prezidentin milli təhlükəsizlik üzrə müşaviri hər zaman olduğu kimi, xarici siyasətin formalaşdırılmasına təsir göstərməyə davam edəcəklər.
Respublikaçılar daxilindəki atmosferə nəzər saldıqda görürük ki, İvanişvili və onun hökumətinə münasibət heç də pozitiv deyil. Konqresin Helsinki Komissiyasının sədri, respublikaçı Co Uilson yeni seçki keçirilənə qədər Gürcüstanın mövcud hökumətinin ABŞ tərəfindən tanınmasını qadağan edən və Salome Zurabişvilinin yeganə qanuni lider kimi tanınmasını nəzərdə tutan qanun layihəsi hazırladığını və gələn həftə Konqresə təqdim edəcəyini bildirib. Ümumən bu qurumda hər iki partiya Gürcüstanla bağlı ortaq mövqeyə malikdir və prezident Trampın bu reallığı dəyişməsi çətin olacaq.
Hər halda, 20 yanvar 2025-ci il tarixi uzaq gələcək deyil. Trampın “Zurabişvili, yoxsa İvanişvili?” dilemmasında hansına üstünlük verəcəyi tezliklə məlum olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
CNN.com
Adi-analytics.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?